03 noyabr 2022 12:01
319

Soçi görüşü yeni imkanlar yaradıb

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlər 1992-ci il aprelin 4-də Bakıda imzalanan müvafiq protokol əsasında qurulub. Həmin ildə Azərbaycanın Rusiyada, Rusiyanın isə Azərbaycanda səfirlikləri fəaliyyətə başlayıb. İkitərəfli münasibətlərin müqavilə-hüquqi bazasını təşkil edən əsas sənəd isə Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci il iyulun 3-də imzalanan “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında” müqavilədir. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik əlaqələrin qurulmasından indiyədək dostluq, əməkdaşlıq və təhlükəsizlik haqqında 200-dən çox ikitərəfli sənəd imzalanıb, qarşılıqlı münasibətlər möhkəmlənib. Bu dövrdə iki ölkə arasında milli maraqlara cavab verən, beynəlxalq və regional təhlükəsizliyə xidmət edən qarşılıqlı əlaqələr modeli yaradılıb. Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsində Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mühüm yer tutur. Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında humanitar münasibətlər əsasən, humanitar sahədə əməkdaşlıq proqramları ilə tənzimlənir. İki ölkə arasında humanitar əlaqələrin demək olar ki, bütün aspektlərini tənzimləyən ikitərəfli saziş və müqavilələr, həmçinin hər iki ölkənin mədəniyyət nazirlikləri arasında hər il yenilənən əməkdaşlıq proqramları, təhsil nazirlikləri arasında əməkdaşlıq haqqında protokollar mövcuddur. Azərbaycan tərəfi mərkəzi federal hökumətlə yanaşı, RF-nin subyektləri ilə də humanitar sahədə sıx əməkdaşlıq edir. Oktyabrın 31-də Prezident İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında üçtərəfli görüş keçirildi.

Görüşdə  Azərbaycan-Emənistan arasında münasibətlərin normallaşması məsələləri müzakirə olundu.  Soçidə keçirilən üçtərəfli görüşün yekunlarına dair birgə Bəyanat qəbul edildi.  Soçi görüşünün yekun bəyanatı Azərbaycan Prezidentinin mövqeyinin orada əsas rol oynadığını göstərir.  Azərbaycan Prezidentinin, Ermənistanın baş nazirinin və Rusiya Prezidentinin 31 oktyabr tarixli Bəyanatı Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə tərəflərin sadiqliyi təsdiq olundu. Ermənistanın görüşdən əvvəl milli maraqlarımızın əleyhinə səsləndirdiyi bütün tezislər və bu tezisləri reallaşdırmaq üçün etdikləri cəhdlər Azərbaycan tərəfindən qətiyyətlə rədd edildi. Soçi görüşünün təşkilində məqsəd yalnız Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasını tezləşdirmək, normallaşma prosesinə start vermək deyildi. Qarabağ və orada yaşayan ermənilərlə bağlı məsələnin Azərbaycanın daxili işi olduğunu bir daha təsdiq etdi. Ən vacibi isə Üçtərəfli Bəyanatı imzalayan Paşinyan Azəbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığı prinsipini bir daha qəbul etməyə məcbur edildi. Bütövlükdə, bütün gərginliyə baxmayaraq Azərbaycan öz maraqlarını tam qoruya və real təzyiqləri dəf edə bildi. Brüssel danışıqlar formatı çərçivəsində ölkəmizin müəyyən etdiyi 5 təməl prinsip əsasında sülh müqaviləsinin ilin sonuna kimi imzalanması üçün yeni imkanlar yarandı.

Səba Rzayeva,
YAP-ın gənc fəalı