Soçidəki Rusiya- Azərbaycan- Ermənistan rəhbərlərinin üçtərəfli görüşündən dərhal sonra Nikol Paşinyanın İrana səfəri başadüşüləndir. Çünki Rusiyada Prezident İlham Əliyevin qarşısındakı növbəti məğlubiyyəti onu yeni havadarlar axtarmağa sövq edir. Ən qəribəsi isə odur ki, İranda bu işğalçı ölkənin hərdəmxəyal rəhbərinə elə isti qucaq açdılar ki, deyəsən heç oradan düşmək istəməyəcək.
Bəli, bununla da İranın molla rejimi bir daha göstərir ki, hələ də müasir dünya nizamında oynadığı destruktiv roldan imtina edə bilmir. Bu, bir acı reallıqdır ki, İran heç vaxt Cənubi Qafqazda və Yaxın Şərqdə sabitliyin yaranmasında maraqlı olmayıb. Fars şovinistlərinin şüurunda həkk olunmuş «Qafqazın və Yaxın Şərqin ağası İrandır» xülyası bu ölkənin atdığı hər addımda, dövlətdən yallanan media orqanlarının sifarişli yazılarında da özünü açıq şəkildə göstərir.
Molla rejiminin fəaliyyəti heç vaxt İslamın ali dəyərlərinə söykənməyib. Belə ki, fars şovinistləri Ermənistanın Qarabağda 30 il davam edən işğalı zamanı buradakı İslam mədəniyyəti abidələrinə qarşı erməni vandallığına bir dəfə də təpki göstərmədilər. Bu, bir daha təsdiq etdi ki, farslar üçün dünya müsəlmanları, İslam dəyərləri heç bir əhəmiyyət kəsb etmir.
Bundan başqa, İran İslam aləminin özündə belə fitnələrin olmasında, xaosun hökm sürməsində maraqlı tərəfdir və bunun üçün də şiə amilini həmişə gündəmə gətirib. Belə ki, İran dünyada şiə məzhəbinə inanmış müsəlmanların hər birinin üzərində hökmranlıq etməli olduğunu düşünür və bu sahədə monopolist siyasət yürüdür. Dini öz siyasətinə alət edən molla rejimi məhz bu yolla xüsusilə Yaxın Şərqdə bir çox qarşıdurmalar yaradaraq müsəlmanların başına tökülən bombalardan həzz alır.
İranın ən böyük kabusu isə Azərbaycan Respublikasının qüdrətlənməsi və öz modern ordusu ilə 30 ildir molla rejiminin himayə etdiyi Ermənistanı 44 gündə darmadağın etməsidir. Eyni zamanda, İranda 30 milyondan artıq azərbaycanlının olması faktının özü də farsları həmişə qorxuda saxlayıb. Məhz bu amildən ciddi şəkildə ehtiyatlanan molla rejimi cənublu soydaşlarımızın ən adi hüquqlarını belə əllərindən almaqdan çəkinmir. Gerçəklik isə budur ki, milyonlarla azərbaycanlının yaşadığı Təbriz şəhərində yerli əhalinin, azərbaycanlıların ana dilində təhsil ala biləcəyi bircə məktəb belə yoxdur. Bunun davamı olaraq fars şovinizmi öz tarixinin azərbaycanlılarla bağlı olan izlərini silməyə çalışıb. Belə ki, bu ölkənin mövcudluğu dövründə İrana rəhbərlik etmiş sərkərdələr, eyni zamanda, dünya şöhrətli alimlər, şairlər məhz azərbaycanlılar olublar. Onlar bir vaxtlar İranın da daxil olduğu Asiyadan Avropaya qədər olan ucsuz-bucaqsız torpaqlarda hökmranlıq etmiş türk sülalələrini belə farslaşdırmaq cəhdlərindən çəkinmirlər. Fars şovinistləri hələ də Səfəvilərin, Əfşarların, Qacarların türk olması faktına dözümsüz yanaşaraq tarixi saxtalaşdırırlar. Buna səbəb isə onların azərbaycanlıların möhtəşəm tarixi qarşısındakı acizliyidir və həmin tarixin təkrarlanmasından qorxmalıdır.
Bu gün hər iki tərəf İran-Ermənistan dostluğundan nə qədər ağızdolusu danışsa da bu, inandırıcı görünmür. Çünki burada ermənilər molla rejimi üçün sadəcə bir oyuncaqdır. Əslində, bugünkü Ermənistan özü bir kvazi dövlətidir. 100 illərdir ki, böyük güclər onun arxasında gizlənərək türklərə qarşı fitnə-fəsadla məşğul olublar. İran da bu amildən yararlanmaq istəyir.
Ancaq alınmayacaq. Çünki onun qarşısında güclü Türkiyə, güclü Azərbaycan və yaradılacaq güclü Türk dövlətləri birliyi var. Xüsusi vurğulamaq lazımdır ki, bu gün qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti ilə türkdilli dövlətlərin birliyi formalaşır. Artıq bu istiqamətdə çox önəmli addımlar da atılıb. Yəni, Türk Dövlətləri Təşkilatı yaradılıb və bu qurumun məqsədi gələcəkdə ümumi məramlar naminə birgə fəaliyyət göstərməkdir. Qeyd edək ki, hazırda Türk Dövlətləri Təşkilatının üç mərkəzi fəaliyyətdədir. Belə ki, İstanbulda ümumi katiblik, Bakıda Parlament Assambleyası, Astana da isə Beynəlxalq Türk Akademiyası mövcuddur.
Elçin Zaman, «İki sahil»
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası