Noyabrın 1-də Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə toplantısına ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə tədbirin açılış mərasimində Fəxri qonaq statusunda iştirak edib.
Asiya istiqaməti, Yaxın və Orta Şərq dövlətləri ilə münasibətlər Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir. Bu sırada ərəb dünyası ilə əlaqələrin inkişafı, əməkdaşlığın gücləndirilməsi daim diqqət mərkəzində saxlanılıb. Ortaq mədəni-mənəvi dəyərlər, tarixən mövcud olmuş əlaqələr müasir dövrdə Azərbaycanla ərəb dünyası arasında münasibətlərin daha da inkişafını şərtləndirib.
Hazırda Azərbaycanla Səudiyyə Ərəbistanı, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, İordaniya, Misir və digər ərəb dövlətləri arasında müxtəlif sahələrdə yüksək qarşılıqlı əməkdaşlıq əlaqələri var. Təsadüfi deyil ki, həmin dövlətlər Azərbaycanı beynəlxalq məsələlərdə daim dəstəkləyir. Eyni zamanda Azərbaycanla ərəb dövlətlərinin birliyi olan Ərəb Dövlətləri Liqası arasında da əməkdaşlıq əlaqələri mövcuddur. Ölkəmiz müşahidəçi statusunda təşkilatın üzvüdür.
Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında Fəxri qonaq statusunda iştiraka dəvət Prezident İlham Əliyevə olan yüksək ehtiramın təcəssümüdür. Prezident İlham Əliyevin dediyi kimi, bu, dostluq və qardaşlıq əlamətidir.
Bu səfər zamanı Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət edib. Əlcəzairin azadlığı uğrunda mübarizədə həyatını qurban vermiş döyüşçülərin xatirəsinə ucaldılmış Şəhidlər abidəsi ölkənin müstəqilliyinin 20-ci ildönümü münasibətilə 1982-ci ildə açılıb. Bu ölkə Azərbaycanla oxşar taleyi yaşayıb. Dünyaya demokratiya dərsi verməyə çalışan Fransa vaxtilə Əlcəzairi işğal edib, onun maddi və mənəvi sərvətlərini talayıb, xalqına dərin iztirablar yaşadıb.
Fransa 1830-1962-ci illəri əhatə edən işğal dövründə 1,5 milyondan artıq əlcəzairlini amansızcasına qətlə yetirib. Buna görə də Əlcəzair "1,5 milyon şəhid ölkəsi" adlandırılır.
Fransanın Ermənistana verdiyi dəstək elə işğal siyasəti yürütməyin oxşar formasıdır. Birinci Qarabağ müharibəsi dövründə Xocalıda, Qaradağlıda, Xocavənddə, Kəlbəcərdə yüzlərlə azərbaycanlını soyqırımına məruz qoyan Ermənistana göstərilən dəstək elə soyqırımını dəstəkləmək deməkdir. Ona görə Əlcəzairdə insanlıq əleyhinə cinayətlərə imza atan Fransanın bu gün canfəşanlıqla Ermənistanın yanında yer alması heç də təəccüblü deyil. Bu ölkənin ermənipərəst siyasətinin kökündə həm də işğal təfəkkürü dayanır.
Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Şəhidlər abidəsi və Milli Mücahidlər Muzeyi Fransanın insanlıq əleyhinə cinayətlər, əlcəzairlilərə qarşı qətliamlar törədən bir ölkə olduğunu dünyaya çatdırır. Bütövlükdə Prezident İlham Əliyevin Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında Fəxri qonaq statusunda iştirakı dövlətimizin başçısının yüksək beynəlxalq nüfuzunun göstəricisidir. Eyni zamanda bu səfər zamanı Azərbaycan həqiqətləri bir daha dünyada maraqla izlənən bir əməkdaşlıq platformasından dünyaya bəyan edildi. Təbii ki, bu səfər Azərbaycanla Ərəb Dövlətləri Liqası və təşkilata üzv olan ərəb dövlətləri arasındakı əlaqələrin inkişafına təsir göstərəcək, əməkdaşlığın dərinləşdirilməsinə təkan verəcək.Dünya artıq Azərbaycanı prezident İlham Əliyevin yürütdüyü humanist siyasətinin sayəsində,haqqın bərqərar olduğu ölkə kimi tanıyır.Oktyabr ayında Prezident İlham Əliyevin “Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda dəyirmi masada, Astanada "Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə"nin (AQEM) 6-cı Zirvə Toplantısının plenar iclasında, indi isə xüsusi qonaq qismində Ərəb Dövlətləri Liqasının Sammitində iştirak etməsi, müxtəlif ölkələrə səfərləri və xarici ölkələrdən Azərbaycana səfər edən yüksək səviyyəli qonaqlarla görüşləri dövlət başçımızın gərgin iş qrafiki ilə yanaşı həm də onun Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində gərgin fəaliyyətinin əyani göstəricisidir. Azərbaycan Prezidenti İlham Əliyevin əsas fəlsəfəsini kolonializmə qarşı mübarizənin təşkil etdiyi Qoşulmama Hərəkatının sədri statusunda Fransa kimi ölkələrin tarixi keçmişdə törətdiyi və hazırda da davam etdirilməsinə cəhd göstərdiyi siyasətə öz münasibətini nümayiş etdirdi.Fransanın anti-Azərbaycan və ermənipərəst siyasətinə, E.Makronun və Fransanın digər rəsmi şəxslərinin əsassız və qərəzli bəyanatlarına, Fransa parlamentinin Azərbaycana qarşı qəbul etmək istədiyi sənədlərə Prezident İlham Əliyev Əlcəzairdən kolonial siyasətə, Fransa kolonializminə öz münasibəti və aydın mesajları ilə cavab verdi .Eyni zamanda Fransa Qəmər Adalarının ərazisi olan Mayot adasını işğal altında saxlayır. Birləşmiş Millətlər Təşkilatının qətnamələri Qəmər adalarının Mayot üzərində suverenliyini tanısa da, Fransa buna məhəl qoymur.Fransa Azərbaycanı ittiham etməkdənsə, öz tarixi keçmişinə, müxtəlif xalqlara qarşı törətdiyi soyqırımlara görə cavab verməli, bu xalqlardan üzr istəməlidir. Amma bu gün biz Fransanın neokolonialist siyasətinin artıq Cənubi Qafqaza ayaq açmağa çalışdığını görürük.Bu gün Prezident İlham Əliyevin yürütdüyü düşünülmüş, qətiyyətli siyasət sayəsində Azərbaycan müxtəlif siyasi qütblər, güc mərkəzləri ilə bərabərhüquqlu əlaqələr qurmuş, öz prinsipial siyasəti ilə böyük etimad qazanmış, müasir dövrün çağırışlarına adekvat cavab verən ölkədir. Prezident İlham Əliyevin Əlcəzairə səfəri bir daha bu həqiqətləri təsdiq edir. Və nəhayət, Qoşulmama Hərəkatının sədri statusunu daşıması imkan verir ki, Prezident İlham Əliyevin Fransaya cavabı dünyanın ikinci ən böyük təşkilatının mövqeyi kimi qəbul edilsin.
Prezident İlham Əliyevin BMT Baş Katibi, Afrika İttifaqının sədri va Islam Əməkdaşlıq Təşkilatının Baş Katibi ilə birlikdə Ərəb Dövlətləri Liqasının Əlcəzairdə keçirilən Sammitində iştirakı dövlət başçımıza olan hörmətin və onun beynəlxalq aləmdə böyük nüfuzunun göstəricisidir.
Həsən Əliyev,
YAP Xətai rayon təşkilkatının fəal üzvü,
Ekspert
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası