10 noyabr 2022 22:57
456

Regionda əsas söz və güc sahibi

Azərbaycanın bu statusu gücün nəyə qadir olduğunu görənlərə, sərhədimizdə Ermənistana dəstək adı altında hərbi təlim keçirənlərə, sülh sazişinin imzalanmasına, Zəngəzur dəhlizinin bərpasına mane olanlara xəbərdarlıqdır

Alınmaz qala sayılan Şuşanın Ermənistanın işğalından azad edilməsinin ikinci ildönümünün qeyd olunduğu Zəfər bayramımız, Dövlət Bayrağı Günü münasibətilə təşkil olunan tədbirlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin ifadəsi, Azərbaycan xalqının birlik və həmrəyliyinin, milli ruhunun məntiqi nəticəsi olmaqla türk dünyasının yenilməzlik rəmzi, tarixi yaddaşımızın uğur səhifələrindəndir.

Noyabrın 8-də Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və oğulları Heydər Əliyevin iştirakı ilə Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbir işğalçı Ermənistana məğlubiyyətinin xatırladılması idi. Hərbçilər qarşısındakı çıxışında Vətən uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsini yad edən Prezident İlham Əliyev xüsusilə alınmaz qala olan Şuşanın işğaldan azad edilməsində canlarından keçən hərbçilərin qanları bahasına qazanılan Zəfərimizi şərəf salnaməmizin tarixi səhifəsi kimi dəyərləndirdi

Başı həmişə dumanlı olsa da gözəl təbiəti, yerləşdiyi coğrafi ərazisi, strateji əhəmiyyəti baxımından tarixən yadellilərin sahib çıxmaq istədikləri, Pənahəli xan tərəfindən salınan, 270 illiyi bu il tamam olan Şuşanın həmişə düşmənə göz dağı olduğunu tarixi faktlar da təsdiqləyir.

…1795-ci ildə Ağa Məhəmməd şahın qoşunları Araz çayını keçərək Şuşa istiqamətində irəliləməyə başlayırlar. Şuşalılar o dövrdə sarayın vəziri olan Molla Pənah Vaqifin başçılığı altında müdafiə olunmaq üçün hazırlıq görürlər. Ağır müqaviməti görən Ağa Məhəmməd şah öz saray şairinə tapşırır ki, İbrahimxəlil xana bir məktub yazsın. Məktub bu məzmunda olur: «Fələyin mancanağından bəla daşları yağır, sən isə əbləhcəsinə şüşə içərisində oturmusan?»

Qarabağ xanının cavabını Qacara «Əgər məni qoruyan mənim tanıdığımdırsa, şüşəni daş içərisində də salamat saxlar!» sözləri ilə çatdıran Vaqifin beyti Qacarın qəzəbinə səbəb olur və o, top atəşlərini davam etdirmək əmrini verir. 33 gün mühasirə altında qalan Şuşanı düşmənə təslim etməyən ərənlərin ənənələrini yaşadan igidlərimiz bu əzəmətli şəhərin işğaldan azad edilməsi uğrunda göstərdikləri rəşadətləri ilə babalarının qəhrəmanlıq tarixinə yeni səhifələr yazdılar. Milli Ordumuzun əsgər və zabitləri Şuşanı əsl sahiblərinə qaytardılar. Zəfər Günü münasibətilə Şuşada keçirilən tədbirdə çıxış edən Prezident, Müzəfyər Ali Baş Komandan İlham Əliyev «Şuşa həqiqətən alınmaz qala sayılırdı. Şuşanı yüngül silahlarla təchiz edilmiş qəhrəman hərbçilərimiz azad edəndə onlar ölümə gedirdilər. Vətən uğrunda, torpaq uğrunda ölümə gedirdilər. Hər birimiz yaxşı anlayırdıq ki, Şuşasız bizim tam qələbəmiz mümkün olmayacaq» sözlərinə əlavə olaraq bildirir ki, Qarabağın tacı, Azərbaycan xalqının ürəyi olan Şuşanın işğaldan azad edilməsi qürur mənbəyimiz idi.

2020-ci ilin 27 sentyabr tarixində başlanan Vətən müharibəsinin Şuşa təntənəsi ilə başa çatması güclü iradənin, hərbçilərimizin peşəkarlığının nəticəsi idi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə «Yalnız Qələbə!» devizi ilə hərbi əməliyyatlara başlayan, düşmənə ağır zərbələr endirməklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin formalaşdırdığı «qüdrətli ordu» mifini dağıdan Silahlı Qüvvələrimiz  xalqımızın illərdən bəri gözlədiyi tarixi missiyanı yerinə yetirdi. Haqqı ədaləti öz gücümüzlə bərpa etdik. Şuşaya qədər Cəbrayılın, Hadrutun, Füzulinin, Zəngilanın, Qubadlının, Suqovuşanın, 300-ə yaxın kəndin, Laçının və Kəlbəcərin bir hissəsinin işğaldan azad olunması Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik qətiyyətinin, liderlik konsepsiyasının ifadəsi olan «nəyi, necə, nə vaxt etmək» məsələlərinin döyüş meydanında təsdiqi oldu. Şuşanın azad edilməsi ilə10 mindən artıq fərarisi olan Ermənistan ordusunun beli qırıldı. İkinci Qarabağ müharibəsinin davam etdiyi 44 gündə hərbçilərimizin bir gün belə dayanmadan irəli getməsi, işğaldan azad olunan şəhər və kəndlərdə, strateji yüksəkliklərdə üçrəngli bayraqlarımızın dalğalanması soydaşlarımızın tökülən qanları, milli rəzalət üzərində hakimiyyətə gələn, hakimiyyətdə qaldıqları müddətdə ölkəmizi dağılmaq təhlükəsi ilə üzləşdirən AXC-Müsvat cütlüyünün xəyanətlərinə xalqın etimadını özünün dərin iradəsi, qətiyyəti, sərkərdəlik məharəti ilə qazanan Prezident İlham Əliyevin cavabı idi. Məhz onun siyasi iradəsi, xalqına, torpağına sonsuz məhəbbəti, Silahlı Qüvvələrimizə düzgün rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edildi. Apardığı siyasət, diplomatik gedişləri ilə Ermənistanın yalanlarını ifşa edən, tarixin arxivinə göndərilən «Dağlıq Qarabağ münaqişəsi» ilə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdıran Prezident İlham Əliyev ölkənin iqtisadi, müdafiə qüdrətini gücləndirməklə Vətən müharibəsindəki Qələbə üçün etibarlı zəmin formalaşdırdı.

Qələbəyə aparan yollar müxtəlif istiqamətlərdən keçsə də əsas məsələ güclü Silahlı Qüvvələrin yaradılması idi. Müdafiə qüdrətimizin gücləndirilməsi naminə aparılan islahatların məntiqi nəticəsi ikinci ildönümünü qürurla qeyd etdiyimiz Zəfərdir. Daim Ermənistanın başı üzərində dayanan dəmir yumruğun qüdrətidir. Düşmənə layiq olduğu dərs kimi tarixə yazılan «Fərrux», «Qisas» əməliyyatlarıdır. Ermənistanın öhdəliyi olan, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında yol bağlantısının- Zəngəzur dəhlizinin bərpası istiqamətində dövlət başçımızın göstərdiyi qətiyyətdir. 13-14 sentyabr əməliyyatından sonra Azərbaycan-Ermənistan sərhədi istiqamətində əsas strateji yüksəkliklərdə Azərbaycan Silahlı Qüvvələrinin yerləşməsi, həmin ərazilərdə Azərbaycanın dövlət bayrağının dalğalanmasıdır. Ermənistana göz dağı olan strateji mövqelərimizin Qarakilsənin, Qafanın, Gorusun ətrafında Bala Göyçə gölünün sahillində yerləşməsidir. Artıq Böyük Göyçə gölü də hərbçilərimizin gözü önündədir.

Prezident İlham Əliyevin «Düzdür, Ermənistanın bəzi xarici havadarları bizi nədəsə günahlandırmaq istəyirlər. Onların cavabını da mən vermişəm. Yenə də nəsə banlasalar, yenə də cavablarını verərəm. Bu, məni dayandırmaz. Amma fakt odur ki, biz öz haqqımızı tələb edirik və Azərbaycanın haqlı olması böyük beynəlxalq aktorlar tərəfindən sual altına qoyulmur… Biz iki il ərzində böyük quruculuq işləri görmüşük, Qarabağı və Şərqi Zəngəzuru faktiki olaraq yenidən qururuq və quracağıq. Eyni zamanda, Ordumuzu gücləndiririk və gücləndirəcəyik. Ermənistan bilməlidir ki, bizi indiki çərçivələrdə saxlayan Ermənistanın hansısa havadarının bəyanatı deyil, bizim öz siyasətimizdir. Biz heç kimdən qorxmuruq, heç kimdən çəkinmirik» qətiyyətli sözləridir. Yəni . artıq Azərbaycan regionda əsas söz və güc sahibidir. Qətiyyətin ifadəsi olan bu sözlər sərhədimizdə Ermənistana dəstək olaraq hərbi təlim keçirənlərə, sülh sazişini imzalanmasına, Zəngəzur dəhlizinin bərpasına mane olanlara da xəbərdarlıqdır.

Ermənipərst dairələrin təzyiq və təhdidlərinə məntiqli gedişləri ilə qalib gələn dövlət başçımız İkinci Qarabağ müharibəsinin davam etdiyi günlərdə xarici və yerli KİV-lərə müsahibələri ilə informasiya cəbhəsinin qalibi olduğunu da sübut etdi. Azərbaycanın daim sadiq qaldığı sülh prosesinə mane olan, münaqişənin hərb yolu ilə həllini qeyri- mümkün hesab edən, başda artıq tarixin arxivinə göndərilmiş ATƏT-in Mnsk qrupu olmaqla ermənipərəst qüvvələrin ölkəmizə qarşı ikili standartlarını da darmadağın etdi. Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi. Vətən müharibəsindən sonra Hadrutda, Kəlbəcərdə komanda hərbi birləşmələrinin yaradılması ilə daha da güclənən Azərbaycan Silahlı Qüvvələrinin qüdrətini Ermənistan da daxil olmaqla hər kəs, toy toğlusu kimi ortada tullanan havadarları belə unutmamalıdırlar.

