Bir neçə gündən sonra Vətən müharibəsində qazandığımız şanlı Zəfərin ikinci ildönümünü qeyd edəcəyik. Savaş meydanında qəhrəmancasına qalib gələrək, tarixi ədaləti bərpa etdik, şəhidlərimizin intiqamını aldıq. Torpaqlarımız azadlığa qovuşdu, uzun illər davam edən həsrət sona yetdi, biz doğma ellərimizə qayıtdıq. Azərbaycanın üçrəngli Dövlət Bayrağı işğaldan azad edilmiş ərazilərdə əzəmətlə dalğalanır və əminik ki, bu əbədidir. Şərəfimiz, and yerimiz olan Bayrağımız dünya durduqca uca zirvələrdə dalğalanacaq.
“İki sahil” xəbər verir ki, bu fikirlər hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant, Azərbaycan Jurnalistlər Birliyinin üzvü İsa İsmayılovun və publisist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nadiyə Qafarovanın AZƏRTAC üçün qələmə aldıqları “Fərqli bucaq altında baxış və ya neohibrid savaşın təzahürləri” sərlövhəli məqalədə yer alıb. Məqaləni təqdim edirik.
Azərbaycan Ordusunun şücaəti qarşısında tab gətirməyən, açıq döyüşdə məğlub olan düşmən təcavüzkar xislətinə uyğun olaraq, havadarlarının da dəstəyi ilə çirkin addımlara, təxribatlara əl atdı, müharibəni informasiya müstəvisinə yönəldərək, dövlətimizin, ordumuzun, ölkə rəhbərliyinin əleyhinə qarayaxma kampaniyaları apardı. İnformasiya qarşıdurması bu gün də davam etməkdədir. Bütün bunlar yeni nəsil savaşların - neohibrid müharibənin təzahürüdür. Əminik ki, biz, dünya azərbaycanlıları, dövlətimizin ətrafında “Dəmir yumruq” kimi birləşərək bu savaşdan da uğurla, alnıaçıq çıxacağıq.
Azərbaycanlılar Vətəninə sevgi və hörmət bəsləyən, şərəf və vicdanını uca tutan, daim ordumuza dayaq olan, dəstək verən vətənpərvər insanlardır. Vətən müharibəsində nümayiş etdirdiyimiz həmrəylik, birlik və vətənpərvərliyimiz bütün dünyaya bir daha sübut etdi ki, sadaladığımız dəyərlər azərbaycanlılar üçün müqəddəsdir. Bu dəyərlərin itirilməsi bizi köklərimizdən qoparacaq, kökləri olmayan ağac isə məhv olmağa, qurumağa, küləklərə sovrulmağa məhkumdur.
Təsadüfi deyil ki, düşmənin hiyləsi, məkrli planları da məhz bir çox etnik qrupların, müxtəlif dini konfessiyaların tolerantlıq, dostluq şəraitində yaşayan ölkəmizin, xalqımızın parçalanmasına, tarixi köklərin qırılmasına hesablanmışdır. Məqsəd cəmiyyətin mənəvi bünövrəsini sarsıtmaq, insanları pərən-pərən salmaq, çaşqınlıq yaratmaq və nəticədə yenidən təcavüz edərək, məğlub etmək, məhv etməkdir. Pərdəarxası oyunların, informasiya qarşıdurmalarının, neohibrid savaşın bir səmti də saxta məlumatları yaymaq, qlobal internet şəbəkəsi, onlayn media resursları, telekanallar, sosial şəbəkələr vasitəsilə mənfi məzmunlu kampaniyalar aparmaqla ictimaiyyət arasında mənfi rəy formalaşdırmaq, beyinləri zəhərləmək, vətəndaşlarla dövlət qurumları arasında bağları, sağlam əlaqələri qırmaq cəhdlərindən ibarətdir. Bu qəbildən olan kampaniyalar və informasiya hücumları məkrli fərdlər, xaricdə, həmçinin daxildə yaşayan, sapı özümüzdən olan baltalar, bizi gözü götürməyənlər tərəfindən səxavətlə bəslənən qrant həvəskarları, eləcə də xarici “mütəxəssislər” üçün fürsət, əsl fəaliyyət meydanıdır. Axı, rahat kresloda əyləşib fikir söyləmək, qınamaq, tənqid etmək, təhqirlər yağdırmaq çox asandır.
Hibrid müharibələrin əsas fəaliyyət sahələrindən biri informasiya məkanı, hədəf istiqamətlərindən biri isə insan şüuru, daxili aləmi, xəyal dünyasıdır. Təsir mexanizmi əhalinin narahatlığına, bədbinliyinə səbəb olan, qorxu, həyəcan, daxili təlatüm yarada biləcək xəbərləri yaymaqla informasiya hücumlarının təşkil edilməsindən ibarətdir. Çünki çaşqın insanlar məlumatların psixoloji emalından daha asan imtina edir, düşünmək, təhlil aparmaq, gizli mətləbləri anlamaq istəyindən vaz keçirlər və nəticədə düzgün qərar qəbul edə bilmirlər. Azərbaycan cəmiyyəti çərçivəsində bu cür informasiya hücumları bəzi yerli KİV-lərdə və sosial şəbəkələrdə davamlı olaraq intihar, boşanma, qadına, uşaqlara qarşı şiddət, amansız davranış aşılayan, kin, nifrət dolu xəbərlərin, şəkillərin və videosüjetlərlərin yayılması ilə baş verir. Mənfi məlumat bolluğu sayəsində artıq insanların daxili aləmində zorakılığa qarşı sanki bir növ immunitet yaranıb, insan psixikası bu neqativ emosiyalarla, zorakılıq obrazları ilə yavaş-yavaş barışır, tədricən cəmiyyətdə biganəlik tendensiyaları adi hal alır. Günbəgün böyük bir kütlənin daxilində ikitirəlik formalaşır, orqanizmin mənfiyə reaksiya vermə qabiliyyəti zəifləyir, müsbət duyğular kortlaşır, zehin kütləşir, kəskinliyini itirir. Genetik səviyyədə olmasa da, sanki duyğusal anlamda insanlar zombiləşir. Bu, neohibrid savaşın dağıdıcı nəticələridir.
Cizgi və animasiya filmlərində, eləcə də digər ekran əsərlərində ötürülən subliminal mesajlar sayəsində müsbət qəhrəmanlar obrazı tamamilə məhv edilir və ya dəbdən düşür. Acınacaqlı və həyəcan təbili vurmalı olduğumuz ən əsas məqam isə uşaqların asudə vaxtlarını dolduran, yeniyetmələrimizi ağuşuna alan video oyunların qəddarlıqla, zorakılıqla, amansızlıqla, şiddətlə dolu olmasıdır. Uşaqlar mütəmadi olaraq sosial mediada nümayiş olunan zorakılıq səhnələrini həyəcanla müzakirə edir, paylaşır və özləri də hətta hiss etmədən günbəgün bu mənfi amillərin təsiri altına düşürlər. Təəssüf ki, bu növ paylaşımların edilməsi, insan psixikasına mənfi təsir göstərən məlumatların yayımlanması müasir tendensiya, dövrün trendinə çevrilib. Bədbəxt hadisənin şahidi olanlar xəsarət alanlara, qəza qurbanlarına kömək etmək, yardım əli uzatmaq əvəzinə, baş vermiş hadisəni, yaranmış vəziyyəti mobil telefon vasitəsilə çəkərək başqalarından daha tez sosial şəbəkələrdə yaymaqla gündəmdə qalmağa can atırlar. Əslində isə bu cür rəftar təbiətcə istiqanlı, mərhəmətli azərbaycanlılara xas deyil. Bu səbəbdən də belə düşüncə tərzi tədricən, planlı şəkildə cəmiyyətimizə, insanların beyninə yeridilir və insanlarımızda xeyirxah davranışlara qarşı biganəlik formalaşdırmaq məqsədi güdür.
Toxunmaq istədiyimiz başqa bir vacib məqam hər bir ölkənin, dövlətçiliyin sütunu hesab edilən güc mərkəzlərini, xüsusən də Azərbaycan Ordusunu hədəfə alan informasiya hücumlarıdır. Çox zaman Azərbaycan Ordusunun komandanlığının ünvanına səsləndirilən tənqidlər, neqativ fikirlər sosial media platformalarından planlı şəkildə və sistematik yayımlanır. Bizlər də bu neqativ məlumatları açıb oxuduqca, reaksiya verdikcə bilməyərəkdən də olsa, bu növ məlumatların təsir dairəsinə daxil olmuş oluruq. Bu planların ən əsas məqsədlərindən biri də məhz insanların qəlbinə şübhə toxumu səpməkdir.
Şəxsi ambisiyaları, fitnə-fəsadları qırağa qoyub, ilk növbədə unutmamalıyıq ki, ordusuz hər hansı bir dövlətin, ölkənin varlığı mümkünsüzdür, xüsusilə də müasir dövrdə. İndiki dünya nizamında güclü, peşəkar, istənilən təhdidlərə adekvat cavab verə biləcək, müdafiə qabiliyyəti yüksək olan ordunun mövcudluğu həyati zərurət məsələsidir. Bundan əlavə, qüdrətli ordu xalqın qürur mənbəyi, gələcək uğurların təminatçısıdır. Əlbəttə ki, ordu da nəhəng, çoxminli kollektiv kimi çatışmazlıqlardan sığortalanmayıb. Lakin etik normalara sığmayan, qanunlara, o cümlədən dövlət sirri haqqında qanuna zidd olan məlumatların sızdırılması, sosial şəbəkələrdə paylaşılması çatışmazlıqları aradan qaldırmaq üçün deyil, başqa məqsədlər güdür. Heç şübhəsiz ki, ölkəsini ürəkdən sevən, orduya can yandıran, respublikamızda baş verən müsbət proseslərə laqeyd olmayan vətənpərvər insanlar sosial mediada, yəni, açıq, hamıya, o cümlədən düşmənlərimiz üçün də əlçatan məkanda silah, texnika, bölmələrin dislokasiyası, yerdəyişmələri, ştat-struktur quruluşu barədə məlumatları sızdırmaz və ən əsası ordumuzun nüfuzuna xələl gətirən addımlara yol verməz. Həm də ki bizlərə illər boyu gözlədiyimiz Qələbə sevincini nəsib edən Azərbaycan Ordusuna.
Yuxarıda qeyd etdiyimiz kimi, informasiya qarşıdurmasının, neohibrid savaşın ən başlıca məqsədlərindən biri də məhz Azərbaycanın hərbi gücünü zəiflətməkdir. Bununla bağlı bəzi nüanslara toxunmaq istərdik.
Azərbaycana müasir silah və hərbi avadanlıqların satışına qadağa qoyulmasına can atan qüvvələr beynəlxalq müstəvidə uğur əldə edə bilmədiklərindən ölkəmizin siyasi və hərbi uğurlarına kölgə salmağa çalışır. Vətən müharibəsi əyani surətdə sübut etdi ki, Azərbaycanın əsas hərbi gücü vətənpərvər gənclər, vahid komandanlıqdan idarə olunan ordu, iqtisadi qüdrətimiz və ən müasir silahlardır. Vətən müharibəsində Qələbəmizi şərtləndirən başlıca amillərdən biri də məhz gənc vətənpərvər nəsildir. Azərbaycançılıq məfkurəsi, xalqımıza xas olan zəngin ailə ənənələrinə, mənəvi dəyərlərə söykənərək böyüyən gənc nəslin nümayəndələri Zəfər tarixini yazan müzəffər Azərbaycan əsgərləridir.
Qəhrəmanlıq tariximiz olduqca zəngindir. Xalqımız, torpağımız böyük, qüdrətli, adları dillər əzbəri olan igid qəhrəmanları yetişdirib. Fikrimizcə, müsbət qəhrəmanı səciyyələndirən əsas xüsusiyyətlərdən biri də təvazökarlıqdır. İgidə öyünmək yaraşıq deyil. Bu ulu əcdadlarımızın müdrik kəlamıdır. Təəssüf ki, milli-mənəvi dəyərlərimizin sarsıdılmasına, insanların, xüsusilə də gənc nəslin nümayəndələrinin yalançı meyarlara sövq edilməsi məqsədinə xidmət edən neohibrid savaşlar postmüharibə dövründə geniş vüsət alıb, dil pəhləvanları, lovğalar, bəzi hoqqabazlar fürsətdən istifadə edərək baş qaldırıblar. Məqsəd isə bəllidir – şəhidlərimizin qanı-canı bahasına qazandığımız Qələbənin əhəmiyyətini azaltmağa nail olmaq, əsgər valideynləri, şəxsi heyət arasında ordu rəhbərliyinə qarşı inamsızlıq yaratmaq, cəmiyyətdə çoxtirəliyə nail olmaq, gənclərdə vətənpərvərlik hisslərini zəiflətmək, hərbi xidmətə marağı azaltmaq, döyüşə, Vətənin müdafiəsinə hazır olma duyğularını öldürmək, bədbin, pessimizm toxumları səpməkdir. Adi hadisəni, kiçik nöqsanı, hər hansı məişət zəminli cinayəti əldə bayraq edənlərin əsas hədəfi kimliyindən asılı olmayaraq müxtəlif vəzifələr daşıyan fərdlər deyil, ümumilikdə ordu rəhbərliyidir. Fikrimizcə ordumuzla, Vətən müharibəsi ilə bağlı istənilən məlumatların ictimailəşməsinə xüsusi həssaslıqla yanaşılmalıdır. Unutmamalıyıq ki, məhz vətənpərvər, yurdsevər insanların, ümumi məqsəd naminə həmrəy olan gənclərin, qətiyyətli iradənin və düzgün strategiyanın sayəsində biz tarixi Qələbə qazandıq, torpaqlarımızı işğaldan azad etdik. Birlik, yüksək mənəviyyat, vətənpərvərlik, əzm, qətiyyətli iradə, siyasi erudisiya, diplomatik sahədə uğurlarımız möhtəşəm Zəfərimizi şərtləndirdi. Budur, Azərbaycan xalqı! Həmrəylik, bir-birimizə dəstək, vahid ideya, ümumxalq məqsəd ətrafında birləşmək bacarığı millətimizin böyüklüyünü Vətən müharibəsi zamanı bütün dünyaya bir daha göstərdi.
Neohibrid müharibənin təzahürü olan dağıdıcı informasiyaların psixoloji təsirindən yalnız öz dünya görüşümüzü genişləndirməklə, siyasi savadımızı artırmaqla qurtula bilərik. Yaxşını yamandan ayırmaq, neqativ informasiyaların təsirini zəiflətmək üçün, başqasının şahmat oyununda piyada olmamaq üçün mediada və sosial şəbəkələrdə fəal maarifləndirmə işlərinin aparılması olduqca vacibdir. Əbəs yerə deməyiblər ki, xəbərdar olan, zəruri informasiyaya malik olan silahlıdır.
Şübhəsiz ki, ölkəmizdə sadaladığımız neqativ halların qarşısını almaq üçün kifayət qədər işlər görülür. Amma bu məsələyə hər bir vətəndaş fəal qoşulmalıdır, bu, artıq zamanın tələbidir. Ölkəsini sevən, dövlətçiliyimizə bağlı olan, ordumuza hörmətlə, rəğbətlə yanaşan, Şanlı Zəfərimizdən qürur duyan insanlar tapşırıq gözləmədən, göstəriş almadan informasiya qarşıdurmasına qatılmalı, neohibrid savaş əməliyyatlarına qarşı səfərbər olmalıdır. Respublikamızda fəaliyyət göstərən internet telekanalları, blogerlər, ekspertlər, sosial şəbəkə istifadəçiləri, savadlı və fəal gənclər, ehtiyatda olan hərbçilər, media nümayəndələri özləri təşəbbüslə çıxış etməli, ordumuza qarşı internet üzərindən aparılan kampaniyalara qarşı əks-tədbirlər görməlidirlər. Çoxlu sayda müsbət rəylər, ekspert açıqlamaları dərc edilməli, ordumuzu təbliğ edən, onun nüfuzunu qoruyan şərhlərin paylaşılması hər kəsin gündəlik fəaliyyətinin bir parçası olmalıdır. Ordumuzla bağlı uydurma, rəsmi təsdiqini tapmamış, saxta məlumatlar yayan, mövzuya aidiyyəti olmayan video çarxlar montaj edərək paylaşanlar, ağlasığmaz, məntiqsiz mülahizələr irəli sürən internet istifadəçiləri kütləvi şəkildə “blok edilməli”, internet resurslarına şikayətlər olunmalı, internet üzərindən hərbi qulluqçularımıza yönəldilmiş qərəzli kampaniyaların qarşısı alınmalıdır. Zərərli, mentalitetimizə yaraşmayan, mənəvi dünyamıza uyğun olmayan “ideya”larla ordumuzun şəxsi heyətinin, xidmətə hazırlaşan gənclərimizin, hətta əsgər valideynlərinin beyninin zəhərlənməsinə yol verilməməlidir. Bu, ümumxalq işi, vətəndaş borcumuzdur.
Vətən müharibəsində olduğu kimi, informasiya qarşıdurmasında da, neohibrid savaşında da aşkar və gizli düşmənlərimizə qarşı “Dəmir yumruq” kimi birləşərək qalib gələcəyimizə əminik.
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası