02 noyabr 2022 20:37
520

Dünya Vətən müharibəsinin nəticələrini qəbul edir

Oktyabrın 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş keçirilib. Görüşdə ikitərəfli münasibətləri kifayət qədər ətraflı müzakirə etmək və bu münasibətlərdə müsbət dinamikanı artırmaq imkanı yaranıb. Baş tutmuş ikitərəfli görüşə də məhz bu prizmadan baxmaq daha məqsədəuyğundur. Qeyd edək ki, oktyabrın 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub. Görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bəyanat imzalayıblar.

Azərbaycan 30 ildən sonra öz ərazi bütövlüyünü bərpa edərək yeni reallıqlar yaradıb. Ölkəmiz tərəfindən Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması üçün əsası olacaq 5 əsas prinsipi irəli sürüb. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və bu əsasda normallaşmaya nail olmaq mümkündür.

– Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması.

– Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;

– Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;

– Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

– Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

Beynəlxalq hüququn fundamental prinsipləri olan baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq sülh sazişinə nail olmaq mümkündür. Bu görüş bir daha təsdiq etdi ki, Prezident İlham Əliyev Vətən müharibəsindən sonra yaratdığı reallıqların məzmununa uyğun olaraq ölkəmizin milli mənafelərinin reallaşmasının bütün siyasi müstəvilərdə  və müzakirələrdə təmin edir. Artıq bütün siyasi platformalarda Qarabağ münaqişəsinin başa çatdığı, bu ərazidə yaşayan ermənilərin məsələsinin də Azərbaycanın daxili işi olduğu qəbul edilir. 

Günay Dəmirova,
116 nömrəli tam orta məktəbin direktor müavini