Təxminən iki il bundan öncə-27 Sentyabr 2020-ci il tarixində Ermənistan ordusuna məxsus silahlı birləşmələr ölkəmizə qarşı hərbi təxribat törədərək bizim döyüş mövqelərimizi, yaşayış məntəqələrimizi atəşə tutmağa başlamışdı. Namərdcəsinə planlanmış bu həmlə nəticəsində xeyli sayda hərbçimizlə yanaşı mülki insanlarımız həyatını itirdi. Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin əmri ilə ordumuz bu qanlı təxribata cavab olaraq əks-hücum əməliyyatına keçmişdi. Artıq ilk gündən ilk qələbə müjdələri gəlməyə başlamışdı. Hamımız böyük fərəhlə, sözlə təsvir edilməyəcək iftixarla, qürur hissi ilə televiziya xəbərlərini, cənab prezidentin rəsmi sosial şəbəkə hesablarını izləyirdik. Ordumuz artıq bir neçə saatdan sonra düşmənlərin dünyaya əfsanə kimi təqdim etdikləri, keçilməz adlandırdıqları sədləri darmadağın etmişdi. Hər gün bir neçə yeni yaşayış məntəqəsinin, kəndlərimizin azad olunma xəbəri gəlirdi. Əməliyyatın başlanmasından bir ay ötmüşdü ki, ömrümüzün ən gözəl xəbərini eşitdik. Atamın-anamın doğulub boy atdığı, mənim isə qoynunda göz açıb elə körpə ikən də tərk etməyə məcbur olduğumuz, heç zaman xatırlamadığım Zəngilan rayonunun Birinci Ağalı kəndi düşmən tapdağından qurtulmuşdu. 28 Oktyabrda – o tarixi gündə bizim kəndimizlə yanaşı İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli kəndləri, Füzuli rayonunun Mandılı kəndi, Cəbrayıl rayonunun Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac kəndləri, Qubadlı rayonunun Qiyaslı, Əbilcə, Qılıcan kəndləri azadlığa qovuşmuşdu.
44 gün davam edən və tarixə “İkinci Qarabağ savaşı” kimi düşən bu şanlı müharibə bizim tam qələbəmizlə başa çatdı. Bu müddətdə biz BMT-nin məşhur qətnamələrini öz gücümüzlə icra etdik. Ədaləti, beynəlxalq hüququ bərpa etdik. Bir gözümüz gülüb, bir gözümüz ağlasa da milli ləyaqətimizi özümüzə qaytardıq. İllərdir həsrətində olduğumuz Vətən torpaqlarına şanlı ordumuzun ayağı dəydi, səmalarında üç boyalı bayrağımız dalğalandı
Biz bu şanlı tarixlə fəxr edirik, çünki bizlər artıq qalib xalqın vətəndaşlarıyıq. Düşmənlərin bir neçə ilə işğal etdiyi əraziləri 44 günə dişi ilə, dırnağı ilə azad edən oğulların sayəsində biz bu gün dünyaya azad Qarabağdan, Zəngəzurdan boylanırıq. Artıq iki il öncə azadlığına sevindiyimiz o kəndlərə yeni nəfəs qayıdır, Ağalı kəndlərində Azərbaycanda ilk olaraq “Ağıllı kənd” layihəsi üzrə möhtəşəm yaşayış məntəqəsi tikilib sakinlərə təhvil verildi. Yenidənqurma işləri ən yüksək sürətlə bu gün də davam edir, müasir infrastruktur, geniş zolaqlı avtomobil yolları, dəmir yolu, ən müasir tələblərə cavab verən beynəlxalq statuslu hava limanları yenicə azad olunmuş bölgələrimizdə görülən işlərin bir hissəsidir. Düşmən bilirdi ki, bu torpaqlar onların deyil və onu da bilirdilər ki, evin sahibi gec-tez qayıdacaq. Əks halda uçurub-dağıtmaq əvəzinə qurub yaradardılar. İllərlə müdafiə sədləri tikməzdilər. Çünki cənab prezident demişkən: “Bizi heç kim dayandıra bilməzdi. Bu gün bütün beynəlxalq aləm bizim qələbəmizlə razılaşır. Bu gün bölgədə, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərində gündəliyi formalaşdıran tərəf Azərbaycandır.”
Elvin Əlizadə,
YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası