Noyabr ayı xalqımız üçün tarixinin ən şanlı bayramının-Zəfər bayramının qeyd edildiyi ay olmaqla yanaşı, həm də 9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 12 noyabr-Konstitusiya Gününün qeyd edilməsi ilə əlamətdardır.
Vətən Müharibəsindəki qələbə tariximizə cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və cəsarətli siyasətinin nəticəsi kimi həkk olunmaqla bərabər, həm də xalqımızın Ulu Öndəri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin əbədiyaşar ideyalarının təntənəsi oldu. Çünki Azərbaycanın 20 illik müstəqillik tarixinə nəzər yetirəndə inkişaf etmiş bütün sahələrin, qazanılmış bütün nailiyyətlərin Ulu Öndərin adı ilə bağlı olduğunun şahidi oluruq. Azərbaycanın ilk milli Konstitusiyasının qəbul olunması kimi mühüm tarixi hadisə də məhz Ümummilli liderimizin adı ilə bağlıdır.

1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra qarşıda duran əsas vəzifələrdən biri keçmiş sovetlər birliyindən miras qalmış hüquq sisteminin yeni çağırış və tələblərə uyğunlaşdırılması, hüquqi dövlət quruculuğunun həyata keçirilməsi idi. Müstəqilliyin ilk illərindəki siyasi hərc-mərclik, vətəndaş müharibəsinin başlanması təhlükəsi nəinki bu vəzifənin həyata keçirilməsinə imkan verməmiş, hətta bizi dövlət müstəqilliyimizi itirmək həddinə çatdırmışdır. Yalnız Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyə başlamasından sonra Azərbaycanda hüquqi dövlət quruculuğunun həyata keçirilməsi üçün əməli işlər görülmüşdür. Bu işlərin başında 1995-ci il noyabrın 12-də Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycanımızın ilk Konstitusiyasının ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi gəlir.
Məlum olduğu kimi konstitusiya dövlətin əsas qanunu olması etibarilə mövcud dövlətin və dövlətçilik ənənələrinin formalaşmasında ən ümumi ictimai münasibətlər kompleksini, ictimai quruluşun əsaslarını, şəxsiyyətin hüquqi statusunu, dövlət hakimiyyət orqanlarının sistemini, yerli özünüidarəetmə strukturlarını və hüquqi mexanizmləri tənzimləyən hüquqi normaların və prinsiplərin modifıkasiyasıdır. Bizim üçün isə ilk Konstitusiyamızın qəbul olunması yalnız yeni ictimai sistemin hüquqi tanınmasını təsdiq edən fakt deyildi, həm də ölkəmizin inkişafının prinsipcə yeni mərhələyə qədəm qoymasının göstəricisi idi. Bu mərhələ ilk növbədə siyasi sistemin mərkəzində insanın və vətəndaşın, onun hüquq və azadlıqlarının, demokratik və hüquqi dövlət ideallarının durması ilə səciyyələnirdi.
Azərbaycan Respublikasının Konstitusiyasında müasir sivil cəmiyyətin inkişaf istiqamətlərini müəyyənləşdirən və konstitusiya quruluşunun əsaslarını təşkil edən ideya və dəyərlər geniş şəkildə öz əksini tapmışdır: dövlətin və cəmiyyətin hüquqla sıx bağlılığı; insan şəxsiyyətinə və ləyaqətinə hörmət; dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşdırılması vasitəsilə xalqın hakimiyyət funksiyalarının həyata keçirilməsində iştirakı; insan hüquqlarının səmərəli müdafiəsi mexanizmlərinin mövcudluğu; siyasi sistemdə plüralizmə təminat verilməsi; sosial ədalətə nail olmaq, ümumbəşəri dəyərlərə sadiqlik, milli qanunvericiliyin beynəlxalq hüquqa uyğunlaşdırılması və sair. Konstitusiyamızın ayrıca bir fəsli sivilizasiyalı dünya təcrübəsinə əsaslanan və müasir hüquqi dövlətdə insan hüquq və azadlıqlarının bütün sahələrini əhatə edən maddələrdən ibarətdir.
Əlbəttə, cəmiyyət inkişaf etdikcə, Əsas Qanunun da təkmilləşdirilməsinə zərurət yaranır. Konstitusiyamıza ümumxalq səsverməsi nəticəsində 3 dəfə edilmiş əlavə və dəyişikliklərin məqsədi də məhz Konstitusiyanın inkişaf dinamikasını cəmiyyətdə mövcud olan ictimai-siyasi münasibətlərə uyğunlaşdırmaq olmuşdur. Bütün bu əlavə və dəyişikliklər nəticəsində Konstitusiyamızın təkmilləşdirilməsindən sonra bu gün biz əminliklə deyə bilərik ki, Azərbaycan Respublikasının Əsas Qanunu dünyanın ən demokratik konstitusiyalarından biridir. Azərbaycanda hüquq və azadlıqların təminatının dövlətin ali vəzifəsi olması birbaşa Konstitusiya səviyyəsində təsbit edilmişdir.
Konstitusiyamızda inkişaf etmiş dövlətlərin konstitusiyaları ilə müqayisədə kifayət qədər mütərəqqi hesab edilə biləcək müddəalar mövcuddur. Ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrin Azərbaycanın hüquq sisteminin ayrılmaz tərkib hissəsi elan edilməsi, Konstitusiyada sadalanan insan və vətəndaş hüquq və azadlıqlarının Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilməsinin təsbit edilməsi olduqca mütərəqqi müddəalardır. Ən başlıcası isə odur ki, Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilən normaları hər bir vətəndaşımız öz həyatında hiss edir. Vətən Müharibəsindəki şanlı Zəfərimizdən sonra ərazi bötövlüyümüzü və suverenliyimizi bərpa etməyimiz dövlətimizin hüquqi-demokratik əsaslarını daha da möhkəmləndirmişdir.
Yazının əvəlində qeyd etdim ki, noyabr ayında həm də ölkəmizdə Dövlət Bayraq Günü qeyd edilir. Cənab Prezident İlham Əliyev 2009-cu il noyabrın 17-də hər il 9 noyabrın -Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağının ilk dəfə Bakıda, hökumətin iclasında qəbul edildiyi və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırıldığı günün ölkədə Dövlət bayrağı günü kimi qeyd edilməsi barədə Sərancam imzalamışdır. Artıq iki ildir ki, biz bu bayramı, Şuşada, Ağdamda, Zəngilanda, Cəbrayılda, Fizulidə, işğaldan azad edilmiş digər torpalarımızda dalğalanan bayraqlarla birgə qeyd edirik.

Bayraq hər bir dövlətin milli suverenliyinin simvoludur, milləti tanıdan, dövlətin mövcudluğunu təsdiqləyən, hər bir xalqın milli ideologiyasının ifadəsi, qurur mənbəyidir. Cənab Prezident İlham Əliyevin noyabrın 9-nu ölkədə Dövlət bayrağı günü kimi qeyd etməsi onun Dövlət bayrağımıza etdiyi hörmətin, Dövlət rəmzlərimizə göstərdiyi qayğının ifadəsidir. Bayraq günü olaraq məhz 9 noyabrın qeyd edilməsi isə Cənab Prezidentin varisi olduğumuz Xalqa Cumhuriyyətinə verdiyi xüsusi önəmin sübutudur.
Mən bir hüquqşünas və millət vəkili kimi qeyd edə bilərəm ki, bu gün hüquqi baxımdan ölkədə Azərbaycan bayrağına verilən qiymət ən yüksək səviyyədədir. Dövlət bayrağının Konstitusiya səviyyəsində təsbit edilməsi, “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Konstitusiya qanunu, “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanununun qəbul edilməsi, Dövlət bayrağının istifadəsi qaydalarının pozulmasına görə inzibati və cinayət məsuliyyətlərinin müəyyən edilməsi bayrağımıza verilən dəyərin sübutudur.
Ölkəmizdə bayrağımıza verilən mənəvi, ictimai qiymət də həmişə yüksək səviyyədə olub. Vətən müharibəsini yaşadığımız, Zəfərimizi qeyd etdiyimiz son illər ərzində üçrəngli bayrağımıza verilən bu dəyərə bütün dünya şahidlik etmişdir. Əsgərlərimizin işğaldan azad edilmiş şəhər və kəndlərimizdə ilk vəzifə olaraq bayrağımızı dalğalandırmağa tələsməyi, düşmənin terror hücumlarına məruz qalan evlərdən birinci növbədə bayrağın çıxarılması, Zəfərimizi qeyd edən uşadan böyüyə hər kəsin, hər bir evin bayraqlarla bəzədilməsi olduqca qurur verirci haldır.
Bundan sonra da qalib dövlətin bayrağı kimi Dövlət bayrağımız respublikamızın bütün ərazisində, diplomatik nümayəndəliklərinin binaları üzərində, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlərdə, mədəni və idman tədbirlərində milli birliyimizin təcəssüm kimi dalğalanmağa davam edəcək.
Ulu öndərimizin sözləri ilə desək biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir. Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, o, bu bayraq altında birləşməlidir.
Ziyafət Əsgərov,
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası