07 noyabr 2022 14:16
737

Üçrəngli bayrağımız xalqımızın qürur və varlığının təcəssümüdür

Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdən sayılan üçrəngli bayrağımız hər bir Azərbaycan vətəndaşında - yeniyetmə, gənc və yaşlılarda yüksək vətənpərvərlik duyğuları aşılayır. Bayraq insanlarda vətənə sevgi və məhəbbət hissləri yaradır. Gənc nəslin Azərbaycan bayrağına hörmət ruhunda tərbiyə edilməsi, vətəndaş cəmiyyətinin yaradılması və möhkəmləndirilməsinə xidmət göstərir.
Bu gün müstəqil və suveren Azərbaycanın üzərində əzəmətlə dalğalanan üçrəngli bayrağımız xalqımızın qürur və varlığının təcəssümüdür. Bayraq hər bir millətin imzasını, onun kimliyini isbat edən bir varlıqdır.  Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımız xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideyalara sadiqliyini nümayiş etdirir.

 Sevincdə və kədərdə, vətəndə və qürbətdə onun altında toplaşırıq,  O, bizim başımızın üstündə ucadır həmişə…Bayraq elə bir qüdrətdir ki, əlində ən qorxunc silah tutan məğlubedilməz  əsgər  belə,  ona baş əyir. Bayraq elə bir müqəddəs varlıqdır  ki, onun altında ölmək belə şərəflidir. 

Bayrağımızın yaranma tarixi XX əsrin əvvəllərinə təsadüf edir. Bu bayraq 1918 -1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış milli dövlətçilik atributlarından biridir. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası hökumətinin başçısı Fətəli Xan Xoyskinin məruzəsi əsasında Azərbaycanın üçrəngli milli bayrağının təsdiq olunması haqqında qərar qəbul olundu. Milli bayrağımız ilk dəfə həmin gün Bakıda Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qaldırıldı.

Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İmperiya onu 1920-ci ildə süquta uğratdı. Dövlət ilhaq edildi, dövlətçilik ideyaları, mübarizə əzmi yaşadı, yaşadıldı. Dövlət bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, ümummilli lider  Heydər Əliyevin təşəbbüsü ilə keçirilən sessiyada Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul edildi. Sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağımızın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı.        

Sonralar ümummilli lider bu barədə deyirdi: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”. 

Nəticədə 1991-ci il fevralın 5-də bayraq Azərbaycan Respublikasının Ali Soveti tərəfindən ikinci dəfə dövlət rəmzi kimi təsdiq edildi. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra üçrəngli bayrağımız ümumxalq referendumu ilə qəbul edilən Konstitusiyada da öz əksini tapdı.
1991-ci il oktyabr ayının 18-də qəbul olunmuş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını bərpa etdi.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət bayrağının xüsusi əhəmiyyətini vurğulayaraq deyib: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli Dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına!”.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da Bakının Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə keçirilən təntənəli hərbi paradda çıxışında deyib : “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək.”

Məhz dövlətimizin, Prezident İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində həmin gün gəldi. Belə ki, 2020-ci il dekabrın 10-da Bakıda Azadlıq Meydanında keçirilən Qələbə Paradında Şuşa şəhəri azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı parada gətirildi.

Rəşadətli ordumuzun 2020 – ci il sentyabrın 27-dən başladığı  işğal altında qalan torpaqlarımızın azad edilməsi uğrunda apardığı “Dəmir yumruq ”əməliyyatı prezidentimizin bir daha uzaqgörənliyini, müdrikliyini təsdiqlədi. İnanırıq ki, tarixin bu keşməkeşli sınağından üzüağ, alnıaçıq, şərəflə və qürurla çıxan Azərbaycan xalqı qələbəmizin rəmzinə çevrilən dəyərlərimizi daha da möhkəmləndirəcək və dünyanın formalaşmaqda olan yeni strateji mənəzərəsində öz mövqeyini daha da gücləndirəcək.

Bizə bu qürurlu tarixi yaşadan şəhidlərimizin müqəddəs ruhu qarşısında ehtiramla baş əyir, qazilərimizə şəfa, əsgər və zabitlərimizə can sağlığı, güc-qüvvət diləyirik!

Yaşasın, Azərbaycan xalqı, Azərbaycan Bayrağı, yaşasın öz qətiyyətli, parlaq siyasətilə xalqı bir yumruq kimi birləşdirən, Zəfər tarixini yazan Qalib Sərkərdə, Ali Baş Komandan, Prezident cənab İlham Əliyev!

Nəzakət Əsgərova,
Bakı şəhəri, Humanitar fənlər təmayüllü məktəb-liseyin direktoru,
Qabaqcıl təhsil işçisi, Əməkdar müəllim