06 noyabr 2022 21:10
559

Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır

Bu il noyabr ayının 1-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti cənab Abdelmacid Tebbunun dəvətilə Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində səfərdə olmuşdur.

Səfər çərçivəsində cənab Prezident İlham Əliyev Əlcəzair şəhərində Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət etdi. Ölkə başçısı Əlcəzairin azadlığı uğrunda mübarizədə həyatını qurban vermiş döyüşçülərin xatirəsinə ucaldılmış Şəhidlər abidəsi önünə əklil qoydu.

Milli Mücahidlər Muzeyində Əlcəzair hərəkatının rəhbəri Əmir Əbdülqadirin (Əbdülqadir İbn Muhyiddin) şəxsi əşyaları və silahları, onun 1853-cü ildə fransız rəssam Anj Tisyenin çəkdiyi, yalnız 1976-cı ildə Fransa tərəfindən ölkəyə qaytarılmış portreti, mücahidlərə aid silahlar, arxiv materialları və döyüş əşyaları, fotoşəkillər və sənədlər, fransızların xalq hərəkatı iştirakçılarını cəzalandırmaq üçün istifadə etdikləri edam alətləri nümayiş olunur. 1830-1962-ci illərdə Fransa müstəmləkəçiliyinə qarşı aparılmış xalq müqavimətinə həsr olunmuş bu muzey 1984-cü ildə açılmışdır. Fransızlar işğal dövründə 1,5 milyondan artıq insanı amansızcasına qətlə yetirmişlər. Bu səbəbdən də, Əlcəzair “1,5 milyon şəhid ölkəsi” adlandırılır. Ümumilikdə 10 milyona yaxın əlcəzairli işğalın qurbanı olmuşdur.

Muzeylə tanışlıqdan sonra cənab Prezident İlham Əliyev muzeyin xatirə kitabına ürək sözlərini yazdı. Fransanın Əlcəzairdə apardığı siyasəti Ermənistanın 30 ilə yaxın Qarabağda yürütdüyü işğalçılıq siyasətilə müqayisə etdi. Ölkə başçısı rəsmi Parisin ermənipərəst siyasətinin kökündə bu yanaşmanın dayandığını bildirdi. “Ərazisinə görə Afrikanın və ərəb dünyasının ən böyük ölkəsinin 11 milyondan çox vətəndaşına vaxtilə muxtariyyət belə verməkdən imtina etmiş Fransa indi Qarabağda yaşayan 15-20 min erməniyə müstəqillik tələb edir”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Milli Mücahidlər Muzeyini “Əlcəzair xalqının şanlı tarixinin ən faciəli və eyni zamanda, ən qürurverici səhifələrindən birini” kimi qiymətləndirdi. Ölkə başçısı Əlcəzairdə və Azərbaycanda işğalçıların törətdikləri vəhşilikləri müqayisəli şəkildə xatırladaraq xalqa qarşı qətliyam, qanunsuz məskunlaşma və insanların cəsədlərinə qarşı hörmətsizlikdə Fransa və Ermənistanı bir-birinə bənzətdi. Cənab Prezident 1832-ci ildə Əlcəzairin Fransa işğalına qarşı çıxan El-Uffia qəbiləsinin gecə vaxtı qılıncdan keçirilməsini 1992-ci ildə Xocalıdakı soyqırım ilə eyniləşdirdi. Fransanın və Ermənistanın müharibədə Cenevrə konvensiyalarının tələblərini pozaraq qadağan olunmuş silahlardan istifadə etdiyini nəzərə çatdırdı.

1961-ci ilin oktyabrında on minlərlə əlcəzairlinin Fransa işğalını pisləmək məqsədilə Parisdə nümayişi zaman Fransa polisinin açdığı atəş və etirazçıları Sena çayına atması nəticəsində 1500-ə qədər əlcəzairli qətlə yetirilmiş və mindən çox şəxs həbs olunmuşdur. Bu hadisə tarixə “Sena qətliamı” kimi daxil olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bunu ermənilərin 1992-1993-cü illərdə Qaradağlıda, Ağdabanda, Xocalıda və digər yaşayış məntəqələrində azərbaycanlılara qarşı törədilən soyqırıma və qətliamlara bənzətdi.  Fransa hakimiyyəti törətdiyi qətliamlara görə məsuliyyəti boynuna almayaraq Parisdəki faciə ilə bağlı susdu. Cənab Prezident İlham Əliyev Fransa hökümətinin 1945-ci ildə Setifdə, 1961-ci ildə Parisdə törədilən qətliamları ilə Azərbaycanda baş vermiş soyqırımlarla eyniləşdirdi.  

Ölkə başçısı Ermənistan və Fransanın qanunsuz məskunlaşma siyasətindən bəhs edərkən fransızların bu siyasəti nəticəsində heç bir bağlılığı olmadan Əlcəzair əhalisinin 1 milyonunu avropalıların təşkil etdiyini göstərmişdir. 30 il ərzində Ermənistan da Qarabağda regionun etnik tərkibini dəyişmək məqsədilə Yaxın Şərqdən və digər regionlardan erməni əsilli şəxslərin Azərbaycan torpaqlarına köçürmüşlər.

Fransanın insanlığa zidd digər əməli bu ölkənin müstəmləkəsi olan xalqların nümayəndələrinin 500-ü əlcəzairlilərə məxsus olduğu bildirilən 21 min kəllə sümüyünün nümayiş etdirilməsidir. Buna oxşar hadisə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım nəticəsində Azərbaycanın azad olunmuş ərazilərindən kütləvi məzarlıqlar, skeletlər aşkarlanır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Fransa ilə Ermənistanın törətdikləri cinayətlərə görə cavab vermədiyini bildirmişdir. “Göründüyü kimi, ikili standartlar və riyakarlıq bütün hallarda Fransanın dövlət siyasətinin əsas xəttini təşkil edir. Bu riyakarlıq isə bu gün demokratiya adı altında pərdələnir”.

Bahar Məmmədova,
Bakı şəhəri, Xətai rayon İlqar Mirzəyev adına 98 №li tam orta məktəbin Təlim Tərbiyə İşləri üzrə direktor müavini,
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilat sədri