Mənfur qonşularımızın tarixi torpaqlarımızı işğalı nəticəsində Azərbaycan 30 ilə yaxın müddətdə ərazisinin 20%-ini talan edən Ermənistanla danışıqlar apararaq Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə nizamlamağa çalışdı. Hələ başlanğıcı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kursa uyğun yolu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpası üçün ilk növbədə, iqtisadi gücün vacibliyini bəyan etdi. Düzgün strategiya və düşünülmüş məqsədyönlü siyasət nəticəsində Azərbaycan güc toplamağa başladı, iqtisadi müstəqillik təmin edildi, Azərbaycan iqtisadi cəhətdən heç kimdən, heç bir ölkədən, heç bir beynəlxalq maliyyə qurumundan asılı olmayan müasir dövlətə çevrildi, dünya üçün çox nadir inkişaf modelini yaratdı. Ölkənin iqtisadi cəhətdən yüksəlişi ordu quruculuğunda da dönüşə səbəb oldu, Azərbaycan Ordusunun arsenalı ən müasir silah və hərbi texnika ilə gücləndirildi, hərbçilərin bilik və bacarıqları artırıldı, onların sosial müdafiəsinin, iş şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldı. Azərbaycanın müdafiə sənayesi inkişaf etdirildi, ordunun daxili tələbatının böyük hissəsi daxili istehsal hesabına təmin olundu. Ən əsası Azərbaycan xalqı ötən 30 illik dövr ərzində işğalla barışmadı və ərazi bütövlüyünü bərpa etmək üçün sarsılmaz əzm göstərdi. Prezident İlham Əliyevin rəhbərliyi dövründə yetişən, formalaşan vətənpərvər gənclər Vətəni qorumaq üçün hər cür fədakarlığa hazır olduqlarını dönə-dönə sübut etdilər.
Bu dövr ərzində çoxşaxəli, prinsipial, dürüst xarici siyasətin yürüdülməsi, beynəlxalq təşkilatlarla və xarici dövlətlərlə fəal işin aparılması, sıx əlaqələrin qurulması, həyata keçirilən regional enerji və kommunikasiya layihələri Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini xeyli gücləndirdi, ölkənin nüfuzunu artırdı, bölgədə Azərbaycanın iradəsi həlledici amilə çevrildi.
Azərbaycan dəfələrlə Ermənistanı işğal etdiyi ərazisini geri qaytarmağa çağırdı, Ermənistan nəinki bu çağırışlara məhəl qoymadı, əksinə, yeni Azərbaycan torpaqlarını işğal etməyə həvəsləndi, ardıcıl hərbi təxribatlar törətmək yolunu seçdi. Ermənistan danışıqlar prosesinin formatını və məzmununu məhv etməklə, danışıqların imitasiyasını aparmaqla, BMT TŞ-nın qətnamə və qərarlarının icra etməməklə sülh tərəfdarı olmadığını açıq şəkildə ortaya qoydu.
2020-ci ilin iyul ayında Ermənistan Azərbaycanla dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribat törətdi. Təxribatın məqsədi regionda yeni gərginlik mənbəyi yaratmaq, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı məsələsini ikinci plana keçirmək, üçüncü dövlətləri münaqişəyə cəlb etmək və Azərbaycanın strateji infrastrukturuna zərər vurmaqdan ibarət idi. Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə endirərək ona layiqli cavab verdi. Lakin, 2020-ci ilin avqust ayında Ermənistan daha bir hərbi təxribata əl ataraq, terror aktları törətmək məqsədilə Azərbaycana diversiya qrupu göndərdi. Azərbaycan Ordusu bu təxribat planını da pozdu.
2020-ci il sentyabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxışı zamanı Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşması barədə dünya birliyini yenidən xəbərdar etdi: “Ermənistan bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul edib… Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə dəvət edirik. Təxribatların baş verməsinə və gərginliyin artmasına görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti irimiqyaslı hərbi əməliyyatlara başlamasına, Azərbaycan Ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə atəş zərbələri endirməsinə cavab olaraq əks-hücum əməliyyatı işə düşdü, sonradan “Dəmir Yumruq” adını alan bu əməliyyat Vətən müharibəsinə çevrildi. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər etdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Bu dövürdə xaricdə yaşayan həmvətənlərimizin Ali Baş Komandanın hər bir müraciətini və Azərbaycanın haqq səsinin bütün dünyaya çatdırılması ilə yanaşı mənfur qonşularımızın mənfur himayədarlarının yalan məlumatlar yayma cəhdlərinin qarşının alınmasında da yaxından iştirak edərək öz vətənləri üçün vacib işlər gördülər.
Beləliklə 2020-ci il noyabrın 8-i Azərbaycan tarixinə qızıl hərflərlə Zəfər günü kimi yazıldı. Prezident İlham Əliyev xalqa müraciətini Şəhidlər xiyabanından edərək Şuşa şəhərinin işğaldan azad olunmasını Azərbaycan xalqına, bütün dünya azərbaycanlılarına elan etdi: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! …Bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq… Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”.
Şuşanın azad olunmasından bir gün sonra 70-dən çox yaşayış məntəqəsi də işğaldan azad edildi, düşmən diz çökdürüldü, onun kapitulyasiya aktına imza atmaqdan başqa çıxış yolu qalmadı.
2020-ci il noyabrın 10-da Ermənistanın kapitulyasiya aktı- “Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı” imzalandı. Bu bəyanat bütün dünyaya bir daha Azərbaycanın regionda söz sahibi olduğunu sübut etdi.
Vilayət Mirzəyev,
SOCAR “Qaz İxrac” İdarəsinin İnformasiya kommunikasiya texnologiyaları şöbəsinin rəisi,
YAP Xətai rayon təşkilatının "R.Əliyev küçəsi 19" ünvanında yerləşən ərazi partiya təşkilatının sədr müavini
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası