Azərbaycan daim İslam həmrəyliyi prinsipini rəhbər tutub və bu xüsusda ərəb dövlətləri ilə həm ikitərəfli, həm də İslam Əməkdaşlıq Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsində maraqlı olub. Ölkəmiz, həmçinin ərəb dünyasının haqq işini həmişə dəstəkləyib. Azərbaycan İsrail-Fələstin münaqişəsinin Şərqi Qüdsün Fələstin dövlətinin paytaxtı olmaqla iki dövlət prinsipi üzrə, eləcə də Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnamələri əsasında həllinin tərəfdarıdır. Ölkəmiz Fələstin xalqına həm birbaşa, həm də beynəlxalq təşkilatlar vasitəsilə daim humanitar yardımlar edir. Bu yardımlar özündə maddi yardım, tələbələrin ölkəmizdə təhsil alma imkanı, donor konfranslarının təşkili kimi önəmli elementləri ehtiva edir. Bundan başqa, Azərbaycan Yəməndən Sudanadək bir çox ərəb dövlətlərinə humanitar yardımlar edib. Dünyada islamofobiya meyillərinin daha da gücləndiyi dövrdə Azərbaycan islamafobiyaya qəti şəkildə qarşı çıxır. Dövlətimiz daim beynəlxalq miqyasda belə mənfi tendensiyalarla fəal mübarizə aparıb.
Prezident İlham Əliyev Zirvə toplantısına ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə fəxri qonaq statusunda iştirak edib. Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında təmsil olunmaq Azərbaycan üçün əlamətdar hadisədir. Bu, həm də İslam dövlətləri arasında dostluq və qardaşlığın təcəssümüdür. Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının Əlcəzairə səfəri və Ərəb Sammitində iştirakı Azərbaycan ilə ərəb ölkələri arasında müxtəlif sahələrdə daha möhkəm dostluq və əməkdaşlıq körpüləri qurmaq üçün geniş qapılar açır. Sammitdə Azərbaycanın iştirakı ölkələrimiz arasında birliyi nümayiş etdirir. Son aylar ərzində Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının, “Avropa siyasi birliyi”nin, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin, indi isə Ərəb Dövlətləri Liqasının sammitlərində iştirakı ölkəmizin həm fəal, təşəbbüskar xarici siyasət aparmasının, həm də multilateralizmə, beynəlxalq əməkdaşlığa verdiyi önəmin bariz nümunəsidir. Azərbaycan belə tədbirlərdə iştirakla öz mövqeyini beynəlxalq müstəvidə irəlilətmək üçün əla imkanlar əldə edir.
Ölkə başçısının toxunduğu birinci mühüm məsələ Fransanın Əlcəzairdə törətdiyi soyqırımı cinayətləri ilə bağlıdır. Prezident çıxışı zamanı deyib ki, Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Fransanın o vaxt Əlcəzairdə törətdiyi qətliam Ermənistanın azərbaycanlılara qarşı qəddarlığının oxşarıdır. Hazırda Fransa qondarma erməni soyqırımını tanıyan dövlətlər sırasındadır.
Azərbaycan Prezidenti Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında Qoşulmama Hərəkatının sədri kimi dəvət olunub. Aydın olur ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi Təşkilatın fəaliyyətinə yeni nəfəs verib, onun beynəlxalq proseslərə təsir gücünü artırıb. Həmçinin Prezidentin Qoşulmama Hərəkatının sədri kimi Sammitə dəvət olunması Azərbaycanın Qarabağ uğrunda apardığı mübarizənin, erməni cinayətlərinin ifşası və bu cinayətlərə bəzi beynəlxalq təşkilatların susmasının bəyan edilməsi baxımından böyük əhəmiyyətə malikdir.. Ölkə başçısı çıxışı zamanı Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərə geniş yer verib. Ərəb ölkələri, həmçinin mütəmadi olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə öz dəstəyini də ifadə ediblər. Azərbaycan Ərəb Dövlətləri Liqasına üzv ölkələrlə ikitərəfli əməkdaşlığa, qarşılıqlı dəstək və həmrəyliyə xüsusi önəm verir. Ümid edirik ki, bu əməkdaşlıq yaxın gələcəkdə daha da inkişaf edəcək.
Səba Rzayeva,
YAP-ın gənc fəalı
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası