10 noyabr 2022 15:46
500

Azərbaycan artıq dünyada söz sahibi olan ölkələrdən biridir

Dünyanın ən nüfuzlu təşkilatlarından olan Ərəb Dövlətləri Liqası tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu təşkilatın Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində keçirilən 31-ci Zirvə toplantısına mötəbər qonaq qismində dəvət olunması Azərbaycanın dünyada artan böyük nüfuzunun nümunəsidir.  Zirvə toplantısında regiondakı aktual məsələlərin, xüsusilə Liviya, Suriya, Yəmən, Fələstin böhranı, o cümlədən, ərzaq təhlükəsizliyinin təmin edilməsi, ərəb ölkələri arasında münasibətlərin gücləndirilməsi və bu sahədə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.  

Ərəb Dövlətləri Liqası Azərbaycan üçün milli maraqların müdafiəsi və həqiqətlərin çatdırılması baxımdan mühüm beynəlxalq platformadır. Azərbaycan 2006-cı ildən bu təşkilatın müşahidəçi statusunda üzvüdür. Məhz, ötən günlərdə təşkilatın sammitində respublikamızın iştirakı təmsil olunan dövlətlər ilə ölkəmiz arasındakı birliyi nümayiş etdirirdi. Eyni zamanda, bu, dostluq və qardaşlıq əlaməti idi. Bu mənada, Ərəb Dövlətləri Liqası ilə Azərbaycan arasındakı münasibətlərin xüsusi xarakteri var və təşkilatın Zirvə toplantısında təmsil olunmaq Azərbaycan üçün əlamətdar hadisə idi. Ölkə başçısının Zirvə toplantısındakı qətiyyətli çıxışı, Azərbaycan dövlətinin beynəlxalq aləmdə qazandığı nüfuzu, eləcə də Ermənistanın 30 ilə yaxın Azərbaycana qarşı işğalçılıq siyasəti haqqında məlumatı iştirakçı dövlətlər tərəfindən rəğbətlə qarşılandı.

Hazırda Azərbaycanın Liqaya daxil ölkələrlə yaxşı münasibətlərinin olması və bu münasibətlərin qarşılıqlı dəstək və həmrəyli çərçivəsində yaxın gələcəkdə daha da inkişaf etməsinə gətirib çıxaracaqdır. Prezidenti İlham Əliyev Zirvə toplantısında çıxış edərək Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalı olduğunu hər kəsin diqqətinə çatdırıb. Ölkə başçımız Fransa dövlətinin Əlcəzair xalqına qarşı 100 ildən çox bir müddət ərzində dəhşətli müharibə apardığını və bu müharibədə 1,5 mln. əlcəzairlinin qətlə yetirildiyini xatırlatdı. Bu gün də Fransa dövləti özü kimi işğalçılıq siyasəti aparan, azərbaycanlılara qarşı soyqırım törədən Ermənistanı müdafiə edir və onun işğalçılıq siyasətini dəstəkləməkdə davam edir. Prezident İlham Əliyev qalib və qüdrətli Azərbaycan dövlətinin rəhbəri kimi Ərəb Dövlətləri Liqasının Zirvə sammitində iştirak etdi və çıxış edərək dünyada terror, soyqırımı siyasəti yürüdən Fransa, Ermənistan kimi dövlətləri ifşa etdi. Ermənistan 30 ilə yaxın torpaqlarımızı işğal altında saxlayıb. Bu illər ərzində Azərbaycan hər zaman ərəb qardaşlığını, İslam Həmrəylik Təşkilatının dəstəyini hiss edib.

Eyni zamanda Azərbaycan da öz növbəsində bütün beynəlxalq forumlarda müsəlman qardaşlarımıza hər zaman öz dəstəyini ifadə etmişdir. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilmiş və Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməklə İslam həmrəyliyinə kifayət qədər töhfə vermişdir. Prezident İlham Əliyevin uğurlu və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan təkcə regionun lideri olmaqla bərabər, eyni zamanda artıq dünyada söz sahibi olan ölkələrdən birinə çevrilmişdir. Dünyanın mühüm təşkilatlarından biri Qoşulmama Hərəkatı kimi nüfuzlu beynəlxalq təşkilatın sədri olması və üzərinə düşən missiyanı uğurla yerinə yetirməsi, beynəlxalq təşkilatlarda göstərdiyi qətiyyətli mövqe nəticəsində böyük dövlətlər Azərbaycanla artıq daha sıx tərəfdaşlıq etmək niyyətində olduqlarını bəyan ediblər. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çətin bir vaxta, COVID-19 dövrünə təsadüf etdi. Ölkəmiz koronovirusla bağlı 80 ölkəyə maliyyə və humanitar yardım göstərmişdir.

Liqa üzvləri başqa beynəlxalq təşkilatlarda da təmsil olunmaqla müxtəlif mövzularda bir-birinə dəstək olurlar. Bu mənada, Azərbaycanın Liqa və onun üzvləri ilə əməkdaşlıq etməsi qarşılıqlı siyasi, geosiyasi və iqtisadi maraqlar baxımından olduqca əhəmiyyətlidir. Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə 44 günlük Vətən müharibəsində ordumuzun düşmən üzərində tarixi qələbəsi, eyni zamanda, 30 il ərzində erməni işğalına məruz qalmış Azərbaycan torpaqlarının azad edilməsi ölkəmizi İslam dünyasında aparıcı və lider dövlətlərdən birinə çevirmişdir. Bir sözlə, Azərbaycanın Ərəb Dövlətləri Liqasının Zirvə sammitində iştirakı qarşılıqlı maraqların müdafiəsi və münasibətlərin dinamik inkişafı prizmasından xüsusi önəm kəsb edir.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri