Tarixi torpaqlarımızı 30 ildir işğal altında saxlayan Ermənistanın hərbi təxribatları müntəzəm xarakter alanda Azərbaycan cavab vermək məcburiyyətində qaldı. Xalq öz Prezidentinin ətrafında sıx birləşməklə bütün dünyaya sübut etdi ki, Qarabağ millətimizin milli ləyaqət rəmzidir və Azərbaycan xalqı Qarabağ arzusundan bir addım da geri çəkilməyib. Prezident İlham Əliyevin son illərdə həyata keçirdiyi millət quruculuğu prosesi ona gətirib çıxardı ki, Prezident-Ordu-Xalq birliyi qalib gəldi, düşmən 30 ildir işğal altında saxladığı torpaqlarımızdan qovuldu.
Vətən müharibəsində Azərbaycan xalqı da, dövləti də Qarabağın işğaldan azad olunması ilə bağlı var-qüvvəsini ortaya qoydu. İllərdi qurulan güclü ordu, yetişən vətənpərvər nəsil düşmən çəpərinə çevrildi. Baxmayaraq ki, biz 30 il səbrlə gözləmişdik. Danışıqlar prosesinə sadiq qalmışdıq. Bütün bunlar münaqişənin dinc yolla, müharibəsiz həllinə hesablanmışdı və Azərbaycan hər dəfə status-kvonun dəyişdirilməsinin vacibliyini vurğulayanda məqsəd münaqişənin fəal hərbi əməliyyatlar mərhələsinə keçməsinin qarşısını almaq idi. Ancaq ermənilərin illərlə qoruyub saxladığı həmin status-kvo bir neçə günün içində darmadağın oldu. Təmas xətti yarıldı və rəşadətli Azərbaycan ordusu torpaqlarımızı düşmən tapdağından xilas etdi. Prezident İlham Əliyev həmişə deyirdi ki, o, nəyi nə vaxt edəcəyini yaxşı bilir. Bu gün döyüş meydanında baş verənlər Azərbaycan Prezidentinin uzaqgörənliyini, onun hadisələrə fərqli yanaşma bacarığını ortaya qoydu. Bu, həm də xalqın öz liderinə sonsuz inamının, ona etimadının təntənəsi idi. qardaş Türkiyənin Azərbaycana dəstəyini xüsusi vurğulamaq lazımdır.
Vətən müharibəsi başlayan kimi Türkiyə dərhal öz mövqeyini ortaya qoydu. Qardaş ölkənin bütün rəsmi şəxsləri bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalı və bütün işğal edilən torpaqlar öz sahibinə qaytarılmalıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə Prezident İlham Əliyevlə təmaslarında Azərbaycanın haqlı davasını dəstəklədi və qətiyyətlə bildirdi ki, sona qədər Azərbaycanın yanındadır. Ona görə də Türkiyənin siyasi və mənəvi dəstəyi bu Qələbənin qazanılmasında çox böyük rol oynadı. Çünki Prezident Rəcəb Tayyib Ərdoğanın ilk saatlardan dediyi “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” sözləri bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi.Beləliklə, 44 gün davam edən Vətən müharibəsində Azərbaycan təkcə döyüş meydanında deyil, həm də diplomatiya sahəsində qalib gəldi.
Bu qələbə istisnasız olaraq Prezident İlham Əliyevin diplomatiyasının ən böyük uğurudur. Çünki ölkəmizin illərlə topladığı beynəlxalq nüfuz haqlı davamıza qüvvət verdi, onu daha güclü etdi. Bu çətin günlər qardaşlığın, dostluğun dəyərini anlatdı. Biz bir daha şahidi olduq ki, tarix heç vaxt öz funksiyasını dəyişmir, dostlar düşmənə, düşmənlər dosta çevrilmir. Qalib gələn ədalət və ölməyən həqiqət olur. Azərbaycan 44 günlük Vətən müharibəsi ilə düşməni məğlubiyyətə uğradaraq torpaqlarımızı işğaldan azad etməklə yanaşı, regionda və dünyada yeni reallıqlar yaratdı. Hərbi əməliyyatların sonunda imzalanmış üçtərəfli Bəyanat, həmçinin yaranmış yeni reallıqların hüquqi və siyasi bünövrəsini müəyyənləşdirdi. Bəyanatın beşinci bəndinə əsasən, tərəflərin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılıb. Bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərirlər. Beləliklə, Türkiyə rəsmi qaydada atəşkəsə nəzarət etmək işində rol oynayacaq. Bölgədə sülh və təhlükəsizliyin təmin olunmasında mühüm amillərdən biri də nəqliyyat və kommunikasiyaların açılmasıdır ki, bu da üçtərəfli Bəyanatda əks olunub. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılır. Bu yolun təhlükəsizliyi Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti tərəfindən təmin olunacaq. Bu da onu göstərir ki, Ermənistan bütün mənalarda müstəqil deyil. Hətta işğaldan azad olunan Azərbaycan ərazilərindən keçəcək dəhlizin təhlükəsizliyini Azərbaycan təmin etdiyi halda, Ermənistan öz ərazisində belə nəyəsə təminat vermək iqtidarında deyil. Üçtərəfli Bəyanatın rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçılıq siyasətinə son qoyduğunu vurğulayan C.Osmanov bildirib ki, Ermənistan 30 il davam edən danışıqlar prosesində istədiklərinə nail ola bilmədi. “Dağlıq Qarabağ”ın statusunun müəyyən edilməsi məsələsi arxivə getdi, tarixi və əzəli Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılması planları pozuldu. Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Qələbə azərbaycanlılar haqqında “məğlub xalq” sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı məğlubiyyətlə barışan deyil. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi.
Aynur Həsənova,
YAP-ın gənc fəalı
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası