04 noyabr 2022 00:56
425

Ədalətə sadiqlik prinsipi: Qələbə «Qələbə bizimdir!» deyənlərindir

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz Vətən müharibəsində qazandığı Zəfərlə bu haqqı xalqımıza əbədilik qazandırdı

Artıq sayılı günləri qalan sevinc dolu tarixi Zəfərimizin ildönümü yaxınlaşdıqca iki il bundan əvvəl keçirdiyimiz, sonu qürurla nəticələnən həyəcanlı günləri də xatırlayır, işğaldan azad olunan rayonlarda, strateji əhəmiyyətli yüksəkliklərdə dalğalanan bayraqlarımızı gördükcə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin «Qarabağ bizimdir!», «Qarabağ Azərbaycandır!» sözlərinin əzəmətini yaşayırıq. Bu sözləri fəxrlə səsləndirdiksə həmin ifadəni işlətmək haqqını bizə qazandıran Ali Baş Komandan İlham Əliyevə, onun rəhbərliyi ilə düşmənə göz dağı verən Silahlıl Qüvvələrimizə minnətdarlığımızı da bildiririk. Bu duyğularda torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarından keçmiş şəhidlərimizin haqqı, payı daha çoxdur. Ata- babalarımızın dedikləri kimi, düşmən çəpəri olan oğullarımız həqiqi mənada qanları bahasına işğalçılara çəpər olub,tarixi dərs verdilər. Şəhid oldular, amma düşmənə arxa çevirmədilər. Ulu nənələrimizin ta qədimdən hərb meydanına gedən övladlarına xeyir duası belə idi: «Düşmənə arxa çevirmə. Yaranı sinəndən al!» Bu müqəddəs nəsihətə sadiq qalan qəhrəman Azərbaycan qadınları da Vətən müharibəsi başlanan gündən övladlarını düşmən qarşısına bu cür xeyir-duaları ilə yola saldılar. Əsgər yolu gözlədilər. Ana məhəbbətindən qaynaqlanan, ürəkdə qövr edən həsrətlərini gizlincə axan göz yaşlarını namus, qeyrət rəmzi olan yaylıqlarının ucu ilə silərək pıcıltı ilə «Allah amanında, oğul!» söyləməyi də unutmadılar. Amma Tanrının alın yazısından qaçmaq olmaz. Müharibəyə gedən ciyərparasına yenidən qovuşan analarının əvvəl nigarançılıqla axan göz yaşlarının sevinclə əvəz edənlər olduğu kimi, heç bir ağrı ilə müqayisə edilməyən şəhid nisgilini yaşayanlar da oldu. Təsəllimiz isə bu sözlər oldu: Şəhidlərimiz bütün Azərbaycan xalqının qəlbində daim yaşayır və əbədi xatırlanacaqdır.

Bu ilin 27 sentyabrında – Anım Günündə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Füzuli rayonunun İkinci Qarabağ müharibəsində işğaldan azad edilən ilk kəndlərindən olan Qaraxanbəylidəki xatirə lövhəsini ziyarət edərək önünə gül dəstələri qoymaları da şəhidlərimizin ruhuna hörmət, qazilərimizə minnətdarlıq borcunun ifadəsi idi. Həmin Anım Günündə «Şəhidlərimiz Vətən, torpaq uğrunda öz canlarını fəda etdilər. Biz öz şəhidlərimizlə fəxr edirik. Qəhrəman əsgər və zabitlərimizlə fəxr edirik. Şəhidlərimizin qanı yerdə qalmadı, biz şəhidlərimizin qanını aldıq. Döyüş meydanında qisasımızı aldıq. Doğma torpaqlarımızı düşməndən azad etdik, ölkəmizin ərazi bütövlüyünü bərpa etdik» söyləyən Prezident İlham Əliyev bildirdi ki, 44 günlük Vətən müharibəsinin şanlı tarixini yazan qəhrəman hərbçilərimiz, bütün Azərbaycan xalqı səfərbər olaraq yumruq kimi birləşdilər. Şəhidlərimizin qanını yerdə qoymadılar.

«44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi. Dayanmadan, durmadan, usanmadan hər gün qan tökərək, şəhidlər verərək irəliyə gedirdi, Zəfərə doğru gedirdi. Bir gün belə dayanmadı, bir gün belə geriyə addım atmadı, ancaq irəli getdi, düşməni qova-qova döyüş meydanında tarixi Zəfər çaldı» söyləyən, düşmənin məcbur olub kapitulyasiya aktını imzalamasını xalqımızın qüruru adlandıran Prezident İlham Əliyev həmçinin vurğuladı ki, xoşbəxt nəsilik ki, biz bu tarixi hadisənin həm şahidləri, həm də iştirakçılarıyıq. Bu xoşbəxtlik formulunun müəllifləri Ali Baş Komandan İlham Əliyev, Milli Ordumuzun şəhid və qazi olan qəhrəman zabitləri idilər.

Silahlı Qüvvələr Günündə Hadrutdan sonra Kəlbəcərdə yaradılan Komando qüvvələrinin yeni hərbi hissəsinin açılışında Azərbaycan əsgərinin ruh yüksəkliyini, döyüş qabiliyyətini yüksək dəyərləndirən Prezident, Ali Baş Komandan İlham Əliyev torpaqlarımızın işğal altında qaldığı illərdə xalqımıza verdiyi vədinin yerinə yetirildiyini qürurla bildirdi: «İşğal illəri dövründə hərbçilərlə çoxsaylı görüşlərdə - hərbi hissələrdə, səngərlərdə, Lələtəpə zirvəsində, hərbi paradlarda hər zaman deyirdim ki, gün gələcək biz öz doğma torpaqlarımızı qaytaracağıq. Hər zaman deyirdim ki, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmasa, biz hərbi yolla Qarabağ məsələsini həll edəcəyik. Belə də oldu. Müzəffər Azərbaycan Ordusu tarixi missiyanı şərəflə yerinə yetirdi.»

İkinci Qarabağ müharibəsindəki Qələbəmiz bir həqiqəti beynəlxalq ictimaiyyətə bəyan etdi: Biz müzəffər xalq kimi, qalib dövlət kimi bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Bu inamı şəhidlik zirvəsinə ucalan, ölümləri ilə ölümsüzləşərək gənclərimizə nümunə göstərən şəhidlərimiz, qazilərimiz yaşatdılar. Hərbçilərimizin Vətən müharibəsində göstərdiyi rəşadətin müxtəlif ölkələrin ali məktəblərində öyrənilməsi Azərbaycan əsgərinin döyüş ruhunun, şəhidlərimizin qəhrəmanlığının beynəlxalq səviyyədə təsdiqidir. Vətən müharibəsində torpağa bağlılığın müqəddəs duyğu olduğunu döyüş meydanında göstərdiyi şücaəti ilə bildirən Azərbaycan hərbçilərinin işğaldan azad edilmiş torpaqlarımızda qaldırdıqları bayraqlarımız xalqımızın məğlubedilməzlik, yenilməzlik simvolu idi. Dünyanı heyrətə gətirən reallıq budur ki, qüdrətli dövlət olan ölkəmizin güclü ordusu vardır. Azərbaycan əsgəri, zabiti dövlətimizi qorumaq üçün canlarından keçməyə hər an hazırdır.

İndi xalqımızın birliyi ilə daha möhtəşəm yeniliklər, uğurlara imza atan Azərbaycan dövləti Qarabağı və Şərqi Zəngəzuru bərpa etməklə düşmənə kapitulyasiyadan da artıq zərbə vurur. Qarabağda və Şərqi Zəngəzurda hərbi qüdrətimizin daha da güclənməsi üçün mühüm islahatlar aparılır. Yol- infrastruktukr layihələrinin həyata keçirilməsi sürətlənir. Ermənistanın bütün təxribatlarına layiqli cavab verən Silahlı Qüvvələrimiz dünyaya sübut etdi ki, Azərbaycan yenilməz, qüdrətli bir dövlətdir. Qarabağ hər zaman Azərbaycan torpağı olub - işğal dövründə də, müharibə dövründə də, müharibədən sonra da və bu gün də. Çünki uğrunda canlarından keçən şəhidləri olan Azərbaycan bayrağına, varlığına sadiq, torpağına bağlı vətənsevər şəhidlər yurdudur.

Xuraman İsmayılqızı, «İki sahil»