Noyabrın 1-də Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fəxri qonaq qismində iştirak edib. Azərbaycan Respublikası ilə Əlcəzair Xalq Demokratik Respublikası arasında ortaq və ikitərəfli əlaqələrin əsasını neft və qaz, siyasi, iqtisadi və mədəni sahələrdə qarşılıqlı faydalı və müxtəlif sahələrdə dinamik əməkdaşlıq təşkil edir. Azərbaycanla Əlcəzair arasında diplomatik əlaqələr 1994-cü il aprelin 22-də qurulub. Əlcəzair Xalq Demokratik Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci il dekabrın 26-da tanıyıb. Azərbaycanın Əlcəzair şəhərində səfirliyinin fəaliyyətinin təmin edilməsinə dair Prezident İlham Əliyev 2014- cü il noyabrın 28-də Sərəncam imzalayıb və 2016-cı ildə bu ölkədə səfirliyimiz təsis olunub. Əlcəzairin isə Azərbaycanda diplomatik ofisi 2015-ci ildə fəaliyyətə başlayıb və 2019-cu ildə ölkəmizdə Əlcəzairin səfirliyi təsis edilib.
Əlcəzair xalqının taleyi müəyyən mənada Qafqazın müsəlman xalqlarının taleyi ilə oxşardır. Belə ki, tarixin müxtəlif mərhələlərində deportasiyaya, işğala, misligörünməmiş zorakılığa və müharibə cinayətlərinə məruz qalmasına baxmayaraq, Əlcəzair xalqı heç zaman müstəqillik əzmini itirməyib. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu xalq 1830-1962 –ci illər ərzində 132 il Fransa tərəfindən əsarətə məruz qalmış, insanlıq əleyhinə misli görünməmiş cinayətlərlə üzləşmişdir. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Ümumilikdə 10 milyona yaxın əlcəzairli Fransanın müstəmləkəçilik dövrünün qurbanı olub. Nəhayət, 1954-cü ildə azadlıq mübarizəsinə qalxan xalq 1,5 milyondan artıq şəhid verərək bəşər tarixinə qəhrəmanlıq salnaməsi yazıb. Ona görə də Əlcəzairin "şəhidlər ölkəsi" adlandırılması heç də təsadüfi deyil.
Fransızlar bu ölkəni öz ölkələrinin bir hissəsi kimi Fransanın dənizarxası ərazisi sayırdılar. Maraqlıdır ki, İkinci Dünya müharibəsində Əlcəzair dövlət müstəqilliyi vədi qarşılığında Fransaya mühüm dəstək verib. Lakin, təəssüf ki, bütün tarixi boyu olduğu kimi, fransızlar nəinki riyakarcasına sözlərini tutmamış, üstəlik əlcəzair xalqına qarşı genosid siyasətini daha geniş miqyasda davam etdirmişlər.
İndi Qarabağda yaşayan ermənilərə müstəqillik tələb edən Fransa, ərazisinə görə Afrikanın ən böyük ölkəsinin əhalisinə o zaman hətta muxtariyyət verməkdən imtina etmişdi. Demokratiya adı altında mürtəce mövqenin nümayişinə çevrilən bu ikili standartlar və riyakarlıq nümunələri Fransa tarixinin qaranlıq səhifələridir.
Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası