Azərbaycan dövləti və xalqı üçün Vətən müharibəsinin 44 günü də şanlı tarix idi. Dövlət başçısı İlham Əliyevin 10 noyabr 2020-ci ildə xalqa müraciətində 44 günlük İkinci Qarabağ müharibəsinin, ən əsası 30 illik işğal dövrünün bütün reallıqları öz əksini tapıb. Azərbaycan 30 il dünyadan ədalət gözlədi. Bəzi dünya gücləri işğalçı Ermənistana dəstək olmaqla vəziyyəti sonadək bu şəkildə davam etdirə biləcəklərinə özlərini inandırmağa çalışdılar. 44 gündən sonra zəfərlə başa çatan Vətən müharibəsi nəinki bizlərin, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların dövlətçiliyimizin qoruması, ərazi bütövlüyünün təmin edilməsi, milli birliyin möhkəmləndirilməsi işinə sadiqliyinin sınağı oldu. Müharibənin ilk günündən Ali Baş Komandanın tam qələbəyə inamlı çağırışı, zəfər ümidli müraciətləri bütün xalqımızı qəhrəmana çevirdi.
Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri və zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı. Biz bu tarixi qələbəyə əlbəttə çox sevinirik və vətənimiz, xalqımız, ordumuz üçün qürur hissi keçiririk. Vətən müharibəsində rəşadətli ordumuzun Qalib Ali Baş Komandanı, Prezident İlham Əliyevin ilk gündən qəti qələbə əzminin, mahir siyasətçi və əzmkar sərkərdəlik məharətinin, dönməz və qətiyyətli iradəsinin düşmənə və onun dünyadakı havadarlarına qarşı qalibiyyətli mübarizəmizdə həlledici rol oynadığını, ordumuza və xalqımıza necə güc verdiyini izləməkdən və görməkdən iftixar duyuruq. Azərbaycan Ordusunun erməni silahlı qüvvələrinin məhv etdiyi və qənimət kimi götürdüyü hərbi texnika Zəfərimizin dünyaya təqdimatı olan 10 dekabr 2020-ci ildə Bakıda keçirilən Zəfər paradında nümayiş olundu.
Qürurverici olan bu mühüm məqamı da qeyd edək ki, 44 günlük İkinci Qarabağ müharibəsinin ilk günündən Azərbaycana mənəvi və siyasi dəstəyini göstərən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 10 dekabr 2020-ci ildə keçirilən Zəfər paradında da dövlət başçısı İlham Əliyevin yanında oldu. Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak etdi. Bu gün müharibənin miqyasını və Qələbənin möhtəşəmliyini göstərən Hərbi Qənimətlər Parkı hər gün ziyarətçilərini 44 günün reallıqları ilə məlumatlandırır. Hərbi Qənimətlər Parkına gələn hər bir insan Ordumuzun, Silahlı Qüvvələrimizin gücünü və iradəsini görür. Hər bir Azərbaycan vətəndaşı həmişəlik yadda saxlamalıdır ki, 8 Noyabr 2020-ci il tarixdə qazandığımız tarixi qələbə Azərbaycan dövlətinin tarixində yeni mərhələnin başlanğıcı oldu. Bu yeni tariximizi dərin zəkası və qüvvətli yumruğu ilə yazan, xalqımızın iradəsini savaş və siyasət meydanında gerçəkləşdirən və tarixi yaddaşımıza həkk edən qüdrətli Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Vətən müharibəsini qələbəyə çatdıran qalib Rəşadətli Azərbaycan Ordusudur.
Bu gün tarixi Zəfərimizin qürurunu yaşayırıq. Birliyimiz, həmrəyliyimiz sayəsində qovuşduğumuz torpaqlarda bərpa-quruculuq işlərini böyük ruh yüksəkliyi ilə həyata keçiririk. Azərbaycan 44 gündə təkmil müharibə taktikasını təqdim etdiyi kimi, postmünaqişə dövründə də hər kəsi heyrətləndirən dirçəliş modelini təqdim edir. Bütün şəhər və kəndlərimiz müasir tələblər səviyyəsində yenidən qurulur. Bu gün Azərbaycan xalqı tamamilə dağıdılmış ərazilərdə yeni həyat qurur.Azərbaycan xalqı neçə qurucu xalq olduğunu dünyaya nümayiş etdirir.
Bu gün hansı sahəyə diqqət yetirsək Zəfərimizin reallıqlarını görürük. Azərbaycanın regionda və dünyada mövqeyi daha da möhkəmlənib. Bu gün Azərbaycan qalib ölkə kimi beynəlxalq tədbirlərə qatılır, işğal dövrü ilə yanaşı, postmünaqişə mərhələsinin reallıqlarını dünyaya çatdırır. Bu gün hər bir azərbaycanlı qürurludur ki, artıq torpaqlarımızın işğal deyil, azad olunduqları tarixləri qeyd edirik. Bu sevinci, qüruru bizə yaşatdıqlarına görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarıq. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. Böyük Qələbə milli yaddaşın qızıl fondudur. Vətən Müharibəsində tarixi qələbə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması, Azərbaycanın dünyada hazırkı layiqli yeri, əldə etdiyi böyük nüfuz ölkəmizin suverenliyi, dövlət müstəqilliyi və milli kimliyi ilə bağlı rəmzi hadisələrə yeni baxışın formalaşmasını tələb edir. Hazırda 44 gündə yaşadığımız həmrəylik və möhkəm birlik vətənimizin bundan sonra da etibarlı müdafiəsində və qarşıdakı genişmiqyaslı quruculuq işlərində öz bəhrəsini verəcək.
Ayaz Cəbrayılov,
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası