“Azərbaycan xalqı 8 Noyabr – Zəfər Gününü böyük coşğu ilə qeyd edir. 2020-ci il 27 sentyabrda başlanan Vətən müharibəsi ilə dövlətimizin qətiyyəti, ordumuzun gücü, Ali Baş Komandanımızın əzəmətli sərkərdəliyi, xalqımızın birliyi ilə erməni işğalına son qoyuldu. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Azərbaycan dövləti qalib dövlət, xalqımız isə qalib xalq kimi dünya tarixinə öz möhürünü vurdu”.
“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirdi. On minlərlə insanın orduya könüllü kimi yazılması, eləcə də təxribatlar zamanı öz evlərini tərk etməməsi faktı Azərbaycanda xalq-ordu birliyi və orduya olan inamından xəbər verirdi. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi.
O deyib ki, ötən il noyabrın 8-də üçrəngli bayrağımızın Qarabağın döyünən ürəyində, mədəniyyətimizin beşiyi olan Şuşada dalğalanması hər birimizi qürurlandırdı. Şuşanın işğaldan azad olunması növbəti qələbələrimizin əsası kimi dəyərləndirildi. Noyabrın 10-da isə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri arasında imzalanmış bəyanat Azərbaycanın siyasi qələbəsi oldu. 44 gündə Azərbaycan Ordusu işğalçı Ermənistanı diz çökdürdü. Nikol Paşinyanın Azərbaycanın tarixi qələbəsinin təsdiqi olan həmin Bəyanata imza atmağa məcbur edilməsi Ermənistanın məğlubiyyəti oldu. Xalqımız tam əmin idi ki, Prezidentimiz İlham Əliyevin qətiyyəti, düşünülmüş və məqsədyönlü siyasəti, nə zaman nəyi edəcəyi ilə bağlı səsləndirdiyi fikirlərin arxasında dayanan mühüm addımlarının nəticəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz ədalətli həllini tapacaq, soydaşlarımız dogma yurd-yuvalarına qayıdacaqlar. Eyni zamanda, üç rayonumuz-Ağdam, Kəlbəcər və Laçın qan tökülmədən düşməndən geri alındı. Qələbəmizin təmin olunmasında qardaş Türkiyənin birmənalı olaraq mənəvi və siyasi dəstəyi mühüm rol oynadı. Xalqımız bu qardaş dəstəyini böyük minnətdarlıqla xatırlayır və bundan sonra da hər zaman xatırlayacaq.
Millət vəkilinin sözlərinə görə, biz torpaqlarımızın erməni işğalından azad olunması sevincini məhz müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qəhrəman əsgərlərimizin, döyüşçülərimizin sayəsində yaşayırıq: “Məhz onların qanı, canı bahasına, misilsiz vətənpərvərlik və döyüş ruhu sayəsində bu qələbələri qeyd edirik. Bu yolda 3 minə qədər şəhid verdik, minlərlə qazimiz oldu. Biz şəhidlərimizin ruhu qarşısnda baş əyirik, qazilərə Allahjdan şəfa diləyirik, qəhrəman əsgər və zabitlərimizlə, döyüşlərdə iştirak edən hər bir həmvətənimizlə qürur duyuruq. Bu oğulları böyüdüb boya başa çatdıran ana-atalarımıza minnətdarıq. Vətən onlarla sonsuz dərəcədə fəxr edir”.
Fatma Yıldırım qeyd edib ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü bir daha nümayiş etdirdi: “Bu qələbə işğalçı Ermənistanın respublikamıza qarşı heç vaxt hərbi güc nümayiş etdirmək iqtidarında olmayacağını onun özünə və havadarlarına yenidən anlatdı. Bu zəfər onu da göstərdi ki, Azərbaycan regionda siyasi, sosial-iqtisadi sahələrlə yanaşı, hərb sahəsində də liderdir. Məhz buna görə də xalq-iqtidar birliyindən qaynaqlanan Azərbaycanın gücü, qüdrəti Ordumuzun zəfər yürüşünün əsasını təşkil etdi. Prezident İlham Əliyev tərəfindən yürüdülən siyasət xalqı birləşdirən siyasətdir. Azərbaycanın haqq və ədalətli mövqeyi şəxsi ambisiyalardan imtina etməyi və milli maraqlar naminə vahid qüvvə kimi çıxış etməyi tələb edir. Xalq olaraq gücümüzün mənbəyi olan milli birlik dövlətin siyasi dəyəridir. Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz əlavə güc verdi, imkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Bu gün Azərbaycan dünyada güclü, Cənubi Qafqaz regionunun lider dövləti kimi tanınır. İkinci Qarabağ müharibəsində Ermənistanın işğalçı hərbi birləşmlərini öz torpaqlarından qovan və ərazi bütövlüyünü bərpa edən dövlətimizin hazırkı şəraitdə beynəlxalq miqyasda mövqeləri daha da möhkəmlənməkdədir. Bir sözlə, Azərbaycanın tarixində yeni mərhələ başlanıb. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Hər bir vətəndaşımız bu məsələlərdə fəal olmalıdır. Hazırda doğma Qarabağımızda, işğaldan azad olunmuş ərazilərimizdə böyük quruculuq işləri həyata keçirilir. Qarabağın incisi Şuşada görülən işlər hər kəsə məlumdur. Hətta ermənilər də bərpa işlərinin böyük sürətlə həyata keçirildiyini etiraf edirlər. Şuşada Heydər Əliyev Fondu tərəfindən dini, tarixi abidələr bərpa olunur, eləcə də müxtəlif mədəni tədbirlər keçirilir. Xarıbülbül Musiqi Festivalı, Vaqif Poeziya Günlərinin, Milli Musiqi Gününün təşkil olunması buna sübutdur. Bütövlükdə, işğaldan azad olunmuş ərazilərdə sürətli bərpa – quruculuq işlərin aparılması böyük qayıdışın qısa müddət ərzində reallaşmasına hesablanıb. İnsanlar öz doğma yurdlarına qayıtmağı, yaşayıb yaratmağı arzulayırlar və Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz bu arzuları reallığa çevirməkdədir. Biz qarşıdakı günlərdə, aylarda həmin ərazilərdə yeni-yeni açılışların şahidi olacağıq, böyük qayıdışın sevincini yaşayacağıq. Qarabağ tarixi Azərbaycan torpağıdır və bu torpağın sahibi yenidən o yurdalara qayıtdı. Biz bu torpaqlarda bundan sonra əbədi yaşayacağıq. Düşünürəm ki, bundan sonra Azərbaycan tarixində yeni mərhələ, yeni səhifə açılır. Bu mərhələdə müstəqil ölkəmiz daha inamla, daha əzmlə inkişaf edəcək, beynəlxalq müstəvidə öz mövqelərini daha da gücləndirəcək, Qarabağın dirçəlişi ilə yeni tarix yazacaq”.
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası