Bütün zamanlarda Azərbaycan xalqı daim sülhün və əminamanlığın tərəfdarı olaraq çıxış edib. Lakin daha bir həqiqət budur ki, düşmən xalqımıza, dövlətimizə qarşı öz mənfur niyyətini həyata keçirməyə cəhd edəndə, düşmən sülh dilini anlamayanda ona layiqli cavab verilir. Çünki səbrin də bir həddi-hüdudu vardır. 2020-ci ilin sentyabrına qədər işğalçı və təcavüzkar Ermənistanın sülh danışıqları prosesini pozması, təmas xəttində tez-tez təxribatlara əl ataraq mülki əhaliyə atəş açması Azərbaycana hərbdən başqa yol qoymadı. Əvvəlcə Tovuzda baş verən təxribatın ardınca sonrakı vaxtlarda digər ərazilərimiz, mülki əhalimiz atəş altına alındı. Buna isə artıq dözmək, səbr göstərmək olmazdı…Lakin danılmaz həqiqətdir ki, müharibədə qələbə döyüş meydanında tökülən qanlar hesabına qazanılır. 2020-ci ilin sentyabrın 27-də torpaqlarımızın azadlığı uğrunda başlayan Vətən müharibəsi də məhz belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır ki, bu savaş özündə inam hissi ilə yanaşı, həm də ədalət faktorunu əks etdirdi. Torpaqlarımız 30 ildir işğal altında saxlayan Ermənistanın hərbi təxribatları müntəzəm xarakter alanda Azərbaycan cavab vermək məcburiyyətində qaldı!Məhz həmin andan etibarən Azərbaycan xalqının ürəyi eyni anda döyündü, Vətənin azadlığı üçün ölçüyəgəlməz mütəşəkkillik, xalq-dövlət birliyi dünyanı heyrətə gətirdi.
Prezident, Ali Baş Komandan İlham Əliyev müharibənin ilk günlərindən başlayaraq, dəfələrlə Ermənistana xəbərdarlıq etdi, işğalçını hərbi təxribatlardan əl çəkməyə, mülki obyektlərin atəşə tutulmasını dayandırmağa, atəşkəs rejiminin qaydalarına əməl etməyə, münaqişənin sülh yolu ilə həlli istiqamətində Azərbaycan tərəfinin səylərinə adekvat reaksiya verməyə səslədi. Lakin rəsmi İrəvan Azərbaycan tərəfinin bu çağırışlarına məhəl qoymayaraq, təxribatlarını davam etdirdi. Bu da ordumuzun bütün cəbhəboyu əks-hücuma keçməsi ilə nəticələndi. Silahlı qüvvələrimizin ortaya qoyduğu əzm və iradə bir daha Azərbaycanın işğal faktı ilə barışmayacağını və düşməni silah gücünə də olsa, bu torpaqlardan çıxaracağını, ölkəmizin ərazi bütövlüyünü təmin edəcəyini təsdiqlədi. Prezident, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqına müraciəti, habelə Təhlükəsizlik Şurasının iclasındakı çıxışı da dövlətimizin təxribatların qarşısını almaq üçün lazımi güc və qətiyyətə sahib olduğunu və bu istiqamətdə bundan sonra da zəruri addımları atacağını göstərdi. Bu gün vətəndaşlarımızda sonsuz bir torpaq sevgisi var. Vətən müharibəsi həmvətənlərimizin qəlbinin, ruhunun dərinliklərində öz oyanış vaxtını gözləyən enerjiyə yol açdı, adi həyatda fərqinə varmadığımız, lakin vətən torpaqları uğrunda ölüm-dirim mübarizəsi anında bir anda baş qaldıran mübarizlik və qəhrəmanlıq xüsusiyyətləri hər kəsə siraət etdi. Fərdi qəhrəmanlıq qrup və kollektiv qəhrəmanlığı doğurdu, qısa zamanda bu bütün xalqın qəhrəmanlığına yol açdı. Müharibənin ilk günündən Ali Baş Komandanın tam qələbəyə inamlı çağırışı, zəfər ümidli müraciətləri bütün xalqımızı qəhrəmana çevirirdi. Genetik kodlarımızda oturduğuna görə bu çağırışlar babalarımızın döyüş ruhunu və vərdişlərini dirçəltməyimizə və döyüş meydanında təsdiq etməyimizə gətirib çıxardı. Ulu öndər Heydər Əliyev deyirdi: “Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır”. Əlbəttə, bu, öz-özünə baş verən proses deyil, bu, yalnız ardıcıl milli siyasət yürüdülməsi, məqsədyönlü dövlət strategiyasının həyata keçirilməsi sayəsində tədricən formalaşan, zamanın tələb etdiyi həyati dönüş anında isə yatmış vulkan kimi püskürən bir prosesdir. Bu, milli ruhun və dirənişin üsyan anıdır, özünütəsdiq nöqtəsidir. Vətən müharibəsi aparan, öz ərazisində işğal edilən torpaqları azad etmək üçün müharibə aparıb zəfər çalan xalqın və onun ordusunun, sivil vətəndaşının və əsgərinin düşmən üzərində qələbəsi isə tamamilə fərqli meyarlar yaradır, vətəndaşın düşüncə və fəaliyyətinin məzmununu, formasını, tərzini, miqyasını müsbət istiqamətdə dəyişdirir, birbaşa insan mənəviyyatına nüfuz edir. Qeyd etməliyik ki, Vətən müharibəmizdə parlaq qələbəmiz tarixən xalqımıza xas olan ədalətə inamı artırdı, diqqətəlayiq isə budur ki, ədaləti özümüz bərpa və bərqərar etdik. Aydındır ki, uzun illərdən sonra ilahi ədalətin, hüququn aliliyinin, insanların təməl haqlarının təmin edilməsi birlik və vəhdətin sarsılmaz gücünü göstərməklə yanaşı, milli birlik hisslərinin gücünü ortaya qoyur. Yumruğumuz daim başlarının üstündə olmaldır ki, Prezidentimizin dediyi kimi bizim tərəfə baxmağa belə cəsarət etməsinlər. Qonşu olduğumuzdan qarşılıqlı kommunikasiya asılılqlarına görə, xoş niyyətimizə görə təbii ki, ermənilərlə əməkdaşlıq edəcəyik. Lakin 30 illik erməni işğalının və 44 günlük qalibiyyətli Vətən müharibəsinin verdiyi mühüm dərslərdən biri hər zaman ehtiyatlı olmaq, düşməndən qat-qat güclü olmaq, onlara və havadarlarına xas olan feillərə əsla uymamaqdır.
Aynur Həsənova,
YAP-ın gənc fəalı
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası