06 noyabr 2022 00:08
456

Azərbaycan ilə Əlcəzair arasında diplomatik münasibətlər yüksələn xətlə inkişaf edir

Azərbaycan ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini əldə etdikdən sonra onun qarşısında bir çox mühüm vəzifələr dayanırdı. Bu zaman ən öndə olan vəzifə müstəqil Azərbaycan Respublikasını dünyaya tanıtmaq idi. Təbii ki, bunun üçün də düzgün və ölkənin maraqlarına xidmət edəcək xarici siyasət kursu həyata keçirmək zəruri sayılırdı. Müstəqilliyin ilk illərində Azərbaycana rəhbərlik edən ayrı-ayrı siyasi qüvvələr, hakimiyyətlər həqiqətən də bu siyasəti düzgün həyata keçirə, müstəqil Azərbaycanın xarici siyasət konsepsiyasını müəyyənləşdirə bilmədilər. Bu mənfi tendensiya Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyun ayında hakimiyyətə gəlməsinə qədər davam etdi. Qeyd edilən tarixdə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev bütün istiqamətlərdə olduğu kimi xarici siyasət sahəsində də yeni dövrün tələblərinə uyğun şəkildə addımlar atmağa başladı. Bütün yaxın və uzaq ölkələrlə normal əlaqələr qurmağı xarici siyasətdə əsas prioritet hesab edən Ümummilli Lider Heydər Əliyev İslam dünyası, ərəb ölkələri ilə əlaqələrə də xüsusi diqqət yetirir, Azərbaycan ilə müsəlman aləmi arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsini zəruri hesab edirdi.

Müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi ərəb ölkələrinə ilk rəsmi səfər edən Ulu Öndər Heydər Əliyev İki Müqəddəs Ocağın Xadimi Kral Fəhd, İslam Konfransı Təşkilatı, İslam İnkişaf Bankı, İslam Aləmi Liqasının rəhbərləri ilə danışıqlar aparmaqla bərabər, müqəddəs Kəbəni də ziyarət edib.

Şimali Afrika ölkələrindən olan Əlcəzair 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıyıb. Azərbaycan Respublikası və Əlcəzair Xalq Demokratik Respublikası arasında diplomatik əlaqələr 1994-cü ilin aprel ayının 22-də qurulmuşdur. İki ölkə arasında əlaqələr müxtəlif sahələri özündə əhatə edir. bura iqtisadi, siyasi, mədəni və təhsil sahələrini əlavə etmək olar. Azərbaycan və Əlcəzair arasında beynəlxalq təşkilatlar, həmçinin BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində fəal əməkdaşlıq həyata keçirilir.

Azərbaycanla Əlcəzair münasibətlərində bir neçə məqam var ki, onlardan biri də ölkəmizin tarixən ərəb dünyası ilə sıx əlaqələrinin olmasını, münasibətlərə böyük dəyər verməsini özündə ehtiva edir. Azərbaycanı İslam ölkələri ilə bağlayan əlaqələrin içərisində dini və mədəni dəyərlər əsas yerdədir. Müsəlman dünyası ilə həmrəy olmaq Azərbaycanın həyata keçirdiyi qlobal siyasətin tərkib hissəsidir.

1830-1962-ci illər ərzində 1,5 milyon əlcəzairlini fransızlar vəhşicəsinə qətlə yetirib, dəhşətli soyqırım aktı həyata keçiriblər. Bütövlükdə 10 milyona yaxın əlcəzairlinin Fransanın müstəmləkəçilik dövrünün qurbanı olması, öz azadlığını tələb edən əlcəzairlilərə qarşı kütləvi qətliamlar, çoxsaylı müharibə və insanlıq əleyhinə cinayətlər törətməsi gerçək tarixdir. Əlcəzair soyqırımı Fransanın alnındakı gizlədilməsi mümkün olmayan qara ləkədir. Lakin keçmişindən utanmayan Fransa qondarma erməni soyqırımına həqiqət donu geyindirmək üçün dəridən-qabıqdan çıxır.

Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısındakı çıxışında dövlətimizin başçısı Fransanın hazırda da davam etdirməyə cəhd göstərdiyi siyasətə öz münasibətini bildirdi: “Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Bu gün biz bu faciəni anaraq gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik”. Prezident İlham Əliyevin Əlcəzairdə qəti və aydın mesajları ilə Fransanın anti-Azərbaycan siyasətinə cavab verməsi təkcə Azərbaycanda deyil, Əlcəzairdə və mötəbər Ərəb Dövlətləri Liqasının üzvü olan dövlətlər tərəfindən də rəğbətlə qarşılanıb.

Cavid Mehdizadə,
YAP Xətai rayon təşkilatının fəalı