10 noyabr 2022 15:22
969

Müstəqil Azərbaycanın müstəqil siyasətinin tarixi nailiyyətləri

Dünya ümumiyyətlə quruculuqla, tikib yaratmaqla yaşayıb inkişaf edibdir.

Heydər Əliyev,
Ümummilli Lider

Qlobal əhəmiyyətli tarixi proseslər siyasət adamlarını yenidən kəşf etmək, onların liderlik keyfiyyətlərini aydın görmək üçün geniş imkanlar yaradır. Azərbaycanın zəfəri ilə tamamlanmış Vətən müharibəsinə qədər xalqımız ölkə rəhbərni, regionun gələcək inkişafı ilə bağlı aydın hədəfləri olan qətiyyətli siyasi xadim, Azərbaycanın milli maraqlarını hər yerdə qətiyyətlə qorumağı bacaran diplomat kimi tanıyıb rəğbət bəsləyirdi.

Vətən müharibəsindəki qələbə isə onun bütün dünyada müzəffər sərkərdə kimi şöhrətləndirdi. Son illərin qlobal siyasi prosesləri, Azərbaycan Prezidentinin bu proseslərdə tutduğu mövqe, oynadığı rol, apardığı təhlillər, irəli sürdüyü təşəbbüslər dövlət rəhbərimizin zəmanəsinin parlaq liderlərindən olduğunu göstərir.

Azərbaycan Prezidenti hazırkı gərgin dünyamızda apardığı müstəqil siyasətlə ölkəmizin milli-strateji inkişaf xəttini uğurla həyata keçirir. Ölkəmizə böyük tarixi nailiyyətlər qazandırmaqla yanaşı, bir çox qlobal problemlərin aradan qaldırılmasına, bəşəriyyət üçün daha gözəl bir dünyanın qurulmasına mühüm töhfələrini verir. Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin edilməsində və sabitləşdirilməsində ölkəmizin enerji resurslarının önəmli rolunun mühüm əhəmiyyəti öz əksini tapır. Bu gün beynəlxalq siyasi-iqtisadi müstəvidə gələcəyə aydın nəzərlərlə baxan hər kəs - liderlər, beyin mərkəzləri, siyasi və akademik çevrələr Azərbaycanı Cənubi Qafqazın gələcəyinin, bu bölgədə sülh və əməkdaşlıq mühitinin qarantı kimi görür. Bu faktdır və Azərbaycanın illər ərzində yaradıb formalaşdırdığı, Vətən müharibəsindəki zəfərlə də nidasını qoyduğu tarixi reallıqdır. Dövlət rəhbərimizin müasir çağırışlara uyğun çevik qərarlar verərək zamanında həyata keçirmək əzmindən, vəziyyətlərə hazırlıq və imkanlardan istifadə məharətindən, eyni zamanda qonşularla sıx faydalı əməkdaşlıq, sülh, bir-birinin ərazi bütövlüyünə, dövlət maraqlarına hörmət arzusundan yaranmış bu reallıqda Ermənistanın yeri xeyli suallar doğurur. Məlumdur ki, son onilliklərdə, hətta daha geniş götürsək, XX əsrin əvvəllərində tarixi torpaqlarımızda Ermənistan dövləti yaranan vaxtlardan bu dövlətin ideoloji təməlləri əsasən işğal və onun legitimləşdirilməsi üzərində qurulmuşdu. Azərbaycanın Vətən müharibəsindəki qələbəsi bu təməlləri sarsıtdı. Ermənistanın və dünya erməniliyinin onilliklərdir ki, bəşəriyyətə yaydığı saxta mifləri puça çıxardı. İndi Ermənistanın bölgədəki mövcud reallıqları nəzərə alan yeni hədəflər müəyyən etməsi zəruridir.

Məlumdur ki, Ermənistan saxta miflərə söykənərək daha bölgədə təcrid olunmuş vəziyyətdə yaşamaqda davam edə bilməz. Bu ölkənin gələcəyi qonşularla normal münasibətlərdən asılıdır. Digər tərəfdən, qlobal proseslər Azərbaycanın təşəbbüskarı olduğu enerji-kommunikasiya layihələrinin beynəlxalq önəmini daha da artırır. Dünya bu imkanlardan daha geniş şəkildə faydalanmağa çalışır.

Beynəlxalq dairələr Ermənistanın uydurma iddiaları, mənasız kin-küdurəti üzündən dünya iqtisadiyyatı üçün böyük imkanların, əlverişli marşrutların əldən çıxmasına, yaxud risk altına düşməsinə daha etinasız yanaşmaq fikrində deyil. Ona görə də indi Ermənistanın yeganə yolu regiondakı inkişaf axınına qoşulmaqdır. Bunun üçün isə qonşularla münasibətlər normallaşdırılmalıdır.

Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarına son qoyulmalıdır. Ermənistan Cənubi Qafqazda üçtərəfli səviyyədə qarşılıqlı təmasdan çəkinməməlidir. Regional inkişafın bir hissəsi olması, bölgənin həyatına fəal inteqrasiya üçün əməkdaşlığın, konstruktivliyin önəmini anlaması, yeni reallıqları nəzərə alan, revanşizmə yol verməyən siyasət yürüdülməsi Ermənistan üçün yeganə xilas kəməridir.

Münaqişənin insan itkilərinə yol vermədən, sülh yolu ilə həlli üçün qonşu ölkənin işğalçı mövqeyinə illər ərzində dözüm göstərən, sülh danışıqlarına sadiq qalan, yalnız bu danşıqların heç bir perspektivinin qalmadığına tam əmin olandan sonra hərbi yolla torpaqlarını cəmi 44 gün ərzində işğaldan azad edən və hətta hərbi əməliyyatların gedişində də yenə insan itkilərinin qarşısını almaq üçün Ermənistana dəfələrlə torpaqlardan çıxmaq üçün konkret qrafik verməsini təklif edən Azərbaycan öz konstruktivliyini postmünaqişə dövründə də qoruyur.

Qafqazda sülh və əməkdaşlıq erasını fəal şəkildə təşviq edir. Azərbaycanın açıq bəyan etdiyi sülh gündəliyi və gələcək əməkdaşlığa dair təşəbbüsləri Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib. Bu, təkcə Azərbaycan və Ermənistana deyil, ümumiyyətlə, Cənubi Qafqaza aid məsələdir.

Dövlət rəhbərimiz çıxışlarında bu məsələlərlə bağlı aydın izahlar verir, Azərbaycanın konstruktiv mövqeyini dünya ictimaiyyətinin diqqətinə çatdırır. Öz prinsiplərini ortaya qoyur. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi təcrübəsinin ləyaqət, ərazi bütövlüyü və ədalət naminə bütün ölkələr üçün əhəmiyyətli olmasının zəruriliyini göstərir. Heç vaxt işğalla barışmamağı, öz resurslarına bel bağlamağı, müstəqil siyasətin önəmini əsas prinsiplər olaraq irəli sürür.

Azərbaycan son onilliklərdə bütün dünyada multikulturalizmi, tolerantlığı, fərqli mədəniyyətlər arasında qarşılıqlı hörmət mühitini təşviq edən aparıcı ölkələrdəndir. 2008-ci ildən Azərbaycanın təşəbbüsü ilə başlanmış "Bakı prosesi" bu istiqamətdə böyük uğur qazanıb. Çoxmillətli ölkə olan Azərbaycanın tarixi təcrübəsi, əsrlərlə formalaşmış milli ənənələri xalqlar arasında sülhün əldə olunmasına aydın istiqamətlər verir. Əlbəttə, müharibənin ağrı-acılarını unutmaq, vurduğu yaraları sağaltmaq hər iki tərəf üçün çox çətindir. Amma bu faciələrin gələcəkdə bir daha təkrarlanmaması üçün xalqlar barışa ortaq imkanlar tapıb onlardan faydalanmağı bacarmalıdırlar. Kin-küdurəti unudub gələcəyə baxmalıdırlar. Bu, bütün dünyada müharibə aparan xalqlar arasında tarixən belə olub. Faciələri yadda saxlamaq, unudulmağa qoymamaq isə qarşılıqlı nifrət üçün deyil, əksinə, tarixin ibrət dərslərindən nəticə çıxarmaq, sülhü qorumaq üçün lazımdır.

Coğrafiya, qonşuluq bir taledir. Bu taleyə uyğun birgəyaşayış qaydalarını müəyyənləşdirmək zəruridir. Dövlət rəhbərimizin apardığı müstəqil siyasət, postmünaqişə dövrünün reallıqlarını təmkinlə, bölgənin gələcəyini aydın nəzərlərlə dəyərləndirməsi, qonşuluq məsələlərinə baxışları bu qaydalar əsasında regionda gözəl bir inkişaf mühitinin təmin olunmasına imkanlar yaradır.

Azərbaycanla Ermənistan arasında ictimai diplomatiya imkanlarından istifadə otuz illik münaqişə dövrünün psixoloji maneələrinin tədricən aradan qalxmasına, iki xalqın yaxınlaşaraq gələcəyə birgə baxmasına, xüsusilə Ermənistanda hökm sürən nifrət və revanşizm iddialarının qarşısının alınmasına böyük fayda verə bilər.

Azərbaycanın müstəqil xarici siyasəti xalqımızın milli maraqlarına əsaslanır və maksimal nailiyyətlərin əldə olunmasına yönəlib. Azərbaycan regionda təhlükəsizlik və əməkdaşlıq məsələlərinə bu günümüz və sabahımız prizmasından yanaşır, bütün qonşularla xoş münasibətlərə malikdir. Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi iki ölkə arasında əməkdaşlıq və qardaşlığın mahiyyətini əks etdirir. Bütün bunlar ümumilikdə Cənubi Qafqaz regionunda sülhə və davamlı inkişaf mühitinə xidmət edir. Bu gün regionun gələcək inkişaf mənzərəsini Azərbaycan müəyyənləşdirir.

On il sonranın Cənubi Qafqazında Azərbaycan daha da güclü olacaq. Sülh arzusunun reallaşması istiqamətində göstərilən səylər nəticəsində həmin vaxta kimi Ermənistanla olan anlaşılmazlıqlar, problemlər öz həllini tapacaq. Cənubi Qafqaz regionunda möhkəm inteqrasiya prosesləri gedəcək və üç Cənubi Qafqaz ölkəsi arasında sıx əməkdaşlıq yaranacaq. İndiyə qədər bir çox regional layihələrin müəllifi kimi Türkiyə və Gürcüstan arasında üçtərəfli əməkdaşlıqda mühüm rol oynamış Azərbaycan güclü iqtisadi potensiala malik ölkə, sərvət və sabitlik yaradıcısı kimi bu prosesdə liderliyi öz üzərinə götürəcək. Azərbaycanın Çinlə münasibətlərinin strateji xarakteri, ölkəmizin "Bir kəmər - bir yol" layihəsində iştirakı, müasir enerji strategiyasının parlaq nəticələri və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin getdikcə artan rolu, eləcə də bərpaolunan enerji potensialı, dünyanın aparıcı şirkətləri ilə bu istiqamətdə görülən işlər də Prezident İlham Əliyevin apardığı müstəqil siyasətin tarixi nailiyyətləridir.

Bütün bunlar dövlət başçımızın da bəyan etdiyi kimi nəyi, necə və nə vaxt etməyi bilən liderin gələcəklə bağlı təsvir etdiyi və addım-addım reallığa çevirdiyi aydın mənzərədir. Azərbaycanın yeri bu mənzərədə daha da qüdrətli görünür.

Əflatun MƏMMƏDOV,
Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun l müavini,
İnternet və Yüksək Texnologiyalar üzrə ekspert