Vətən mənə oğul desə, nə dərdim,
Mamır olub qayasında bitərdim.
Siz ey boy-buxunlu, qartalbaxışlı, ətrafa işıq saçan, ocağına çıraq olan bəy oğlanlar, bəy ərənlər, ey mənim düşmən çəpərim oğullar. Sizə mən tanrıdan payımız deyimmi, deməyimmi? Siz Vətənə ana dediniz, qeyrət dediniz, namus dediniz...
Vətən isə sizə oğul dedi. Siz təkcə Vətəni yox, ananızı, bacınızı, nənənizi, babanızı, nişanlınızı və onlarla bərabər minlərlə insanın həyatını qorudunuz canınızla, qanınızla...
Ey mənim şəhid balam, sən kimi fikirləşdin düşmən üstünə hücuma keçəndə? Sən qartal kimi düşmənin başının üstünü alanda nə düşündün? Xocalı soyqırımınımı? Xankəndinimi? Tarixin hansı qan yaddaşını xatırladın, igidim?
Nəyi xatırladığını sən bilirsən. Mən bir şeyi bildim ki, sən Vətənə oğul, Vətən sənə əqidə oldu. Mən tarixin qan yaddaşını unutmamışam və unutmağa haqqım da yoxdur. Hamısı sətir-sətir yadımdadır: Mübarizim, Çingizim, Təbrizim, Əlifim, Allahverdim...
Hələ Xəlil Rza harayı.... Mən unutmadım Poladın, Səbuhinin, Asimin, Hikmətin, Nailin, Ülvinin, Rəşadın şərəfli şəhidliyini... Adını sızıltı ilə çəkə bilmədiyim nə oğullar, nə igidlər var.... Hər xatırladıqca o bayrağa bükülən şəhidlərimi, damarımda qanım donur.
Sən ey şərəfli şəhidim, bu gün mən sənin canın, qanın bahasına aldığın torpaqda gəzirəm, addımlayıram. Bu gün mən sənin qanınla Vətən olan Şuşadayam. 30 il elə həsrətlə gözləmişəm ki bu görüşü. Şəhidim, sən mənə təkcə Şuşamı, Laçınımı, Zəngilanımı, Cəbrayılımı, Ağdamımı, Qubadlımı yox, sən mənə cavanlığımı qaytardın. Mən o torpaqlardan ayaqyalın, başıaçıq qovulanda, qarların, buzların üstündə ayaqyalın qaçanda mənim 25 yaşım var idi. Cavan idim. Bu gün mən ora 55 yaşlı bir insan kimi qədəm qoyuram. Yaşıma baxmıram, başıma baxmıram... Mən o torpaqda cavanam. Mənim orda qocalığım yox, cavanlığım var. Mənim orda acılı, şirinli xatirələrim var:
Yağar yaddaşıma yağış, qar kimi,
Bəzən şirin olar, bəzən də acı,
Xatirələr mənə ilk bahar kimi....
Mənə elə gəlirdi ki, o torpağa ayağım dəysə, dünyanın xoşbəxti olaram.. Amma olmadım.. Arzuma çatdım. Sevinə bilmədim... Ağladım... Ağladım... Doyunca ağladım.. Əvvəl səni ağladım, şəhidim. Sənə lay-lay çaldım. Ananın dilindən oxşadım səni, mənim ərən şəhidim:
Əzizim balabanı,
Asta çal balabanı.
Hamının balası gəldi,
Bəs mənim balam hanı?
Sonra atamı, nisgilli anamı, ürəyi doğma torpaqları ilə döyünüb həyatı həsrətli duyğularla tərk edən doğmalarımı ağladım. Viran qalan evlərimizi görüb sarsıldım və ucadan hayqıraraq ağladım, sən ey canını bizim üçün fəda edən şəhidim.
Və mən elə oradaca-illərlə həsrətini çəkdiyim, tikan basmış evimizin uçulub dağılmış astanasında oturub qəti qərara gəldim! Daha gözlərimdən nisgil yaşı axmayacaq. Daha lay-lay deyib ağlamayacağam. Daha... Daha....
Bu gün Azərbaycan xalqı müasir tarixinin ən şanlı, ən qürurlu və fəxarətli günlərini yaşayır. 30 ildir ki, dilimizin əzbərinə çevrilən “gün o gün olsun ki Qarabağımız işğaldan azad olsun” adlı ümidimizin göyərdiyi gündür. Doğma dədə-baba yurdundan didərgin düşən ruhların azadlığa qovuşduğu gündür bu gün.
Bəli. Mən bu gün zəfər çalmış ordumla fəxr edirəm. Bu zəfərin qazanılmasında böyük əməyi olan möhtərəm prezidentimiz, Ali Baş Komandanım cənab İlham Əliyev başda olmaqla bütün əsgərlərimizlə fəxr edirəm. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Bir sözlə, 8 Noyabr Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətlə söylədiyi “Qarabağ Azərbaycandır və nida!” fikrinin sonundakı o nidanın təsdiqini tapdığı gündür. Rəhbərimiz sübut etdi ki, saxta iddialarla başqasının torpağına sahib çıxmaq istəyən yox, haqqı olana, tarixinə sahib çıxan xalq məğlubedilməzdir. Bütün dünya 44 gün ərzində Azərbaycan xalqının məğrurluğuna, yenilməzliyinə, birliyinə, ordusunun gücünə və prezident İlham Əliyevin sərkərdəlik qabiliyyətinə şahidlik etdi. Ataların məşhur bir deyimi var: “El bir olsa, dağ oynadar yerindən”. Bu ifadə Vətən müharibəsində Azərbaycanın zəfəri ilə bir daha öz təsdiqini tapdı. Şəhidlərimizin, qazilərimizin sayəsində başımızı qalib xalq kimi dik tutub gəzirik. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə Allah şəfa versin.
QARABAĞ AZƏRBAYCANDIR!
ZƏFƏR SƏNİNLƏDİR, AZƏRBAYCAN!
Çiçək Əliyeva,
Bakı şəhəri, Xətai rayonu A.S. Xəlilov adına 263 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası