Qədim tarixdəki müharibələrə baxsaq görərik ki, adətən məğlubiyyətin göstəricisi bayrağın enməsi olur. Qələbə rəmzi isə bayrağın ucalması.
Azərbaycan xalqı da öz bayrağının ucalması üçün böyükbir tarixi yol keçib. Bu yolda müharibələr, mübarizələr olub. İlk dəfə üçrəngli bayrağımız Azərbaycan Xalq Cümhuriyyəti dövründə ucaldılsa da, bu cümhuriyyətin müstəqilliyi uzun çəkməyib. Yetmiş illik sovet işğalından sonra xalqımız yenidən öz müstəqilliyinə qovuşub və yenidən şanlı bayrağımız ucalmışdır.
Xalqımız üçrəngli bayrağımızın yenidən yüksələcəyinə böyük ümid bəslədi. Ürəklərdə yaşayan üçrəngli bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edildi. Həmin sessiyaya sədrlik edən Heydər Əliyev deyirdi: “… Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli milli bayrağını Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edirik və Azərbaycanın ali hakimiyyət orqanına bunu çatdırırıq. Eyni zamanda Azərbaycanın ali hakimiyyət orqanı qarşısında məsələ qoyuruq ki, Azərbaycan Respublikasının Dövlət rəmzləri haqqında qərar qəbul etsin…”
Bu qərarın qəbulundan sonra üçrəngli bayraq zala gətirildi, beləliklə, görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 70 il əvvəl endirilən ay-ulduzlu üçrəngli bayrağını gələcək müstəqil Azərbaycanın Dövlət Bayrağına çeviridi. 5 fevral 1991-ci ildə isə bayraq Azərbaycan Respublikasının Ali Soveti tərəfindən dövlət rəmzi kimi təsdiq edildi.
1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etdi.
Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bayrağımız ümumxalq referendumu ilə qəbul edilən Konstitusiyada da öz əksini tapdı. 1995- ci il 12 noyabrda qəbul olunan Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə – bayrağına, gerbinə və himninə hörmət etməlidir. Artıq bayrağımız respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində çoxdan ucalmağa başlamışdı, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirirdi.
Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin də hər zaman milli ideyalara bağlı lider kimi bayrağımızı uca tutmuşdur. Məhz onun Ali Baş Komandanlığı ilə Azərbaycan ordusu işğaldan azad edilmiş torpaqlarda şanlı bayrağımızı ucaltdı.
Bu bayraq indi böyük bir xalqın zəfər simvoluna çevrilib və hər bir azərbaycanlının qürur mənbəyidir.
Sübhan Ərəbi,
YAP-ın gənc fəalı
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası