08 noyabr 2022 20:14
546

Azərbaycan Respublikasının Konstitusiyası özündə ümumbəşəri dəyərləri təsbit edir

Azərbaycanın müstəqil dövlətçilik tarixinin şanlı səhifəsinin açıldığı 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən xalqımızın çox əsrlik müstəqillik və milli dövlətçilik arzularını 1 səhifəlik mətndə əks etdirən ilk konstitusiya aktı sayılacaq sənəd - İstiqlal Bəyannaməsi qəbul edilmişdir. Həmin dövrdə bu hüquqi sənəd böyük tarixi əhəmiyyət kəsb edirdi.

1920-ci ilin aprel işğalından sonra Azərbaycanda ilk konstitusiya 1921-ci il mayın 19-da qəbul edilmişdir. 1925-ci ildə isə həmin konstitusiyaya bir sıra dəyişikliklər edilmişdir. Azərbaycanın ikinci Əsas Qanunu 1937-ci il martın 14-də, üçüncü konstitusiyası isə 1978-ci il aprelin 21-də qəbul edilmişdir. Lakin bu konstitusiyalar sovet rejimi dövrünün məhsulu olmaqla Sovet İttifaqı konstitusiyasından köçürmə idilər. Bu konstitusiyalardan yalnız sonuncu 1978-ci il konstitusiyası mahiyyətcə əvvəlkilərdən fərqlənməsə də, həmin sənədin bir tarixi özəlliyi var idi. Belə ki, ilk dəfə olaraq Azərbaycan SSR-nin Əsas Qanunu Azərbaycan dilində yazılmış və Azərbaycan dili dövlət dili elan edilmişdir. Sözsüz ki, o dövr üçün bu, çox siyasi və tarixi əhəmiyyət kəsb etməklə məhz respublikaya o vaxt rəhbərlik edən Ulu Öndər Heydər Əliyevin əzmkarlığının və siyasi uzaqgörənliyinin nəticəsi idi. 1980-ci illərin ikinci yarısından etibarən çoxsaylı əlavə və dəyişikliklərə məruz qalmış və bunun nəticəsində ilkin redaktəyə nisbətən əhəmiyyətli şəkildə dəyişiklikliyə uğrayan Azərbaycan SSR-in Konstitusiyası, 1995-ci il Azərbaycan Respublikası Əsas Qanunu qəbul edilənədək qüvvədə olmuşdur.

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olundu və Azərbaycan Respublikası öz müstəqilliyini əldə etdi. 1993-cü ildə Ümummilli Liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı ölkəmizdə bütün sahələrdə geriləmənin qarşısını aldı, dövlətimizi dağılmaqdan, beynəlxalq təcriddən, cəmiyyəti xaos və anarxiyadan xilas etdi. Ulu Öndər öz gəlişi ilə Azərbaycanın yeni dövr üçün demokratik inkişaf modelini müdrikliklə irəli sürdü. Bu inkişafı təmin etmək üçün ölkəmizdə mükəmməl və beynəlxalq dəyərlərə söykənən qanunvericilik toplusunun yaradılmasına böyük ehtiyac var idi.

Müstəqillik əldə etdikdən sonra 1978-ci il Konstitusiyası dövrün çağırışlarına, hüquqi dövlət və demokratik cəmiyyət quruculuğunun məqsəd və vəzifələrinə cavab vermirdi. Ona görə də gənc, müstəqil Azərbaycanın qarşısında birinci növbədə yeni Konstitusiya layihəsinin hazırlanması dururdu.

Azərbaycan Respublikası Milli Məclisinin 2 may 1995-ci il tarixli 1048 saylı qərarı ilə Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın 34 nəfər üzvdən ibarət tərkibi təsdiq olundu. Həmin komissiyanın 1995-ci il iyunun 5-də ilk iclası keçirilmişdi. İclasa sədrlik edən Ulu Öndərimiz Heydər Əliyev komissiyanın ilk iclasında geniş nitq söyləmişdir. O, öz nitqində Azərbaycanın konstitusiya quruculuğu tarixinə toxunmuş və müstəqillik əldə etdikdən sonrakı dövrün ictimai-siyasi hadisələrinin geniş təhlilini verməklə göstərmişdir ki, müstəqil Azərbaycanın ilk Konstitusiya layihəsinin hazırlanması respublikamızın həyatında böyük bir hadisədir. Ulu Öndərimizin bilavasitə sədrliyi ilə komissiyanın ardıcıl olaraq iclasları keçirildi, geniş müzakirələr aparılmaqla yeni konstitusiyanın layihəsi hazırlanmış və komissiyanın 14 oktyabr 1995-ci il tarixli qərarına əsasən 15 oktyabrda mətbuatda dərc edilməklə ümumxalq müzakirəsinə verilmişdir.

Azərbaycan Respublikasının Konstitusiyası 5 bölmə, XII fəsil, 158 maddə, preambula və keçid müddəalarından ibarət olmaqla 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi(referendum) yolu ilə qəbul edilmiş, 1995-ci il noyabrın 27-dən isə qüvvəyə minmişdir.

Azərbaycan Respublikasının Konstitusiyası fundamental bir sənəd kimi demokratik inkişaf, hüquqi dövlətçilik və insan hüquqları sahəsində mütərəqqi dünya təcrübəsinin başlıca nailiyyətlərini özündə ehtiva edən və Azərbaycanın müstəqil dövlətçilik tarixinin şanlı səhifəsi sayılan 1918-ci ildə qəbul olunmuş İstiqlal Bəyannaməsini özündə yaşadan, tarixi varisliyi təmin edən bir sənəddir.

Cavid Mehdizadə,
YAP Xətai rayon təşkilatının fəalı