Nəhayət, iki il bundan əvvəl qazandığımız Qələbə ilə Ermənistanın işğalçılıq siyasətinə hərbi yolla son qoyuldu. Azərbaycan diplomatik, siyasi, hərbi müstəvidə düşünülmüş gedişləri ilə münaqişənin hərbi yolla həllinin mümkünlüyünü sübut etdi. Prezident İlham Əliyevin qətiyyəti sayəsində BMT, ATƏT, Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Türk Dövlətləri Təşkilatı kimi digər beynəlxalq təşkilatlar Azərbaycanın haqq işini dəstəklədilər, həmrəylik nümayiş etdirdilər.

Azərbaycanın müsəlman ölkələri ilə əməkdaşlığında bir məqama daha çox diqqət yetirildi. Dini abidələrimizi, ziyarətgahlarımızı, məscidlərimizi dağıdan ermənilərin islamofob əməlləri, İslami dəyərlərə göstərdiyi düşmən mövqeyi müsəlman ölkələrinə çatdırıldı. Bütün çıxışlarında Ermənistana dəstək göstərən bəzi müsəlman ölkələrinin bu hərəkətlərini İslami dəyərlərə xəyanət adlandıran Prezident İlham Əliyev «Məscidləri dağıdana müsəlman ölkələrinin rəhbərləri qucaq aça bilməz, bilər? Onları qucaqlayıb öpə bilər? Bu, riyakarlıqdır, bu, satqınlıqdır. Bunun başqa adı yoxdur. Ona görə müsəlman aləmində biz Ermənistanı əsas dayaqlardan təcrid etdik. Düzdür, tam təcrid edə bilmədik, bunun başqa səbəbləri var - bax, dediyim riyakarlıq. Ancaq bütövlükdə Ermənistan müsəlman aləmində məscidləri dağıdan, təhqir edən ölkə kimi tanındı və bunu biz etdik» sözləri ilə İslam pərdəsi altında gizlənən, işğalçı Ermənistana silah-sursatla yardım göstərən dövlətlərin əməllərini müsəlman həmrəyliyinə, birliyinə xəyanət adlandırdı.
 Belə səhv yolu tutanlardan fərqli olaraq Azərbaycanda yaşayan, müxtəlif xalqlara, dinlərə məxsus gənclər milli birlik, həmrəylik ideyalarına sadiq qalaraq Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda mübarizədə daha sıx birləşdilər. Bu birlik sayəsində uğur qazanan Azərbaycan xalqı işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində də birgə çalışır. Bu səylərin nəticəsi Füzulidə, Zəngilanda istifadəyə verilən Beynəlxalq Hava limanlarıdır. Ağalıda həyata keçirilən «ağıllı kənd» layihələridir. İşğaldan azad edilən ərazilərdə reallaşan yol-nəqliyyat infrastrukturuna, enerji ilə təchizat məsələlərinə göstərilən diqqətdir. Qüdrətli dövlətlərin ölkəmizlə əməkdaşlığa artan marağıdır. İşğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərində iştirak üçün çoxsaylı müraciətlərin artmasıdır. Bu baxımdan beynəlxalq ictimaiyyətdə Prezident İlham Əliyevin «Biz sülh istəyirik, biz müharibə istəmirik. Sülh, amma ədalətli sülh. İrəli sürdüyümüz şərtlər ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və sülh müqaviləsi bu şərtlər əsasında imzalanmalıdır. Əgər Ermənistan xoş niyyət göstərsə, bu, imzalanacaq, göstərməsə, imzalanmayacaq. Ondan sonra nə olacaq, onu həyat göstərər» sözlərinə inam daha çoxdur. Bu inamın qaynağı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin güclü iradəsi, xalq- iqtidar-ordu birliyi, insanlarda daha da güclənən milli ruh, Vətən müharibəsində qazandığımız Qələbəmizin əbədiyyət rəmzidir. «Bu Qələbə, bu Zəfər bizə bu imkanı verdi, bütün xalqımıza inam verdi, ruh verdi. Biz təkcə ərazi bütövlüyümüzü yox, milli qürurumuzu bərpa etdik. Buna görə, əziz hərbçilər, sizə borcluyuq, sizin kimi on minlərlə əsgər, zabitə borcluyuq və Azərbaycan xalqı bunu yaxşı bilir. Mən də Ali Baş Komandan kimi sizinlə fəxr edirəm!» söyləyən cənab İlham Əliyev Zəfərimizin baş qəhrəmanıdır.

Cənab İlham Əliyev, Azərbaycan xalqı da Qələbənin qazanılmasında Prezident, Müzəffər Ali Baş Komandan kimi çətin və məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gəldiyiniz üçün Sizə minnətdardır! Zəngəzur dəhlizinin açılması ilə bağlı şad xəbərinizi gözləyirik!

Xuraman İsmayılqızı, «İki sahil»