Azərbaycan dövlət tarixi qələbəsi ilə sevincli,xoş firavan günlərini yaşayır. Hər bir tarixi gün keçilən yolun təhlilini daim bir zərurətə çevirir. 30 ilin nisgilinə 44 gündə son qoymaq heç də asanlıqla başa gəlmədi Azərbaycan xalqına. Dövlətimizin qətiyyəti, xalqımızın iradəsi,rəşadətli ordumuzun gücü, , həmrəyliyimiz sayəsində əldə olunan bu tarixi qələbənin sevinci fonunda 28 ildə dövlətimizin hansı mərhələlərdən keçdiyinə nəzər salaq. Bu gün böyük fəxrlə qeyd edirik ki, Azərbaycan həm döyüş meydanında, həm də diplomatik müstəvidə aparılan mübarizənin qalibi kimi dünyanın diqqətindədir. Bu uğurlara geniş imkanlar açan dövlətimizin müstəqil siyasəti, hər addımda dövlətin, xalqın maraqlarının öndə saxlanılması, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dəyişməz mövqeyin ən yüksək tribunalardan bəyan edilməsi, heç kimin bizimlə diktə dili ilə danışmağa haqqı olmadığını bəyan edərək dünyanın ikili standartlarının beynəlxalq münasibətlərdə hüquq probleminin yaşanmasına yol açdığının əsaslı şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasının, ən vacibidə işğalçı Ermənistana sərsəm bəyanatlarına, təxribatlarına son qoymaq çağırışlarının sonda bu qələbə ilə nəticələnəcəyinə heç kimdə şübhə yox idi. Dövlətimizin başçısı, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev tarixi qələbə müjdəsini xalqa çatdırarkən bir daha bəyan etmişdir ki, 30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü toparladıq, dedik ki, artıq yetər, biz bu işğala dözməyəcəyik. Heç bir danışıqlar bizi maraqlandırmır. Mən müharibədən əvvəl deyəndə ki, mən bilirəm nəyi nə vaxt etmək lazımdır, əminəm ki, xalqımızın mütləq əksəriyyəti başa düşürdü mən nəyi nəzərdə tuturam və səbirlə bu günü gözləyirdi. Dedik ki, düşmənə yerini göstərəcəyik, düşməni torpaqlarımızdan qovacağıq və qovduq da!».
Ali Baş Komandan İlham Əliyevin ordumuzun güclənməsi və möhkəmlənməsi üçün göstərdiyi diqqət və qayğı öz uğurlu nəticələrini verdi və aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Silahlı Qüvvələrimizin hərbi-texniki təchizat səviyyəsi, nizam-intizamı və döyüş ruhu kifayət qədər yüksək oldu. Ulu Öndərin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində öz səylərini daha da artıran Ali Baş Komandan Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail oldu. Şanlı Ordumuz Ermənistan hakimiyyətini 44 gün ərzində 3 dəfə atəşkəs dilənməyə və nəhayət, təslim olmağa vadar etdi və kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bununla da Azərbaycan hərbi sahədəki qələbəsi, siyasi müstəviyə daşıdı. Kapitulyasiya aktına görə, bir güllə atmadan noyabrın 20-si Ağdam və 25-i Kəlbəcər, dekabrın 1-i isə Laçın rayonları Azərbaycana qaytarıldı və bayrağımız həmin torpaqlarda dalğalandırıldı. Beləliklə Azərbaycan qısa zaman ərzində nüfuzlu beynəlxalq təşkilatların 30 ilə yaxın müddətdə edə bilmədiklərini etdi və BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edərək Ermənistanı diz çökdürdü, ədaləti bərpa etdi. Bununla da Qarabağ müstəqil Azərbaycan Respublikasının digər əraziləri kimi tərkib hissəsi olaraq qalacaq, inkişaf edəcək, regiona öz töhfələrini verəcək. Eyni zamanda, ermənilər Azərbaycan vətəndaşı olaraq bu ərazilərdə heç bir torpaq iddiaları olmadan yaşamaqda davam edəcəklər, dövlətimiz isə buna tam zəmanət verir.
Müharibə zamanı biz tək torpağımızı qazanmadıq, biz yenilməzliyimizi, özgüvənimizi və cəsurluğumuzu təsdiqlədik. Prezident İlham Əliyevin dəmir yumruğu birlik və tükənməz güc rəmzi kimi bütün dünyanı heyran etdi. Bu birliyin təməlini İkinci Qarabağ savaşından öncə əldə olunmuş xalq-iqtidar, milli-siyasi həmrəylik təşkil edir. Xalqımızın ordumuza güclü dəstəyi, xalq, ordu, Ali Baş Komandanın birliyi dəmir yumruq kimi birləşdi. Vətən müharibəsi dövründə xalq olaraq güclü birlik və həmrəylik nümayiş etdirdik. Bütün bunlar bir daha sübut etdi ki, Prezident İlham Əliyev tərəfindən yürüdülən siyasət xalqı birləşdirən siyasətdir.
44 gün davam edən və Azərbaycanın tarixi Qələbəsi ilə başa çatan Vətən müharibəsi regionda yeni iqtisadi, siyasi və hərbi reallıqlar yaratdı. Bu gün ölkəmizlə daha yaxın əlaqələr qurmaq istəyən ölkələrin sayı da durmadan artır. Bir sözlə, İkinci Qarabağ müharibəsindəki hərbi-siyasi Qələbə ilə Azərbaycan həm də bölgədəki statusunu ciddi şəkildə möhkəmləndirdi. İndi qalib ölkə kimi Azərbaycan oyun qaydalarını özü müəyyənləşdirir, tərəfdaşlarına, müttəfiqlərinə əməkdaşlıq təkliflərini açıq şəkildə bildirir. Bütün olanlar bizim diplomatik qələbəmizin mühüm tərkib hissələridir. Biz böyük sevinc hissi yaşayırıq, bu sevinc hissi isə bizi qarşıda daha böyük uğurlara, qələbələrə doğru aparır, aparacaq. Yaşasın Ali Baş Komandan, xalqımızın sərkərdəsi cənab İlham Əliyev ! Zəfərin mübarək Şanlı ordu,yenilməz Azərbaycan xalqı!
Məmləkət Qaraçobanova,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası