05 noyabr 2022 12:12
334

Fransa ordusu öz azadlığını tələb edən əlcəzairlilərə qarşı kütləvi qətliamlar və insanlıq əleyhinə cinayətlər törədib

Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Bu gün biz bu faciəni anaraq gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik.

Prezident İlham Əliyev irili-xırdalı ərəb ölkələrinin liderləri qarşısında Ermənistanın 30 illik işğal dövründə Azərbaycan torpaqlarında həyata keçirdiyi soyqırım siyasətini bütün çılpaqlığı ilə ortaya qoydu və təəssüf ki, dünyanın özünü adil demokratik hesab edən Fransa kimi cəmiyyətlərinin bu vandallığı görməzdən gəldiyinə eyham vurdu. Amma əlbəttə, düşmən qarşısında heç vaxt geri çəkilməyən Azərbaycan həmin torpaqları 44 günlük Vətən savaşı nəticəsində geri qaytardı və hazırda 30 il sürəkli  şəkildə tarmar edilən bu insan nəfəsinə möhtac qalmış torpaqlara yeni nəfəs verməkdədir.

Prezident İlham Əliyev çıxışı boyunca Ermənistanın 30 il ərzində işğal etdiyi Azərbaycan torpaqlarında etdiklərini vaxtilə Fransanın Əlcəzairdə törətdiyi vəhşiliklərlə müqayisə edib ki, bu da rəsmi Parisə tutarlı cavabdır. “10 min kvadratkilometrdən çox ərazinin tamamilə məhv edildiyini gördük. Şəhərlər, kəndlər, binalar, tarixi abidələr, hətta bizim əcdadlarımızın qəbirləri dağıdılmışdı. İşğal zamanı 67 məsciddən 65-i Ermənistan tərəfindən tamamilə məhv edilib. Bu isə terrorçu Ermənistan dövlətinin islamofob mahiyyətinin təzahürüdür” deyən cənab Əliyev bildirib ki, Mücahidlər Muzeyini ziyarət edərkən ona tükürpədici məlumatlar verilib. Məsələn, deyilib ki, Fransanın işğalı dövründə fransızlar Əlcəzair torpaqlarına 5 milyondan çox mina basdırıbmış. Eynilə Fransanın himayə etdiyi Ermənistan kimi. Axı ermənilər də Azərbaycan torpaqlarına bir milyondan çox mina basdırıblar.

Bu arada, bilməyənlər üçün bu muzey barədə qısaca məlumat verim: Əlcəzairin azadlığı uğrunda mübarizədə həyatını qurban vermiş döyüşçülərin xatirəsinə ucaldılmış Şəhidlər abidəsi ölkənin müstəqilliyinin 20-ci ildönümü münasibətilə 1982-ci ildə açılıb.

Milli Mücahidlər Muzeyi Əlcəzair xalqının şanlı tarixinin ən faciəli və eyni zamanda, ən qürurverici səhifələrindən birini özündə əks etdirən mühüm kompleksdir. Bu muzey Əlcəzair xalqına qarşı misli görünməmiş qəddarlıqla və şiddətlə həyata keçirilən müstəmləkə siyasətinin, müharibə və insanlıq əleyhinə cinayətlərin, müstəmləkəçi qüvvələrə qarşı ümumxalq mübarizəsinin və bir milyon yarım şəhidin canı bahasına qazanılmış müstəqillik qələbəsinin yaddaşlarda qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Qeyd etdiyimiz kimi, Fransa ordusu öz azadlığını tələb edən əlcəzairlilərə qarşı kütləvi qətliamlar, çoxsaylı müharibə və insanlıq əleyhinə cinayətlər törədib. Eyni cinayətlər Qarabağda yaşayan və erməni işğalına qarşı çıxan azərbaycanlılara qarşı da həyata keçirilib. Məsələn, 1832-ci ildə Əlcəzairin Fransa tərəfindən işğal edilməsinə qarşı çıxan Əl-Uffia qəbiləsi gecə yatdığı yerdə qılıncdan keçirilib. Müqayisə üçün, 1992-ci ildə Xocalıda da eyni hadisə yaşanıb - əliyalın insanları qəfil haqlayan ermənilər uşaq-böyük, qadın-kişi fərqi qoymadan öldürüb və ya soyqırım törədiblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxış edərkən deyib.

Əlcəzairə səfəri çərçivəsində Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət etdiyini vurğulayan dövlətimizin başçısı bildirib: “Bu gün bu dəhşətli hadisəni xatırlayarkən gələcəkdə belə fəlakətlərin qarşısının alınması üçün əlimizdən gələni etməliyik”.

Mirhaşim Calalov,
II Qarabağ müharibəsi iştirakçısı, həkim