03 noyabr 2022 10:06
413

Xalqımızı qurtuluşdan tərəqqiyə, tərəqqidən Zəfərə aparan partiya!

Yeni Azərbaycan Partiyasının iqtidarlığı dönəmində ölkəmizin Vətən müharibəsində qazandığı böyük Qələbə qəhrəmanlıq salnaməmiz, şah əsərimizdir

Noyabrın 21-də əlamətdar bir tarixi günü böyük qürur və sevinc hissləri ilə qeyd edəcəyik. Söhbət əlbəttə, hakim Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illik yubileyindən gedir.

Bu, təkcə bir siyasi təşkilat, onun rəhbərliyi və ya üzvləri üçün deyil, bütövlükdə xalqımız, dövlətimizdən ötrü mühüm əhəmiyyət kəsb edən və Azərbaycanın şərəfli tarixinə qızıl hərflərlə yazılan əlamətdar bir tarixdir. Çünki çox da uzaq olmayan müstəqillik tariximizə qısa ekskursiya etsək görərik ki, tarixi zərurətdən irəli gələrək məhz 1992-ci il noyabrın 21-də yaradılan Yeni Azərbaycan Partiyası təsis olunduğu ilk gündən “Daim yenilənən Azərbaycan naminə!” devizini özünün əsas strateji xətti götürmüş, bu hədəfə çatmaq üçün o zamanlar yenicə müstəqillik qazanmış, hələ olduqca kövrək olan, o vaxtkı səriştəsiz rəhbərliyin yarıtmaz idarəetməsi səbəbindən ölüm-qalım mübarizəsi aparan dövlətimizi dağılmaqdan qurtarmaq, ardınca onu tərəqqiyə, tərəqqidən isə Zəfərə çatdırmaqla nəinki yerləşdiyi Cənubi Qafqazın, bütün dünyanın inkişaf etmiş, bugünkü qibtə ediləsi ölkəsi səviyyəsinə çatdırmaq yolunda gecə-gündüz bilmədən çalışmışdır.

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan partiyamızın ötən dövr ərzində keçdiyi yola da nəzər salsaq, onun həm milli-tarixi ənənələrimizə sadiqliyinin, eyni zamanda, yuxarıda qeyd etdiyimiz - müstəqilliyin qorunması, möhkəmlənməsi və ərazi bütövlüyünün təmin olunması kimi başlıca məqsəd və vəzifələri böyük məsuliyyətlə, layiqincə yerinə yetirdiyinin şahidi olarıq.

Məlum olduğu kimi, Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi respublikamızda demokratik siyasi sistemin və vətəndaş cəmiyyətinin yaranması, bazar iqtisadiyyatı münasibətlərinin təşəkkül tapması üçün tarixi şərait yaratdı. Yeni Azərbaycan Partiyası da bu dönəmdə ilk yaranan müstəqil siyasi partiya olaraq Azərbaycan xalqının istək və arzularının nəticəsi olaraq meydana çıxdı.

1993-cü ilin iyun ayında ümummilli lider Heydər Əliyevin xalqımızın israrlı tələbi ilə yenidən hakimiyyətə qayıdışı ilə rəhbəri olduğu Yeni Azərbaycan Partiyasının yaranmasının 7-ci ayında artıq iqtidar partiyasına çevirdi. Bu, tarixdə baş verən bir ilk idi. Dahi şəxsiyyət Heydər Əliyevin apardığı müdrik siyasət nəticəsində ölkəmiz hər şeydən öncə ağır böhrandan, vətəndaş müharibəsi və dövlət müstəqilliyini itirmək təhlükəsindən birdəfəlik xilas edildi.

Yeni Azərbaycan Partiyası yarandıqdan sonra respublikanın bütün bölgələrində mütəşəkkil formada təşkilatlanması prosesi başladı. Xalqımızın tarixi şəxsiyyət Heydər Əliyevə dərin inam və etimadı nəticəsində partiya üzvlərinin sayı kəmiyyət və keyfiyyət baxımından həndəsi silsilə üzrə artaraq, cəmiyyətimizin bugünkü avanqard qüvvəsinə çevrildi.

Ümummilli maraqların reallaşması yolunda Yeni Azərbaycan Partiyasının böyük tarixi nailiyyətlər qazanmasının nəticəsidir ki, onun sıraları ildən-ilə genişlənir. Yeni Azərbaycan Partiyası ölkənin bütün bölgələrini əhatə etməklə Azərbaycanın aparıcı siyasi qüvvəsi, Cənubi Qafqazın ən böyük siyasi partiyası kimi çıxış edir.

Partiyamız Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin apardığı siyasətlə inkişafın yeni dönəmini yaşayır. Bu siyasət ətrafında xalqımızın sıx birləşməsi, ölkəmizin davamlı inkişafı və beynəlxalq arenadakı böyük nüfuzu, ordu quruculuğu sahəsindəki uğurlarımız Vətən müharibəsində Azərbaycanın şanlı Qələbəsi təmin etdi, Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımız azad edildi. Vətən müharibəsi xalqımızın həyatında böyük tarixi hadisə olmaqla yanaşı, bölgədə yeni geosiyasi reallıqlar yaratdı.

Bu Qələbə partiyamızın funksionerlərindən tutmuş, sıravi üzvlərinə qədər hər birimizin qarşısında yeni reallıqlara uyğun yeni vəzifələr qoymuşdur. Bu reallıqdan çıxış edərək 21 mart 2021-ci il tarixdə keçirilən VII qurultaydan sonra qəbul edilən Fəaliyyət proqramının əsas qayəsini təşkil edən siyasi dəyərlər və prinsiplər ilk növbədə ölkəmizin çətinliklə qazandığı və dəfələrlə sınaqdan keçdiyi müstəqilliyinin daha da möhkəmlənməsini ehtiva edir və bundan sonra azərbaycançılıq ideyasının genişlənməsi, dövlətçilik ənənələrinin yaşadılması, qanunun aliliyinin hər şeydən üstün tutulması, varisliyin gözlənilməsi, konstruktiv əməkdaşlıq və dialoq əsasında təmin olunan birliyimizin daha da gücləndirilməsi, bütün məsələlərdə sosial ədalətin bərqərar olunması, insan amilinin nəzərə alınması və digər amilləri əsas hədəflər kimi müəyyənləşdirir.

Ümumiyyətlə, hakim partiya olaraq Yeni Azərbaycan Partiyasının iqtidarlığı ilə ölkəmizin əldə etdiyi uğurlar saysız-hesabsızdır. Amma onlar içərisində sözsüz yuxarıda da qeyd etdiyimiz kimi, 44 günlük Zəfərlə başa çatan Vətən müharibəsində qazandığımız böyük Qələbə şərəf və qəhrəmanlıq salnaməmiz, şah əsərimiz hesab olunur. Hansı ki, bu Zəfərlə torpaqlarımızın azad olunması, ərazi bütövlüyünün bərpası mümkün oldu.

Ali Baş Komandanın rəhbərliyi altında müzəffər ordumuz bizə bir növ yenidən qürurlu dövlətin, millətin alimi, müəllimi, həkimi, bir sözlə, vətəndaşı olmaq imkanı verdi, əyilmiş başımızı dikəltməklə, həm də bizi məğlub ölkədən qalib ölkənin vətəndaşı olmaq səviyyəsinə yüksəltdi.

Neçə-neçə gənc şəhidlərimizin acı həyat  hekayələrini oxuduqca, dinlədikcə, izlədikcə düşündürücü bir sual yaranır: İlahi, bu gənclərimizin Vətənin gözəlliklərini ən azı biz qədər yaşamadan, Qarabağın əsrarəngiz təbiət möcüzələrini görmədən bir balaca qəlblərində o torpaqlara sevgi, Vətənə qarşılıqsız məhəbbət haradan yarandı ki, gözlərini qırpmadan ölümün ağuşuna atıldılar, qanlarını torpağa qarışdıraraq Vətən etdilər. Demək ki, Vətən sevgisi  sonradan yaranan yox, İlahidən gələn imiş. Görünür, Böyük Əhməd cavad elə o zamanlarda igid qəhrəman övladlarımızın belə qəhrəmanlıqlarından riqqətə gələrək:

Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz! – demişdir.

Dahi bəstəkarımız Üzeyir Hacıbəyli də himnimizin sözlərini musiqi notlarına köçürüb və sonunda belə bir möhtəşəm əsər ortaya çıxmışdır.

Bütün bu qeyd olunanları ümumiləşdirib belə bir nəticəyə gəlmək olar: Doğrudan da, biz elə bir gözəl nemətin sahibi olmuşuq ki, o, müstəqillikdir. Bu, özünün dövləti olmaqdır. Öz dilində danışmaq qürurunu yaşamaqdır. Özünün milli kimliyini sinəsinin üstündə daşımaqdır. Mən də varam deməkdir. Sərhədləri keçəndə pasportumuzu göstərir və deyirik ki, biz də varıq. Nə böyük xoşbəxtlikdir ki, öz bayrağımız, öz himnimiz var. Dünyada təxmini hesablamalara görə, 40 il boyunduruq altında yaşamaqdansa bir gün azad-müstəqil olmaq istəyən minlərlə xalq, etnik qruplar var. Amma onların beynəlxalq səviyyədə tanınmış yalnız 195-nin dövləti var. Təsəvvür edə bilirsiniz, 1 milyard yarım əhalisi olan Çinin də dövləti var, bayrağı BMT-nin binasının qarşısında dalğalanır. 10 milyon əhalisi olan Azərbaycanın da müstəqil qurduğu dövləti var və bayrağı BMT-nin binasının qabağında dalğalanır. Bu bilirsiniz nə deməkdir? Yəni məsələ kəmiyyətdə deyil, keyfiyyətdədir. Bu mənada hər bir azərbaycanlı hansı mövqedə olmasından aslı olmayaraq bir şeyi bilməlidir: Biz bir-birimizin yanında olanda güclüyük, milli-mənəvi tarixi ənənələrimizə sahib çıxanda güclüyük, biz öz dilimizə, mədəniyyətimizə sahib çıxanda güclüyük. Ona görə, ulu babalarımızın bizə miras qoyduğu, ümummilli lider Heydər Əliyevin birdəfəlik dağılmaqdan xilas etdiyi dövlətimizə, millətimizə sahib çıxaq, bayrağımıza sahib çıxaq, Bizə ərazi bütövlüyünü təmin etməklə, müstəqilliyimizi tam bərqərar etmiş müzəffər Ali Baş Komandanın, onun Sədri olduğu hakim partiyanın ətrafında daha da sıx birləşib, ümummili maraqlarımız naminə bir düşünüb, bir hədəfə vuraq. Daha da güclü olmalıyıq, güclü olmaq üçün isə bir olmalıyıq.

Cənab Prezidentin də qeyd etdiyi kimi, elə bir zaman gəlib ki, dünya dəyişir, yeni təhdidlər və yeni çağırışlar artıq qapını döyür. Çox təəssüf ki, beynəlxalq hüquq deyilən bir şey artıq işləmir, kim güclüdürsə, o da özünü ədalətli hesab edir.

Əminik ki, qarşıdakı neçə-neçə onilliklərdə iqtidar sahibi olacaq Yeni Azərbaycan Partiyası cəmiyyətin öncül siyasi qüvvəsi kimi Azərbaycanın çiçəklənməsi, onun dünya birliyində mövqeyinin möhkəmlənməsi, xalqımızın xoşbəxt və firavan həyat şəraitində yaşaması yolunda böyük qətiyyət və əzmkarlıqla fəaliyyətini davam etdirəcək. Bu inamı, əminliyi yaradan isə heç şübhəsiz Prezident-xalq-ordu birliyidir. O birlik ki, Vətən müharibəsində dəmir yumruq olub düşmənin başını əzdi. Unutmayaq ki, dünya düzəninin pozulduğu indiki zamanda Vətən müharibəsi zamanı dünyaya nümayiş etdirdiyimiz həmin birlikdən iki-üç qat birliyə ehtiyacımız var. Partiyamızın sloqanında deyildiyi kimi “Gücümüz birliyimizdədir”. Yaşasın Azərbaycan!!!

Əfsun Sucayev,
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, 
AMEA Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru, kimya elmləri doktoru, dosent