03 noyabr 2022 02:58
515

Fransa və Ermənistan nədən bir-birinə bənzəyir?..

Tarixən Avropada riyakarlığı ilə tanınan, ikili standartları demək olar ki, dövlət siyasəti səviyyəsinə qaldıran Fransanın qatı ermənipərəst olması heç kimə sirr deyil. Təbii ki, zaman-zaman militarist Ermənistanı və qondarma “erməni soyqırımı”nı dəstəkləyən Fransanın erməni sevdasından əl çəkə bilməməsi səbəbsiz deyil. Belə ki, bu ölkə də “kiçik bacısı” Ermənistan kimi, daim beynəlxalq hüquqa hörmətsizlik nümayiş etdirib, başqa xalqlara qarşı soyqırımlar, kütləvi qırğınlar və müharibə cinayətləri törədib.

2022-ci il noyabrın 1-də Əlcəzairdə Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxışı zamanı Prezident İlham Əliyev bildirib: “Fransanın Əlcəzair xalqına qarşı törətdiyi qətliam dünyanın heç vaxt unutmamalı olduğu bir hadisədir. Fransa Əlcəzair xalqına qarşı çox dəhşətli bir müharibə aparıb. Bu dəhşətli qətliam 1,5 milyon insanın ölümü ilə nəticələnib”.

Ölkəmizin başçısı, həmçinin Əlcəzairə səfəri çərçivəsində Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət etdikdən sonra Fransa və Ermənistanın cinayətlərinin davam etdiyini bildirb: “Bu gün Mücahidlər Muzeyini ziyarət edərkən mənə məlumat verildi ki, Fransanın işğalı zamanı fransızlar beş milyondan çox mina basdırmışdılar. Bu isə mənə bizim eynilə üzləşdiyimiz, hazırda əziyyət çəkdiyimiz işğal zamanı Ermənistan tərəfindən bir milyondan çox minanın basdırılmasını xatırlatdı. Bu gün bu dəhşətli hadisəni xatırlayarkən gələcəkdə belə fəlakətlərin qarşısının alınması üçün əlimizdən gələni etməliyik”. 

XVII əsrdən başlayaraq Afrika qitəsində öz imperialist maraqlarını reallaşdırmağa çalışan Fransa XIX əsrə qədər Osmanlı hakimiyyətinin tərkibində olan Əlcəzair xalqına qarşı qatı müstəmləkəçilik və əsl soyqırımı siyasəti yürüdüb. Əlcəzair 1830-cu ildə Fransanın torpaqlarına qatıldı və 132 il boyunca Fransanın müstəmləkəsi olaraq qaldı.

Tarixi faktlara görə, Əlcəzairdə fransız müstəmləkəçiliyinə qarşı Əmir Əbdülqadirin başçılığı altında 1834-cü ilin yayında kütləvi müqavimət hərəkatı başlayıb. Fransızlar həmin dövrdə Əlcəzair xalqına qarşı həm də, “mədəni soyqırımı” həyata keçirirdi. Belə ki, onlar yerli sakinləri ərəb kimliyindən və İslamdan imtina edərək Fransa təbəəliyini qəbul etməyə məcbur edirdilər. Bu şərti qəbul etməyənlər qətlə yetirilirdi. Xalqa ana dilində danışmaq, yazmaq, adət-ənənələrini təbliğ etmək qadağan edilmişdi. Silah gəzdirənlər, siyasi xarakterli söhbət, toplantı keçirmək istəyənlər yerindəcə güllələnirdi.

1954-cü il oktyabrın 31-də Əlcəzairdə Fransaya qarşı böyük bir qiyam başladı. Ancaq bu qiyama Fransa geniş diametrli həbslər və hərbi bir hücumla cavab verdi. 500 min nəfərlik fransız hərbi hissəsi Əlcəzairə yeridildi. Fransa ələ keçirdiyi müqavimətçilərə qarşı böyük bir işgəncə tətbiq etdi. Minlərlə adam mühakimə edilmədən edam olundu. Fransızlar bölgədə qala bilmək üçün hər cür işgəncədən istifadə edirdilər. Ancaq bütün bunlar Əlcəzairin Fransaya qarşı müqavimətini daha da artırırdı. Həmin dövrdə ölkə xaricində Əlcəzair Respublikasının Keçici Hökuməti quruldu. Bütün bunlara görə Fransa siyasi böhranla üz-üzə qalmışdı.  Belə bir şəraitdə Fransa məcbur olaraq Əlcəzairdə müstəqilliyin yolunu açacaq referendumun keçirilməsini qəbul etdi. Keçirilən referendumda xalqın hamısı müstəqilliyə səs verdi. Bununla da Əlcəzair fransız müstəmləkəsi olmaqdan xilas oldu, müstəqilliyini qazandı.

1954-cü ildən 1962-ci ilə qədər davam edən müstəqillik uğrunda mübarizədə Fransa Əlcəzair qiyamını ört-basdır etmək üçün 1.5 milyon insanı qətlə yetirdi. Buna görə də bu gün Əlcəzair “1,5 milyon şəhid ölkəsi” adlandırılır. Ümumilikdə o dövrdə 10 milyona yaxın əlcəzairli Fransanın müstəmləkəçilik siyasətinin qurbanı olub.

Əslində Fransanın əlcəzairlilərə qarşı qəddarlığı bütün bunlarla bitmir.  Fransa 1961-ci ilin oktyabrında daha bir qanlı faciə törədir. Belə ki, o zaman on minlərlə əlcəzairli Fransa işğalını pisləmək üçün Parisdə nümayişə çıxır. Fransa polisinin açdığı atəş və etirazçıları Sena çayına atması nəticəsində 1500-ə qədər əlcəzairli qətlə yetirilib, mindən çox şəxs həbs olunub. Bu hadisə də tarixə “Sena qətliamı” kimi daxil olub.

Ən dəhşətlisi isə Fransanın İnsan Muzeyində bu ölkənin Əlcəzairdə törətdiyi soyqırımı zamanı şəhid olan döyüşçülərin və mülki əhalinin kəsilmiş başlarının və kəllə sümüklərinin nümayiş etdirilməsidir. Böyük Britaniyanın ən böyük İslam dini araşdırmaları internet portallarından biri olan “ilmfeed.com”da 2020-ci il noyabrın 10-da dərc olunan “Fransanın Əlcəzair Kəllələrinin arxasındakı dəhşətli həqiqət” adlı məqalədə göstərilir ki, kəllə sümükləri arasında Əlcəzairdə xalq hərəkatının liderlərindən Şerif Bubağla Şeyx Buzianın, Si-Musa Əl-Derqavinin, Muxtar Əl-Titraninin başları da var.

Bəli, vaxtilə Əlcəzairdə 1.5 milyon insanı vəhşicəsinə qətl edən, “Sena qətliamı”nı törədən Fransanın tarixin ən dəhşətli qətliamını-Xocalı soyqırımını həyata keçirən  təcavüzkar Ermənistanı nədən dəstəkləməsinin və onların bir-birinə oxşamasının səbəbi indi hamıya məlum oldu.

Bir vaxtlar Fransa prezidenti Nikola Sarkozinin ölkəsində yaxınlaşan seçkilər ərəfəsində qondarma “erməni soyqırımı” ilə bağlı məsələni sərt şəkildə təkrar gündəmə gətirməsi o zaman Türkiyə Cümhuriyyətinin Baş naziri olan Rəcəb Tayyib Ərdoğanı hiddətləndirmişdi. Baş nazir o zaman məsələ ilə bağlı belə demişdi: “Soyqırımı görmək istəyənlər dönsünlər və öz çirkli qanlı tarixlərinə baxsınlar… Əgər Fransa Milli Assambleyası tarixlə maraqlanmaq istəyirsə, getsin, Afrikada yaşananları, Ruandanı, Əlcəzairi işıqlığa qovuşdursun”.

Zahid Rza, “İki sahil”