İşğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər sürətlə davam etməkdədir.
İşğaldan azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri bu yerlərə yenidən həyat gətirir, canlanma yaradır. Yenidən qurulan şəhərlərdə, kəndlərdə bütün infrastruktur, iaşə obyektləri, məktəblər, xəstəxanalar bərpa olunaraq müasir tələblərə uyğun inşa edilir. Aparılan irimiqyaslı tikinti işlərində, xəstəxanaların inşası da uğurla həyata keçirilir. Belə ki, bu ərazilərdə 5 modul tipli xəstəxananın qurulması nəzərdə tutulur. Artıq Şuşada modul tipli xəstəxana qurularaq istifadəyə verilib. 2021-ci ilin oktyabr ayından etibarən fəaliyyət göstərən bu xəstəxana 6 palata və 9 çarpayıdan ibarətdir. Bundan başqa, Ağdam, Cəbrayıl, Kəlbəcər, Zəngilan, Hadrut və Qubadlıda da modul tipli xəstəxanalar quraşdırılacaq. Gələcəkdə isə bu rayonların hər birində böyük xəstəxanalar tikiləcək. İşğaldan azad olunmuş ərazilərdə aparılan irimiqyaslı layihələrin sürəti və mahiyyəti ölkəmizin iqtisadi gücünün göstəricisidir. Şuşa şəhərində 960 şagird yerlik 1 nömrəli tam orta məktəbin tikintisinin bu ilin sonuna kimi tamamlanması nəzərdə tutulur. Ağdam və Cəbrayıl rayonlarında məktəblərin tikintisinə başlanılıb. Füzuli şəhərində də məktəb binası tikiləcək. Ağdamda və Şuşada tikiləcək məktəblər müasirliyi və arxitekturası ilə seçiləcək. Suqovuşan qəsəbəsində isə 144 şagird yerlik tam orta məktəb binası təmir olunur.
Yeni avtomobil yollarının tikintisi də görülən işlərin sırasındadır. Avtomobil yollarının çoxu dördzolaqlı və altızolaqlıdır. Dünyada ən uzun tunellər məhz Qarabağ iqtisadi rayonunda tikilir. Hazırda 10 tunelin tikintisi davam edir. Zəngəzur dəhlizini birləşdirən dəmir yolunun tikintisində 70 faizə qədər işlər tamamlanıb. Bu yollar bizi gələcəyə, gələcək uğurlara, işıqlı sabahlara aparır. Dünyanın iqtisadi, siyasi və mədəni həyatına açılan qapı rolunu oynayır. Gücümüzə güc qatır, iqtisadiyyatımızın möhkəmlənməsinə, turizm potensialının inkişafına böyük təkan verir.
İlk sırada duran işlərdən biri də beynəlxalq tələblərə cavab verən hava limanlarının tikintisi idi. Elə bu məqsədlə Prezident İlham Əliyevin tapşırığı ilə ilk olaraq Füzuli Beynəlxalq Hava Limanının tikintisinə başlanıldı. Qısa zamanda aeroport tikilərək ötən ilin oktyabr ayında istifadəyə verildi. Təbii ki, işğaldan azad olunmuş ərazilərdə işlərin sürətli şəkildə həyata keçirilməsi, kommunikasiyanın inkişafı üçün hava limanlarının salınması vacib idi. Artıq Füzuli Beynəlxalq Hava Limanı fəaliyyət göstərir. Oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılışı baş tutdu. Laçında hava limanının tikintisi sürətlə gedir. İqtisadçılar işğaldan azad olunmuş ərazilərdə tikilən hava limanlarının əhəmiyyətini yüksək qiymətləndirirlər.
Xüsusi qeyd etmək lazımdır ki, Böyük Qayıdışın ilk addımları Zəngilan rayonunun Ağalı kəndində atıldı. Ağalı ağ günlərinə qovuşdu. Artıq rayonda 200 ev tikilərək istifadəyə verilib. 200 evdə işıq yanır, 200 evin sabaha işıqlı ümidləri, arzuları var. Yaxın gələcəkdə isə daha 150 evin inşasına başlanılacaq. Artıq, burada məşğulluq idarəsi, məktəb, bağça, tibb məntəqəsi, "Asan xidmət", "Dost Mərkəzi", kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur.
İşğaldan azad olunan ərazilərdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə 8 məscidin əsaslı təmiri, bərpası və yenidən inşası nəzərdə tutulur. Ağdam Cümə məscidi, Şuşada Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa, Saatlı məscidləri əsaslı təmir edilir. Həmçinin Şuşa şəhərində yeni məscidin inşasına da başlanılıb. Zəngilan şəhərində, Hadrut, Daşaltıda məscidlər bərpa olunur.
İşğaldan azad olunmuş ərazilərdə nəzərdə tutulan ən vacib layihələrdən biri də bu yerlərin elektrik enerjisi ilə təchiz edilməsi idi. Hələlik 13 enerji obyekti tikilib və bərpa olunub. Prezident İlham Əliyevin iştirakı ilə Laçındakı "Güləbird" SES, "Suqovuşan-1" və "Suqovuşan-2" kiçik su elektrik stansiyalarının yenidənqurmadan sonra açılışları olub. "Kəlbəcər-1" Kiçik Su Elektrik Stansiyasında işlər tamamlanıb. 110/35/10 kilovoltluq 9 rəqəmsal yarımstansiya tikilib. Qarabağ və Şərqi Zəngəzurda tikilən 9 yarımstansiyanın hamısı Azərbaycanın ümumi enerji sisteminə qoşulmaqla yanaşı tam rəqəmsallaşdırılıb.
Qeyd edək ki, indiyə qədər Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına və yenidən qurulmasına 4,4 milyard manat vəsait xərclənib. Gələn il Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası və yenidən qurulması üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin 3 milyard manat olması nəzərdə tutulur. Bu, 2022-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 12,4 faiz çoxdur. Bu da 2022-ci illə müqayisədə 12,4 faiz, 2021-ci illə müqayisədə isə 37,7 faiz çoxdur.
Sevinc Azadi, “İki sahil”
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası