02 noyabr 2022 22:17
656

ORTAQ KEÇMİŞDƏN ORTAQ GƏLƏCƏYƏ

ÇARİZMİN İŞĞALÇILIQ SİYASƏTİ ÜMUMTÜRK TARİXİ KONTEKSTİNDƏ- Qızıl Orda və ondan törəmə tatar xanlıqları

(tarixi-etnoqrafik oçerklər)

K R I M  X A N L I Ğ I

Sultan Səlimin diqqətini İran və Misir üzərində cəmləşdirməsi də Krımda “separatçı” meyllərin güclənməsinə bir yandan rəvac vermişdi. Xanlığın hərəkət müstəqilliyini, suverenliyini, ən əsası isə ərazisini və siyasi nüfuz dairəsini genişləndirməyi qarşıya məqsəd qoyan Məhəmməd Girey arabir Kabarda üzərinə yürüşlərə (bunların ən böyüyü 1518-ci ildə baş vermişdi) çıxsa da, Kazan məsələsinin kəskinləşməsi- xüsusən Məhəmməd Əminin ölümündən sonra- onun əsas diplomatik və hərbi-siyasi səylərini bu cəbhəyə yönəltməsini və Moskvanı hədəfə almasını şərtləndirirdi. Məhz Krım xanının  proteksiyası ilə Kazan taxtına əvvəlcə Əbdüllətif (1516), onun vəfatından sonra isə qardaşı Sahib Girey (1521) keçirilmişdi. Məhəmməd xan, anası Nursultanın vaxtilə Kazan məlikəsi olmasını əsas alaraq, xanlıq üzərində “qanuni” haqqı olduğunu (taxta iddia etmək, yaxud öz naibini/namizədini çıxarmaq hüququ) düşünür və bu istiqamətdə sərbəst hərəkət edirdi. Məhz bu “haqq”a istianad edərək Kazana çoxdan göz qoymuş knyaz Vasilinin işğalçılıq niyyətlərini həyata keçirməsinə həm diplomatik, həm də hərbi yolla mane olmağa çalışır, təzyiq və axınları ilə moskvalıları göz açmağa qoymurdu. Tək bir ilin içində (1521) o, Moskva və ətrafına üç səfər etmişdi. Əvvəl Kazan qoşunlarının, sonra Noqay və Polşa hərbi qüvvələrinin iştirakı ilə rus torpaqlarına hücuma keçmiş, növbəti səfərində Moskvanı mühasirəyə alaraq yandırmış və Vasilini yenidən xəraca bağlamışdı. 1520-ci illərin əvvəllərində Moskva böyük knyazı Məhəmməd Girey xandan Osmanlı sultanlarına bir neçə dəfə şikayətlənməli olmuşdu. Sultan Səlim və Qanuni Sultan Süleyman Krım xanının güclənməsinə yol verməmək üçün müəyyən manevrlər edirdilər. Rus elçiləri İstanbulda isti qarşılanır, onlarla müttəfiqlik mövzusunda söhbətlər aparılır, Məhəmməd xan isə qonşuları ilə münasibətləri kəskinləşdirdiyi üçün məzəmmət edilir, ona “həddini aşmaması” tövsiyə olunurdu. Sultan Səlimin (1512-1520) Məhəmməd xana bir məktubundan rus tarixçisi A.A.Qordeyevin “Kazakların tarixi” kitabında belə bir sitat verilir: “Eşitmişəm ki, Moskva torpağına hücum etmək istəyirsən. Öz başını qoru, Moskva knyazının üzərinə getmə, çünki o, bizim böyük dostumuzdur. Getsən, mən də sənin torpağına hücum edəcəyəm”.

Əlbəttə ki, bütün bu töhmət və tövsiyələr müəyyən mənada xanın əl-qolunu bağlayır, onu sərt davranışlardan çəkindirirdi. Hətta Sultan Süleyman hakimiyyətə gəldiyi ilk vaxtlarda fərman verib Krım xanlığının ruslara hücum etməsini yasaqlamış, xanın arqumentlərinə məhəl qoymadan ona “yerini göstərmişdi”. Məhəmməd Girey Krımın müstəqilliyinə nə qədər əzm göstərsə də, Osmanlının qarşısında gücsüzlüyünü başa düşür, əksər hallarda geri çəkilir, bəzən də nə edəcəyini bilmirdi. Misal üçün, Moldova məsələsində Osmanlı dövləti ilə Polşa-Litvanın mənafeləri toqquşurdu. Osmanlı siyasətçiləri Polşa-Litva ilə münasibətləri kəsməyi tələb etsələr də Məhəmməd xan bu ölkə ilə ittifaqı pozmaq istəmirdi. Sultan Süleyman Krım xanının Noqay səfərindən də xoşnud olmamışdı. Ümumiyyətlə, Məhəmməd Girey dövründə Osmanlı-Krım münasibətlərində gərgin məqamlar kifayət qədər idi. 

1523-cü ildə Məhəmməd xan oğlu və kalqayı Bahadır Gireylə birlikdə bir ziyafət zamanı noqaylar tərəfindən öldürüldü (bəzi tarixçilər sui-qəsdin arxasında knyaz Vasilinin dayanmasına işarə edirlər), lakin Krımda Osmanlının tərəfdarları ilə əleyhdarları (daha doğrusu, müstəqilliyə can atanlar) arasında qarşıdurma səngimədi, əksinə, daha da şiddətləndi. Təfərrüata varmadan demək olar ki, bu gərginlik 1532-ci ildə Sahib Girey taxta çıxana qədər davam etdi. Məhz həmin il İstanbuldan güclü bir qoşunla Krıma gələn Sahib Girey padşahdan barat almadan taxta sahiblənmiş I İslam Gireyi məğlubiyyətə uğradaraq xanlıqda Osmanlı hakimiyyətini bərpa etdi. Sahib Gireyin səltənət illəri Krım xanlığı tarixinin ən parlaq dövrü sayılır. O, mərkəzi idarəçiliyi möhkəmləndirmiş, əksəriyyətini qəbilə başçıları təşkil edən müxalif qüvvələri öz tərəfinə çəkməyi bacarmışdı. Kəraçi bəylərin dövlət işlərinə təsirini azaltmaq üçün alternativ qüvvələri gücləndirmiş (Sucut qəbiləsinin nüfuzunun yüksəldilməsi buna misaldır), tayfalar arasındakı balansı öz xeyrinə dəyişmişdi. Sahib xan sələfi Məhəmməd Gireyin Moskva siyasətini davam etdirərək, Osmanlı sultanını rusların “ulu yurd”u qəsb etmək istədiklərinə inandıra bilmiş, ondan işğalçılara qarşı mübarizəsində dəstəklənəcəyinə zəmanət almışdı. 1538-ci ildə 150 minlik qoşunla Moskva üzərinə yürüş etmiş, rusların Kazan taxtından endirdikləri Səfa Gireyi yenidən (1546-1549) hakimiyyətə qaytarmış, Osmanlı qoşununun yardımı ilə Həştərxan və ətrafını ələ keçirmişdi. Sahib xanın hakimiyyəti dövründə Krım xanlığı istilaçı qüvvələr qarşısında keçilməz səddə çevirmişdi. O, xanlığın ərazisini genişləndirmiş, 1539-cu və 1542-ci illərdə qəbilə birliklərindən topladığı 40 minlik ordu ilə çərkəzlər, 1544-cü ildə isə Özi, Don, Azak vasitəsi ilə kabardalılar üzərinə səfərə çıxaraq, 10 minə yaxın əsir, bol qənimət ələ keçirmiş, eyni zamanda noqayları boyun əydirmiş, ən əsası isə Qafqaz koridorunu nəzarəti altına almışdı.

Lakin Sahib Gireyin qısa müddətdə Krımın şəriksiz və mütləq hakiminə çevrilməsi qəbilə başçılarını və Osmanlı hökumətini qıcıqlandırır, narazılıq yaradırdı. Qeyd olunduğu kimi, əleyhdarları çoxdandı ki, onu Qanuni Sultan Süleymanın gözündən salmağa çalışırdılar. Nəhayət, Kəfə civarındakı bir kənddə baş verən torpaq mübahisəsi zamanı Sahib xanın Osmanlı məmurlarına qarşı çıxması padşaha “asilik” kimi təqdim olundu və onun qətlinə fərman alındı. Ustalıqla hazırlanmış plana əsasən, Sahib Girey çərkəzlər üzərinə yeni bir səfərə göndərildi və İstanbuldan təyin olunmuş Dövlət Girey xanın (1551-1577) Krım taxtına keçməsi üçün imkan yaradıldı. Əvvəlcə çərkəz səfərindən geri dönən Sahib xanın özü Taman yaxınlığında öldürüldü, sonra isə oğulları və yaxın adamları qətlə yetirildilər. Aydın məsələdir ki, Sahib Gireyin aradan götürülməsi, bölgənin ən qüdrətli güc mərkəzi olan Krım xanlığında nəzərlərin daxili siyasi proseslərə yönəlməsi Moskva knyazlığının əl-qolunu açır, bölgədə hərəkət imkanlarını qat-qat artırırdı. Hətta tarixşünaslıqda belə bir fərziyyə də geniş yayılıb ki, Sahib xanın öldürülməsi Kazanın işğalının həlledici fazaya keçməsini sürətləndirən başlıca amil olub. Guya Dövlət xan Sahibi aradan götürəndən sonra dərhal Kazan üzərinə hücuma keçməli, xanlığı alıb, orada möhkəmlənməli imiş, bu plandan xəbər tutan rus tərəfi də yürüşə vaxtından əvvəl, təxirəsalmadan çıxıb. Hücumu ləngitmək üçün Dövlət xanın etdiyi hərbi manevr isə istənilən nəticəni verməmiş, Kazan əldən getmişdi...

Lakin Dövlət xan ruhdan düşmür, Moskvanı davamlı hücum və təzyiqlər altında saxlamaq hesabına Kazanı (az sonra həm də Həştərxanı) qaytara biləcəyinə inamını itirmirdi. Adı tarixə “ulu yurd”un rus işğalından azad edilməsi uğrunda dönmədən ardıcıl mübarizə aparmış sonuncu Krım xanı kimi yazılan Dövlət xanın hakimiyyəti illərində Tula, Ryazan, Kaşir, Mixaylov (1556,1557, 1558, 1562, 1563, 1564, 1570, 1571, 1574, 1575, 1576) üzərinə həyata keçirdiyri irili-xırdalı hücum əməliyyatları çar İvan Vasilyeviçi nəfəs dərməyə qoymur, düşmənin durmadan sıxışdırılmasına və bir müddətlik də olsa, işğalçı fəaliyyətlərini genişləndirməkdən çəkinməsinə xidmət edirdi. Sadalanan səfərlər arasında 1571-ci il “Moskva yanğını” xüsusilə məşhurdur. Şəxsən Dövlət xanın komandanlığı altında gerçəkləşdirilən bu irimiqyaslı hücum əməliyyatı zamanı 120 minlik Krım qoşunu qarşısına çıxan bütün sədləri yararaq, Moskvanı mühasirəyə almış, müdafiə xətlərini darmadağın edib şəhərə od vurmuşdu. Çarın vahimə içində paytaxtdan qaçması xəbəri İstanbulda böyük rezonans doğurmuş, Dövlət xana “taxt alğan” ünvanı verilmişdi (eyni titula, xatırlayırsınızsa, ilk dəfə  1502-ci ildə Böyük Orda paytaxtı Sarayda daş üstə daş qoymayan Məngü Girey xan layiq görülmüşdü).

Əlbəttə, Dövlət xanın hərbi uğurlarından söz açarkən unutmamalıyıq ki, sələfləri I Məhəmməd və Sahib Gireylərdən fərqli olaraq Osmanlı dövlətinin münasibəti sarıdan onun “bəxti daha çox gətirmişdi”. Kazan və Həştərxanın işğal edilməsi və bu zaman baş verən müdhiş cinayətlər Rusiyanın həqiqi simasını üzə çıxarmış, necə deyərlər, Osmanlının “gözünü açmışdı”. İstanbulda artıq rus diplomatik missiyalarının səmimiyyətinə inanmır, dostluq çağırışlarının arxasında məkrli niyyətlər dayandığını başa düşür və bu niyyətlərin qarşısını almağa çalışırdılar. 1566-cı ildə Sultan II Səlimin taxta çıxması münasibəti ilə təbrik üçün göndərilən rus səfiri olduqca soyuq qarşılanmış, onun Osmanlı ilə mehriban münasibətləri davam etdirmək haqqında söylədiklərinə, hətta  Həştərxan civarındakı bəzi ərazilərin Osmanlı dövlətinə qaytarılmasına vurduğu eyhama belə etinasızlıq göstərilməsi çar hökumətini həyəcanlandırmışdı. Fateh zamanından bəri İstanbulda rus səfirinə hələ bu cür sayğısız münasibət göstərilməmişdi. Artıq Babi-Ali çar İvanın Qızıl Orda torpaqlarına bütünlüklə yiyələnmək strategiyası yeritdiyini anlayır və Osmanlı dövlətinin bu işğalçılıq siyasəti ilə barışmayacağını diplomatik yolla büruzə verirdi. Krım ordusunun topçu birlikləri ilə təchiz olunması məhz bu dönüşün nəticəsi idi və Dövlət xanın Rusiya üzərində qələbələrində az rol oynamamışdı...

Lakin məhz bu əsnada yeni bir hərbi gücün- kazakların bölgə səhnəsinə çıxmasını da yaddan çıxarmaq olmaz. Kazaklar ilk dəfə Krıma Dövlət xanın Rusiya ərazilərinə 1556-cı il səfəri zamanı basqın etdilər. Onlar çərkəzlərlə birləşib Dnepr üzərindəki İslamkirman və Kerç boğazındakı Taman və Temrük qalalarına ağır zərbələr endirdilər. Xanlığın eyni zamanda həm şərq, həm də qərb sərhədlərinin təhlükə altında qalması Dövlət xanı səfərini yarımçıq dayandırıb sürətlə geriyə dönməyə vadar etdi. Osmanlı qüvvələrinin yardımı ilə basqınçılar geri oturduldu. 1559-cu ildə kazak lideri Dimitras yenidən çərkəzlərlə birgə Azak qalasına hücuma keçdi, bu dəfə də məğlub olmalarına baxmayaraq kazaklar uzun müddət Taman, Azak və Kəfə istiqamətində Krım-Osmanlı birlikləri üçün təhdid mənbəyinə çevrildi. Beləliklə, Dövlət xan və xələfləri təkcə şimaldakı rəqibləri ilə deyil, həm də xanlığın “burnunun dibində” ortaya çıxan yeni bir hərbi güclə qarşı-qarşıya qalmalı oldular. Və kazaklar bu dövrdən etibarən özlərini Rusiya-Polşa-Krım (Osmanlı) üçbucağında çevik manevrləri ilə gah bu, gah o biri dövlətin maraqlarına xidmət göstərən, gah da gözlənilməz addımları ilə bütün siyasi təxminləri pozan müstəqil bir qüvvə kimi nümayiş etdirməyə başlayırlar. Onların adı çəkilən böyük xristian dövlətləri, xüsusən Rusiya ilə münasibətləri heç də birmənalı deyildi. Bu xüsus “Azovun alınması və türk sultanı İbrahimin Don kazaklarını mühasirədə saxlaması tarixi” adlı nağılvari ədəbi-tarixi əsərdə onlarla Osmanlı elçiləri arasında gedən dialoqda bütün dəqiqliyi ilə açılır. Kazak atamanları onları təslim olmağa çağıran yeniçəri ağalarına deyirlər: “Siz müsəlmanların bizə rəhmi gəlib deyirsiniz ki, bizə Rusiyadan nə çörək göndəriləcək, nə də kömək gələcək, guya bu barədə sizə Moskva dövlətindən məktub gəlibdir. Bu haqda biz siz köpəklərdən də yaxşı bilirik ki, Rusiyada, Moskva dövlətinin yanında hansı mərtəbədəyik. Biz orada qiymətli adamların yanında heç kəsə lazım deyilik... Bizə Rusiyada üfunət qoxuyan köpək kimi baxırlar. Biz həmin Moskva dövlətindən, ömürlük qul olmaqdan, təhkimçi kəndli hüquqsuzluğundan, boyarlardan, zadəgan ağaların əlindən buraya qaçıb boş və adamsız düzənlərdə məskən salmışıq. Orada kim bizim qüssəmizi çəkəcəkdir? Orada hamı bizim fəlakətimizə sevinər. Biz Rusiyadan heç vaxt nə çörək, nə də kömək almışıq. Biz cəsurları düzənlikdə mərhəmətli Allah özünün vəhşi heyvanları və dəniz balıqları ilə dolandırır. Biz səma quşları kimi yaşayırıq, yəni nə toxum səpir, nə yer əkir, nə də məhsul yığırıq. Qara dəniz sahilində elə belə dolanırıq. Bax, biz Azov şəhərini də hökmdar buyruğu ilə yox, öz iradəmizlə, kazak kaftanları xatirinə və sizin murdar məğrurluğunuzun və başqalarına xor baxmağınızın acığına aldıq. Hökmdarımız öz nökərlərinin tutduğu işə görə qəmgindir. Azovu aldığımıza görə ondan ölüm hökmü gözləyirik”. Əsərdən aydın göründüyü kimi, saray əyanlarından, hakim dairələrdən üz çevirdiklərini, onlardan narazılıqlarını gizlətməyən kazaklar bütün üzləşdikləri məşəqqətlərə rəğmən, Moskva dövlətini “müsəlman, İran və bütpərəst dövlətləri arasında səmada işıq saçan günəşə” bənzədir və rus çarına itaət etdiklərini bildirirlər. Dövlət xanın dövründə də Rusiyanın satelliti rolunu oynadıqları üçün kazaklar Osmanlının cənub sərhədlərinin müdafiəsinə məsul olan Krım xanlığına böyük problemlər  yaradırdılar.

Dövlət Gireyin Rusiyaya qarşı Litva-Polşanı öz tərəfinə çəkmək cəhdləri də nəticə vermir. Sigizmund II Avqustla razılaşmalarına rəğmən, onun 1550-ci illərdə Krım qoşunlarının bir neçə dəfə Böyük Litva knyazlığının cənub ərazlərinə basqınlar etməsi bunun göstəricisidir. Daxili ziddiyyətlər üzündən Krım xanlığı 1558-1583-cü illər Livon müharibəsinə də qatıla bilməmişdi. 1588-1589-cu illərdə isə II İslam Girey, Sultan III Muradın əmri ilə Reç Pospolita üzərinə yürüşə çıxmışdı. Osmanlı dövləti rəsmən Kazan və Həştərxan üzərində Moskva hakimiyyətini tanımadığını bəyan etdikdən sonrakı cəhdlərin (Volqa-Don layihəsi və 1569-cu il Həştərxan yürüşü) uğursuzluğu, İstanbulun Kipr fəthinə daha artıq önəm verməsi və b. səbəblər Dövlət Gireyin Rusiya üzərində həlledici qələbə qazanmasını əngəlləmiş, onun 1572-ci ildə Moskvanın 60 kilometrliyində yerləşən Molodi döyüşündə məglub olması isə Krım uğrunda mübarizəsində çar Rusiyasını qələbəyə ruhlandırmışdır. Düşünmək olar ki, Krım-Moskva qarşıdurmasında qüvvələr arasında tarazlıq məhz bu döyüşlə yaranmışdır; bundan sonra Rusiya artıq tədricən, lakin durmadan irəliləyəcək, Krım xanlığı isə addım-addım geri çəkliəcək, əlindəki mövqeləri bir-bir  güclənməkdə olan rəqibinə tərk edəcək, amma bu qarşıdurmanı heç bir vəchlə dayandırmayacaqdır. Get-gedə Kazan və Həştərxanın Krım (Osmanlı) mülkü olması ideyası aktuallığını itirəcək, əlçatmaz bir xəyal kimi tarixə gömüləcək, yalnız epizodik şəkildə, təsadüfdən-təsadüfə yada düşəcəkdir (misal üçün, bir çox tarixçilər 1653-cü ildə Rusiya əleyhinə Polşa ilə müqavilə imzalayarkən Krım xanı III İslam Gireyin ilk növbədə məhz Həştərxanın geri qaytarılması məqsədi güddüyünü söyləyirlər). Dövlət Gireydən sonrakı Krım xanları daha çox iqtisadi (əsir və qənimətlər götürmək) mülahizələrlə nəzərlərini şimaldan cənuba (Qafqaza və Azərbaycana) və qərbə (Macarıstan və Dunay bəyliklərinə) döndərəcək, Osmanlı dövlətinin bu istiqamətlərdə həyata keçirdiyi bütün hərbi yürüşlərdə iştirak tələblərinə həvəslə əməl etməyə başlayacaqlar. Artıq Krım xanlığının öz suverenliyi uğrunda Rusiyanın qatı düşməninə, maddi mənfəət qarşılığında isə Babi-alinin itaətkar vassalına çevrildiyini iqrar etmək mümkündür.

...Lakin, zənn edirik, Moskva Rusu ilə münasibətlərin qarşıdurma müstəvisində izlənilməsinə keçməzdən əvvəl haşiyə çıxaraq, Azərbaycan oxucusu üçün xüsusi maraq kəsb edən bir mövzu, Səfəvi-Osmanlı müharibələrində Krım xanlığının rolu məsələsi üzərində ətraflı dayanmaq yerinə düşər. Çünki iki türk-müsəlman fövqəldövləti arasında müəyyən fasilələrlə az qala bir əsrdən də çox davam etmiş bu müharibələrdə Krım xanlarının iştirakı məsələsi sovet dövrü Azərbaycan tarixşünaslığına yanlış və təhrif olunmuş şəkildə inikas etdirilmişdir. Xanlığın dövlət maraqlarına birtərəfli qaydada göz yumulmuş, onun siyasi motivasiyası görməzliyə vurulmuş, Krım qoşunlarının yalnız bir alət kimi istifadə olunması fikri geniş yayılmışdır. Amma tarixi faktlar sübut edir ki, qələbələr Osmanlı paşalarının adına yazılsa da, Azərbaycan torpaqları uğrunda aparılan hərbi əməliyyatların aparıcı qüvvəsi, əslində, Krım xanları olmuş, döyüşlərin strategiya və taktikasını onlar müəyyənləşdirmiş və həyata keçirmişlər. Cənubi Azərbaycan və Ərəb İraqı cəbhələrində əsas ağırlıq Osmanlı ordusunun üzərinə düşdüyü kimi, Qafqaz cəbhəsinin yükünü də Krım qoşunları çəkmişdir.

Qeyd olunduğu kimi Dövləti-Aliyyənin Qafqaz siyasətini həyata keçirməyə məsul edilmiş Krım xanları özlərini bütün Dəşti-Qıpçağın, “ulu yurd”un şəriksiz hakimi hesab edirdilər. Həştərxanın işğalından sonra isə onlar həm də Şimali Qafqaz xalqlarını himayə altına almaq strategiyası götürmüşdülər. Eyni zamanda Kazan və Həştərxan istiqamətlərində hərəkət sərbəstliyi qazanmış çar Rusiyasının Qafqaz dəhlizi üzərində nəzarəti ələ keçirməsi Krım xanlığı üçün həyati təhlükə kəsb edirdi və buna qarşı var gücləri ilə müqavimət göstərən xanlar, Səfəvilərlə müharibələrə bir tərəfdən özlərini gələcək hücumlardan qorumaq, digər tərəfdən isə siyasi nüfuzlarını Cənubi Qafqaza yaymaq imkanı kimi baxırdılar.

Faktik materiallar Azərbaycanda Krım xanlarırının mövqeyinin həmişə güclü olduğunu, Şirvanda müstəqillik uğrunda əsrlər boyu davam etmiş mübarizədə onların xüsusi fəallıq göstərdiklərinə dəlalət edir. 1538-ci ildə Şirvanı Səfəvilər dövlətinə birləşdirən I Şah Təhmasib (1524-1576) qardaşı Əlqas Mirzəni bəylərbəyi təyin etmişdi. Lakin yerli  əsilzadələr Şirvanın adi bir Səfəvi əyalətinə çevrilməsi ilə barışmaq istəmirdilər. Onların mərkəzdənqaçma meyllərindən yararlanan Əlqas Mirzə 1547-ci ildə qardaşına qarşı qiyam qaldıraraq özünü müstəqil hakim elan etmişdi. O, Krım xanlığının yardımına arxalanırdı və onlardan hərbi dəstək almışdı. Lakin bütün səylərinə baxmayaraq Əlqas Mirzənin qiyamı məğlubiyyətə uğramış, o, İstanbula qaçaraq bir müddət Osmanlı-Səfəvi qarşıdurmasının əsas fiqurlarından olmuşdu.

Şirvanşahlar nəslinin Dövləti-Aliyyəyə pənah aparan qaçaq nümayəndələri də müxtəlif vaxtlarda Krıma sığınmış, fürsət düşdükcə Baxçasaray və Kəfənin hərbi yardımı ilə dəfələrlə Şamaxı və ətraf ərazilərdə silahlı üsyanlar təşkil etmiş, yerli əhalini Səfəvi dövlətinə qarşı qaldırmağa çalışmışlar. Dərbəndilər sülaləsinin Osmanlı himayəsinə girmiş şahzadələrinə misal olaraq Bürhan oğlu Əbübəkr Mirzənin həyat hekayəsi bu baxımdan səciyyəvil və maraqlıdır. Münəccimbaşı ləqəbi ilə tanınan Osmanlı tarixçisi Dərviş Əhməd Dədə bin Lütfullahın (ölümü 1702) yazdığına görə, o, hələ uşaq ikən qətlə yetirilən atası Bürhan Əlinin adamları tərəfindən Dağıstana aparılmış və təqribən 20 il orada qalmışdı. 1570-ci ildə Dağıstandan Krıma getmiş, Dövlət Girey onu “yüksək hörmət və ehtiramla” qəbul etmiş, az sonra qızını Əbubəkr Mirzə ilə evləndirmiş və “onun haqqında Babi-aliyə məlumat vermişdi”. Osmanlı sultanı ona maaş kəsərək, xüsusi tapşırıqla Şirvana göndərmişdi. İskəndər Münşi Əbubəkrin ləzgi və qarabörk tayfalarından olan keçmiş Şirvan ordusunun qalıqlarını öz ətrafına toplayaraq 2-3 minlik bir qoşun yaratdığını, babalarının hökmranlığının bərpa olunması uğrunda mübarizəyə başladığını və Osmanlı sultanından kömək aldığını bildirir. Əbubəkr Mirzə sünnilərin ümumi maraqlarını əsas gətirərək “qızılbaş köləliyindən azad” olmaq üçün sona qədər döyüşməyə və səfəviləri Şirvandan qovandan sonra Osmanlı himayəsinə keçməyə söz vermişdi. Bu vaxt Şirvan əhalisi arasında səfəvilərdən narazılılıq güclənmişdi. Bundan istifadə edərək yerli sakinlərin gücü ilə hakimiyyəti ələ keçirən Əbubəkr Mirzə sonralar da krımlılar, dağlılar və şirvanlılar arasında birləşdirici rol oynamış, onun qoşunu Osmanlı-Səfəvi müharibələrinin Qafqaz cəbhəsində aparıcı qüvvələrdən birinə çevrilmişdi. Bu cəhətdən Əbubəkr Mirzə özündən əvvəl Osmanlı-Krım-Dağıstan koalisiyası ilə əməkdaşlıq etmiş Qasım Mirzədən fərqlənir.

Qasım, 1554-cü ildə Qanuni Sultan Süleymanın Azərbaycana dördüncü hücumu (əvvəlki yürüşlər 1534, 1535, 1548-ci illərdə olmuşdu) zamanı Şirvana göndərilmiş yerli mirzələrdən (əmirzadələrdən) biri idi. Həmin il Osmanlı qoşunları Naxçıvanı tutmuş, lakin ərzaq ehtiyaclarını təmin edə bilməyib, Ərzuruma çəkilmişdi. Döyüşlərin birində Sinan Paşa əsir alınmış və bundan xəbər tutan Sultan Süleyman Qasımın əmrinə yeniçəri dəstəsi verərək, onu Kəfədən Şirvana göndərmişdi. Şirvan xanlarının nəslindən olan Qasım krımlılarla birlikdə Dağıstana gəlmiş, burada qumuq və qaytaq qoşunları ilə birləşərək, Dərbənd üzərindən Şirvana yerimişdi. Müstəqillik arzusu ilə yaşayan Şirvan əyanları və tayfa başçıları Səfəvi bəylərbəyi Abdulla xanı tərk edib Qasımın tərəfinə keçmişdilər. Oqtay Əfəndiyevin yazdığına görə, bu vaxt Şirvan qoşunlarının əsas hissəsi Naxçıvana göndərildiyi üçün Abdulla xanın öhdəsində çox az bir qüvvə qalmışdı. Buna baxmayaraq “Abdulla xan qızılbaş əmirlərindən İbrahim bəy Şamlu və Əliqulu bəy Qacarla birlikdə dərhal qiyamçılara qarşı çıxdı və Tabasaranda, Təngə adlanan yerdə Qasıma hücum etdi. Lakin qızılbaşlar üsyançıların möhkəmləndirilmiş mövqeləri qarşısında uğur qazana bilmədilər və Şamaxıya qayıtdılar. Qızılbaş ağsaqqalları qoşunlarının azlığından narahat olduqları üçün nəticəsi şübhəli olan döyüşdən imtina etməyi qərara aldılar. Lakin salnaməçilər xəbər verirlər ki, Abdulla xan “Allahın köməyinə və şahın xoşbəxtliyinə təvəkkül edərək” iki min nəfər qızılbaşla Gülüstan qalası altında qiyamçılarla döyüşə girdi. Vuruşma şiddətli oldu və qızılbaşların üstünlüyü yalnız axşama yaxın hiss olunmağa başladı. Döyüş meydanında təxminən 1500 qiyamçının cəsədi qaldı. Canını qurtaranlar Tabasarana qaçdılar”. (Bu döyüşdən sonra Osmanlı və Səfəvi dövlətləri arasında 1555-ci il Amasya sülhü imzalandı.) Qasım Mirzənin də Dağıstana qaçanlar arasında olduğu tarix kitablarından bəllidir. Lakin Əbubəkr Mirzədən fərqli olaraq sonrakı döyüşlərdə onun adına rast gəlmirik. Əbubəkr isə XVI əsrin sonlarına doğru daha qızğın mərhələyə keçən Osmanlı-Səfəvi müharibələrinin əsas qəhrəmanlarından biri kimi tez-tez xatırlanır.

Krım ordusunun Osmanlı-Səfəvi müharibəsinə daha intensiv şəkildə cəlb olunması Amasya sülhünün pozulduğu 70-80-ci illərə təsadüf edir. Sultan III Muradın (1574-1595) fərmanı ilə Osmanlı sərkarı Lələ Mustafa Paşa Ərzurumda yüz minlik qoşun toplayır və Krım xanı Məhəmməd Gireydən, Dağıstanda Qumuq və Qaytaq hakimi Çitlav şamxaldan, Tabasaran hakimi Qazi Salehdən, avar hakimi Toğa Laz Bürhanəddindən Şirvan və Gürcüstan üzərinə yürüşdə bu qoşuna qoşulmaları tələb olunur. Mustafa Paşa Ərzurumdan Qarsa gələrək, Amasya sülhünə əsasən uçurulmuş Qars qalasını bərpa edir və qoşununu orada yerləşdirir. Çuxursəd bəylərbəyi Məhəmməd xan Toxmaq Ustaclı Azərbaycanın cənub hissəsinin hakimi Əmir xan Türkman və Qarabağ bəylərbəyi İmamqulu xan Qacara xəbər göndərib onları köməyə çağırsa da, ustaclı və türkman tayfaları arasında düşmənçilik olduğundan Əmir xan bu çağırışa cavab vermir. Məhəmməd xan və İmamqulu xanın 15 minlik birləşmiş qüvvəsi Gürcüstan yolu üzərində, Çıldır gölü sahilində Osmanlı qoşunu ilə qarşı-qarşıya gəlir və məğlub olur. Mesxi vəliəhdi Mənuçöhr və qardaşı Kvarkvare, Kaxetiya çarı Aleksandr, Mustafa Paşanın təslim olma tələbini qəbul edirlər və osmanlılar Axalsixlə Kaxeti tutaraq tezliklə Tiflis, Qori və Zəyəmə daxil olurlar. Qanıq (Alazan) çayına çatan Lələ Mustafa Paşa bir neçə mövqe döyüşündən sonra Ərəşi alır. Şirvan hakimi Araz xan Rumlunun geri çəkilməsi ilə Əbubəkr Mirzənin qoşunu ləzgilərlə birlikdə Şirvanı ələ keçirir. Şamaxını, sonra isə növbə ilə Qəbələ, Bakı, Şabran, Salyan və Mahmudabadı tutan Mustafa Paşa Şamaxı, Ərəş və Bakı qalalarını möhkəmləndirib, Şirvanda komandanlığı Özdəmir oğlu Osman Paşaya tapşıraraq özü qışlamaq üçün Ərzuruma qayıdır. Amma əvvəlcə  Dağıstan hakimlərini “sultana sədaqətlə xidmət etdiklərinə görə” mükafatlandırır, Çitlav şamxalı Şabran, Toğa Laz Bürhanəddini Axtı və İxır sancaqlarının başına gətirir.

Sentyabrın axırlarında Səfəvi şahzadəsi Həmzə Mirzənin 30 minlik qoşunla köməyə gəldiyini eşidən Şirvan bəylərbəyi Araz xan Rumlu Şamaxı üzərinə hücuma keçir. O.Əfəndiyevin yazdığına görə, qızılbaşlar “şəhəri geri almaq üçün qəhrəmancasına cəhd göstərdikləri və buna yaxın olduqları bir vaxtda Məhəmməd Girey və kalqay Adil Girey 20 minlik Krım-tatar qoşunu ilə Dərbənddən keçərək Şirvana çatdılar. Osman Paşa, ləzgilər, Əbubəkr və Krım qoşunlarının birləşməsi Araz xanın məğlubiyyəti ilə nəticələndi. O, əsir alındı və edam edildi. Qoşunların yalnız bir hissəsi qaçmaqla qırğından yaxa qurtara bildi. Bundan sonra Osman Paşa Şamaxı qalasına gəldi, Adil Girey isə Əbubəkrlə Araz xanın düşərgəsini qarət etmək məqsədi ilə cənuba, Muğan düzünə tərəf getdilər... Döyüşdən salamat çıxmış Ərdoğdu Xəlifə Təkəli, bir neçə başqa əmir, o cümlədən, Araz xanın iki oğlu  Qarabağa gəlib məğlubiyyət xəbərini buradakı şah qərargahına çatdırdılar. Talış əmirlərinə əmr edildi ki, Araz xanın qoşunlarının qalıqlarını bir yerə cəmləşdirib Krım tatarlarının Kürü keçməsinə imkan verməsinlər. Qızılbaşlar Cavad yaxınlığında çay keçidini tutdular və Kürün üzərindəki körpünü uçurdular. Lakin bu, krımlıların qarşısını ala bilmədi. Onlar cəsarətlə suya atıldılar və o biri sahilə çıxdılar... Qızılbaşlar vahimə içində qaçmağa başladılar. Sərvətlə yüklənmiş dəvə karvanları tatarların əlinə keçdi. Adil Girey böyük miqdarda qənimət götürərək elə həmin gün şimala doğru-Şirvana tərəf hərəkət etdi”.

Vəzir Mirzə Salmanın əmrindəki Səfəvi qoşunu Qarabağdan Şirvana doğru irəliləyərək, Şamaxı qalasını mühasirə etdi. Qızılbaş əmirləri Osman Paşanın köməyinə gələn Krım qoşununun qarşısını kəsmək üçün Ağsu şayı sahilinə gəldilər. 1578-ci il noyabrın 28-də Mollahəsən adlı yerdə Adil Gireylə qardaşları Səadət və Əsgərin komandanlığı altında Krım qoşunu və səfəvilər arasında şiddətli döyüş oldu. Bütün gün ərzində qızılbaşların ardı-arası kəsilməyən hücumlarını dəf edən krımlılar mətanətlə döyüşürdülər. Lakin onları ruhlandırmaq və döyüşün gedişində dönüş yaratmaq məqsədi ilə meydana atılan Adil Girey Baba Xəlifə adlı bir qızılbaşın nizəsi ilə atından salındı. Osmanlıların Ərəş hakimi təyin olunmuş Piyalə bəy də əsir düşdü. Başsız qalan Krım qoşunu qaçmağa başladı. Adil Gireyin aqibətindən xəbər tutan Osman Paşa artıq yardım ala bilməyəcəyini anlayıb, Şamaxını tərk edərək Dərbəndə yol aldı. Qızılbaşların qələbə xəbərini eşidən  sakinlər çətin qış şəraitində Dərbəndə özünü güclə çatdırmış Osmanlı qoşununu qalaya buraxmaq istəmədikləri üçün şəhəri hərbi yolla yenidən almaq lazım gəldi. Osman Paşanın niyyəti Dərbənddə möhkəmləndikdən sonra yenidən Şirvan üzərinə getmək idi. O, bir neçə dəfə kəşfiyyat dəstəsi göndərmiş, lakin hər dəfə Şirvan hakimi Məhəmməd Xəlifə Zülqədərin güclü müqaviməti ilə rastlaşmışdı. Səfəvilər Mollahəsən qələbəsindən Şirvanda möhkəmlənmək üçün lazımınca istifadə edə bilməsələr də, yeni hakim Osman Paşanı nəinki Şirvana buraxmamaqda, hətta Dərbənddə vurub çıxarmaqda qərarlı idi. Məhəmməd Xəlifə bu məqsədlə Qaytaq və Tabasaran hakimləri ilə yaxınlaşmağa başlamışdı. Osmanlıların uğursuzluqları Dağıstan hakim dairələrində müstəqillik meylini gücləndirmiş, Osman Paşa Qaytaq usmisini tabe etdirmək üçün onun Başlıdakı iqamətgahına yürüş etməyə də məcbur olmuşdu (doğrudur, pusquya düşürülərək böyük itki vermişdi). O.Əfəndiyev türk tarixçisi B.Kütükoğluna istinadla qeyd edir ki, bu yürüşdən sonra qızılbaş hakimi Məhəmməd Xəlifə Zülqədərlə Qaytaq usmisi və Tabasaran hakimi Məsud bəy arasında münasibətlər bir qədər də istiləşmiş, onlar Dərbənddə olan Osman Paşa üzərinə birgə hücum haqqında razılığa da gəlmişdilər. “Lakin- O.Əfəndiyev yazır,- Şimali Qafqazdan Krım tatarlarının iri qüvvələrinin Dərbəndə yürüşü buna mane oldu. Krım xanlığı Azərbaycana münasibətdə işğalçılıq planlarından imtina etməmişdi”.

1579-cu ilin yayında Məhəmməd Girey xan 100 min nəfərlik qoşunla Şimali Qafqazdan keçərək Şirvan hüdudlarına daxil oldu və oktyabrda Dərbənddə Osman Paşanın qüvvələri ilə birləşdi. Elə həmin ay birləşmiş Osmanlı-Krım qüvvələri Şamaxıya daxil olub, üç gün orada qaldılar. Buradan Şirvanın müxtəlif yerlərinə göndərilən qoşun birlikləri tezliklə Bakı, Ərəş, Gəncə, Qarabağ və Muğanı ələ keçirərək Qızılağaca qədər irəlilədi. Məhəmməd Xəlifə Zülqədər Samur çayı üzərində qeyri-bərabər qüvvə ilə tatarlarla döyüşə girərək həlak oldu. Məhəmməd Girey, Osman Paşaya kömək üçün Dərbənddə Qazi Gireyin rəhbərliyi altında kiçik bir bölük saxlayaraq Krıma döndü. O, özü ilə zəngin qənimət və qul bazarında satılmaq üçün içərisində qadın və qızlar da olan xeyli əsir apardı. 1579-cu il yürüşündən bəhs edən əsərlərdə bir qayda olaraq krımlıların Azərbaycanda dağıntı, talan və qarətlər törətmələri xüsusi vurğulanır. Bu məqama diqqət yetirməmək mümkün deyil. Zira əvvəlki yürüşlərdən söz açan  mənbələrdə belə bir hal qeydə alınmamışdır. Zənnimizcə, 1579-cu ildə nəzəri cəlb edən qəddarlıq faktları Adil Gireyin taleyi ilə əlaqələndirilməlidir. Yaddan çıxarmayaq ki, onun qardaşları Qazi, Səfi və Səadət də bu yürüşdə iştirak etmiş və Məhəmməd Xəlifə Zülqədərin şah qərargahına verdiyi məlumata əsasən, məhz intiqam almaq üçün gəlmişdilər.

“İlk vaxtlar səfəvilər sarayında əsir olan Adil Gireyə hər cür diqqət və iltifat göstərilirdi. Bir dəstə əsir tatar onun məiyyətinə verilmiş, onu mühafizə etmək üçün qorçilər dəstəsi ayrılmışdı. O, dövlətxana ilə yan-yanaşı binada yaşayırdı; ümid edilirdi ki, mehriban münasibət və xoş rəftar göstərməklə onu öz tərəflərinə çəkib, sultanla ittifaqdan əl çəkməyə razı salar və bununla da Şirvanı Krım tatarlarının viranedici hücumlarından qurtara bilərlər. Şahın tələbi ilə Adil Girey öz adamları vasitəsi ilə İstanbula və Baxçasaraya sülh təklifləri irəli sürən məktublar da göndərirdi”. (Oqtay Əfəndiyev)

Adil Gireyin ölümü bu günə qədər də mübahisə mövzusu olaraq qalır. Əksər tarixçilərin fikrincə, o, Məhəmməd Xudabəndənin (daha doğrusu, onun Qəzvin sarayında bütün ipləri öz əlində toplamış arvadı Məhdi Ülya-Xeyrənnisənin) hakimiyyətindən narazı olan qorçilərin (şah qvardiyasının əskərləri) qiyamı zamanı onları siyasi intriqalarına alət etmiş saray əyanlarının fitnəsi ilə öldürülmüşdü. Amma Adil Girey haqqında şah hərəmxanası ilə əlaqədar xoşagəlməz dedi-qoduların yayıldığını və onun ölümünə səbəb olduğunu iddia edən tarixçilər də az deyil. Azərbaycan Səfəvilər dövlətinin görkəmli tədqiqatçısı O.Əfəndiyevin yazdığına görə o, çoxdandır muzdlarını ala bilməyən qorçiləri saraya hücum çəkməyə yönəldən bəzi əmirlərin güdazına getmişdir: “Əliboş qayıdan qorçilər əmirlərin təhriki ilə sah sarayına yollandılar və orada əsir olan tatar xanı Adil Gireyə hücum çəkdilər. Sonuncu özünün tatar məiyyəti ilə fədakarlıqla müdafiə olundu. Qısa, lakin şiddətli döyüşdə hər iki tərəf itki verdi. Tatar xanı ölümcül yaralandı və yerə sərildi. Qorçilər onun başını kəsib əmirlərə gətirdilər. Onlar habelə şahın arvadının olduğu hərəmxanaya da soxulmaq istədilər, lakin xidmətçilər tərəfindən geri oturduldular”. Hadisəni başqa cür şərh edənlər də vardır. Şahin Fazilin yazdığına görə, onların nöqteyi-nəzərincə, Adil Gireyin şah sarayında yaşaması əmirlərin narazılığına səbəb olmuş, şahzadə Həmzə Mirzədən onun yerinin dəyişdirilməsini tələb etmişlər. Lakin şahzadə bu fikirlə razılaşmayıb: “Onu qalaya göndərmək bədnamlıq olar... Dövlətxanada qalması münasibdir... Adil Gireyin dövlətxanada saxlanılması onun həbsdə olması deməkdir”. Lakin Həmzə Mirzənin sözünə qulaq asmayan əmirlər adamlarını Adil Gireyi saraydan  çıxarıb, qalaya (məhbəsə) aparmaq üçün göndərmişlər. Qorçilərlə Adil Gireyin məiyyətində olan tatarlar arasında münaqişə yaranmış və nəticədə Krım kalqayı öldürülmüşdür. Bizə görə, bu məsələdə təfərrüatı araşdırmağın mənası yoxdur. Əsas budur ki, Krım taxtının vəliəhdinin, yəni ikinci şəxsinin əsir saxlandığı Səfəvi sarayında öldürülməsi, təbii bir şəkildə qisas səbəbi sayılmalı və gireylər xanədanı üçün şərəf məsələsi olmalı idi...

...Məhəmməd Girey xanın öz zərbə dəstələri ilə  Baxçasaraya dönməsi Osman Paşanın zəifləməsinə səbəb oldu. Qızılbaşlar Şamaxını mühasirəyə alıb ələ keçirdilər. Düşünmək olardı ki, onlar bu əlverişli imkandan yararlanaraq Şirvanda möhkəmlənəcək, qüvvələrini birləşdirib Osman Paşanı sıxışdıracaq, yeni qələbələr qazanacaqlar. Lakin bu, baş vermədi. İskəndər bəy Münşinin yazdığına görə Əmir xan Türkman Xaçmaza toplaşmış şirvanlılar (Əbubəkr Mirzənin qoşunu-N.M.) və dağıstanlılar üzərinə yeridisə də bu hücum nəticəsiz başa çatdı, üstəlik türkman tayfası ilə ustaclu və şamlular arasında çoxdan sürən çəkişmə və toqquşmaları daha da qızışdırdı. Qızılbaş əmirləri iki cəbhəyə bölündülər və “tərəflərdən hər biri digərinin hücumundan ehtiyat edərək döyüşə tam hazır vəziyyət aldı. Osmanlı təhlükəsi yaddan çıxdı”.

1580-ci ilin qışında Qazi və Səfi Gireylərin böyük ordu ilə hücumu səfəvilər arasında münaqişə və təfriqənin dərinləşdiyi belə bir dövrə təsadüf etmişdi. Əlverişsiz şəraitdə yaxalanan qızılbaşlar hətta silahlanmağa və bir yerə toplaşmağa belə fürsət tapmadılar. Təsadüfi deyil ki, İskəndər Münşi, Salman xanın düşərgəsinin krımlılara nişan verilməsində və onları Kürün ən ağlagəlməz yerindən keçirilməsində “Şirvan xainləri”ni ittham edir. Gireylər qızılbaş düşərgəsini qarət etdilər, Osman Paşa isə onların köməyi ilə Bakıdakı mövqelərini möhkəmləndirdi. Bu basqından xəbər tutan şah, saray adamlarının qışlamaq üçün düşdüyü Qızılağacdan Şirvana qoşun göndərdi. Mollahəsəndə qızılbaşlarla Osmanlı-Krım qoşunu ikinci dəfə qarşılaşdılar. Bu dəfə qüvvələr nisbəti səfəvilərin tərəfində idi. Qələbə çala bilməyəcəyini görən Osman Paşa Dərbəndə çəkildi, krımlılar isə geri qayıtdılar. Salman xanla Əmir xan Türkmanın birləşib Bakıdakı türk hərbi hissəsini mühasirəyə alması da bir işə yaramadı. Kəskin azuqə qıtlığı çəkən qızılbaşlar osmanlıların Dərbənddən gəmilərlə müntəzəm olaraq hərbi sürsat və ərzaq təchizatı alan Bakı qarnizonunu mühasirədə saxlamağın mənasızlığını başa düşərək, mühasirəni dayandırmağa məcbur oldular.

Qazi və Səfi Gireylər 1581-ci ildə yenidən Şirvan üzərinə hücuma keçdilər. Şirvan bəylərbəyi Peykər xan onlarla Şabran və Şamaxı arasında döyüşə girdi. Bu  ərəfədə Peykər xanın qoşunları köməyə göndərilmiş əlavə qüvvələr hesabına möhkəmləndiyindən, qızılbaşlar nisbi üstünlük qazandılar. “Tatarların əvvəlki uğurlarının təsiri altında özünə güvənən Qazi Girey at belində döyüşün ən qızğın yerinə yeridi” və İmamqulu xan Qacar tərəfindən göndərilmiş tayfa bölüyünün mühasirəsinə düşərək əsir götürüldü. Səadət Girey də qızılbaşların əlinə keçmək təhlükəsi ilə üzləşdi, lakin o, daha tədbirli davrandı. Sağ qalan krımlılar döyüş meydanından qaçıb Azərbaycan ərazisini tərk etdilər. Lakin Səfəvi qoşunu bu dəfə də Şirvanda möhkəmlənə bilmədi və Osman Paşa tezliklə bu torpaqlara yenidən yiyələndi. Ümumiyyətlə, 1589-cu ilə qədər Osmanlı qoşunlarının ardıcıl qələbələri nəticəsində bütün Azərbaycan ərazisi tədricən Sultan III Muradın hakimiyyəti altına keçdi. 1587-ci ildə Səfəvi taxtına əyləşən I Şah Abbas yaranmış vəziyyəti nəzərə alaraq ölkədaxili münaqişələri aradan qaldırmaq məqsədi ilə bir il əvvəl Həmzə Mirzə tərəfindən başlanmış sülh danışıqlarını davam etdirmək qərarına gəldi. 1590-cı il İstanbul sülhünə əsasən, Azərbaycan və bütün Cənubi Qafqaz, eləcə də Səfəvilərin qərb vilayətləri (Nəhavənd, Luristan, Şəhrizor) Osmanlı dövlətinə verildi.

Lakin bu sülh də uzun çəkmədi. Əlində qalan Səfəvi ərazilərində ciddi idarəçilik islahatları aparan Şah Abbas Azərbaycan torpaqlarının geri qaytarılmasını öz qarşısına başlıca məqsəd qoymuş və İstanbul sülhündən keçən 13 il ərzində bu məqsədinə çatmaq üçün hərbi hazırlıqlarını davam etdirmişdi. Nəhayət, 14 sentyabr 1603-cü ildə o, böyük bir ordu ilə Təbriz üzərinə hərəkət etdi, qısa müddətdə şəhəri aldı, Əli Paşanın əmrində olan Osmanlı qarnizonunu darmadağın etdi, onun özünü isə əsir aldı. Təbrizdən sonra Culfa və Naxçıvan döyüşsüz ələ keçirildi. Çətinliklə də olsa, 1604-cü ildə İrəvan qalası, 1606-cı ildə isə Gəncə qalası tutuldu. Lori, Tiflis və Dmanis qalalarında yerləşən Osmanlı qarnizonları müqavimət göstərmədən təslim oldu. Nizami Süleymanovun yazdığına görə, “Birinci Şah Abbas Dərbənd və Şamaxını tutmaqla Qafqazda möhkəmlənmək istəyirdi. Kəfədən Şəmsəddin Paşanın başçılığı ilə Şamaxıya əlavə qüvvələrin gəlməsi buradakı Osmanlı qarnizonunun mövqeyini gücləndirdi. Osmanlı ordusunun Qafqaza və Krım xanının qoşunla şimal istiqamətindən Çirvan ərazisinə gələcəyi haqqında xəbərlər qarnizonu ruhlandırdı və onlar Şamaxıdan çıxmadı. Osmanlı dövlətinin Şirvan hakimi Əhməd Paşa I Şah Abbasın təslim olmaq təklifini qəbul etmədi”.

Lakin bütün cidd-cəhdlərə rəqmən, Səfəvi ordusu 4 il (1603-1607) davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan torpaqlarını Osmanlı qoşunlarından geri almağı bacardı. 1612-ci il noyabrın 20-də İstanbulda Səfəvi-Osmanlı sülhü imzalandı. Müqaviləyə görə, iki ölkə arasında Amasya sülhü ilə müəyyən olunmuş sərhədlər əsas götürüldü. Lakin 1555-ci ildə  səfəvilərin tabeçiliyində qalmış Mesxeti, Axalsix, Şəhruzor, Kürdüstanın və Bağdad əyalətinin bir hissəsi də osmanlılara verilirdi. Əlavə olaraq şamxal başda olmaqla Dağıstandakı Osmanlı hakimiyyəti tanınırdı. Tərəflər həmçinin Səfəvi dövlətindən olan zəvvarların Həcc ziyarətinə Bağdad və Bəsrə üzərindən deyil, Hələb-Şam yolu ilə gedib-gəlməsi məsələsində ortaq məxrəcə gəldilər. Lakin I Şah Abbasın bu şərtlərlə yarıkönül razılaşdığı aydın idi. O, müqavilənin mürəkkəbi qurumamış Azərbaycanın şimal vilayətlərinə və Gürcüstan üzərinə hücuma keçdi, eyni zamanda boynuna götürdüyü İstanbula 200 tay ipək göndərmək öhdəliyinə də əməl etmədi. Az sonra səhv etdiyini başa düşsə də artıq gec idi.

1616-cı ilin aprelində Osmanlı sədrəzəmi Qara Məhməd Paşa ordu ilə Ərzurumdan hərəkət edərək Səfəvi hüdudlarına daxil oldu. 1617-ci il iyunun 15-də Xəlil Paşanın komandanlığında Ərdəbil yürüşü başladı. Nizami Süleymanovun “Səfəvilər dövləti” monoqrafiyasında deyildiyinə görə: “Krım xanı Canıbəy Gəray 15 minlik ordusu ilə bu yürüşdə iştirak etdi. Şimali Qafqaz yolu ilə Azərbaycana keçən Krım qoşunu Gəncə, Naxçıvan və Culfanı talayaraq Xəlil Paşanın qüvvələri ilə birləşdilər. I Şah Abbas əhalini Təbriz və Ərdəbildən çıxartdı, ərzaq ehtiyatlarını daşıtdırdı. Səfəvilərlə osmanlılar arasında əsas döyüş 1618-ci il sentyabr ayının 10-da Sərab vilayətində baş verdi və bu döyüşdə osmanlılar 15 min nəfər itki verərək, ağır məğlubiyyətə uğradılar”...

...Bizim üçünsə bu kampaniya Osmanlı-Səfəvi müharibələrində Krım xanlığı ordusunun iştirak etdiyi son döyüş kimi xatırlanması ilə maraqlıdır...                                                                  

                                                                    ***

Bütün güclü xanlar kimi Dövlət Gireyin vəfatından sonra da Krımda hakimiyyət  zəifləyir. II Məhəmməd Gireyin gərgin səyləri ilə yaranan nisbi sabitlik onun öldürülməsi (bu haqda yuxarıda bəhs açmışdıq) ilə tamamilə pozulur və Krım şiddətli taxt mücadilələrinə səhnə olur. Qəbilə başçıları öz aralarında dil tapa  bilmir, Noqay Ordasının Krım taxtına öz adamlarını çıxarmaq istəməsi siyasi narazılıqları qızışdırır, xanlıqda qarışıqlıq yaranır. İstanbulda əmanət saxlanılan II İslam Gireyin (1584-1588) sultandan barat alıb Krım taxt-tacına sahib olması ilə vəziyyət kritik hal alır, daxili ziddiyyətlər son həddə gərginləşir. İslam xanın vəzifəsinin icrasına başlamasından cəmi 4 ay sonra onun qətlə yetirdiyi  II Məhəmmədin oğlu Səadət Girey qiyam qaldıraraq noqaylardan ibarət qoşunla Baxçasarayı zəbt edir. İslam xanın sığındığı Kəfə də mühasirəyə alınanda Osmanlı dövləti məsələni həll etmək üçün Özdəmiroğlu Osman Paşanı əlavə qüvvə ilə Krıma yollayır. Lakin onlar çatana qədər II İslam xan Kəfə bəyi və civarda yerləşən Osmanlı birliklərinin yardımı ilə Səadət Gireylə qanlı döyüşə girib onu məğlub edərək, təkrar taxtına oturur.

Səadət (bəzi mənbələrdə Səfi) və qardaşı Murad Girey isə Noqay Ordasına qaçırlar. Az sonra Səadət Kabardalılara sığınır, Murad isə himayə üçün rus çarı Fyodr İvanoviçə müraciət edir. Bu, Krım tarixində yeni bir tendensiyanın- xanlığın daxili işlərinə Rusiyanın cəlb edilməsi cəhdlərinin başlanğıcını qoyan bir hadisədir. Çar Fyodr İvanoviç, əlbəttə ki, əlinə keçən fürsəti fövtə verməyib, Səadət Gireyin xanlıq hüququnu tanıyır, Murad Gireyi isə fərmanla Həştərxanın idarəçiliyinə gətirir. Tezliklə Murad “xan” iki voyevodanın müşaiyəti ilə İdil bölgəsinə, qədim “taxt elinə” göndərilir: çar hökuməti onun vasitəsi ilə Moskvanın Qafqazdakı nüfuzunu və mövqeyini gücləndirmək niyyətindədir. Özünü “Yaik, Volqa, Don və Terek hakimi” (yeri gəlmişkən, ruslar vaxtilə uçurmağa məcbur  olduqları Tərki qalasını 1580-ci ildə bərpa etmişdilər) sayan Murad Girey tezliklə rus qoşununun dəstəyi ilə II İslam xanın üzərinə “yürüyəcəyinə”, qardaşı Səadətin “hakimiyyətini bərpa edəcəyi”nə sadəlövhcəsinə inanır. Osmanlı ilə münasibətləri kəskinləşdirmək istəməyən çar Fyodr isə həm də Krım xanlığının Polşa ilə ittifaq sazişini yeniləməsinə səbəb ola biləcək hərəkətlərdən çəkinir, Murad Gireyin taxt istəklərinə etina göstərmədən, ondan yalnız krımlılarla polyakların arasını vurmaq üçün istifadə etməyə üstünlük verir.

1579-1581-ci illərdə Litva kazaklarını da tabeçiliyinə alaraq Rusiyaya qarşı uğurlu əməliyyatlar aparmış əzəmətli Polşa kralı Stefan Batori (1533-1586) yeni ölmüşdü. Bundan yararlanmaq istəyən ruslar Polşanı Krım xanlığının əli ilə zəiflətmək istəyir, “bir güllə ilə iki quş vurmağa” çalışırdılar. Qənimət həvəsinin krımlıların “sarı simi” olduğunu yaxşı bilən Murad 1587-ci ildə II İslam Gireyə məktubunda onu şurnikləndirib qarət məqsədi ilə Polşa üzərinə yürüşə getməyə razı saldı. Krım xanı bol qənimət vədinə aldanaraq, uzunmüddətli perspektivdə Rusiyanın mənafeyinə işləyən bu səfəri gerçəkləşdirdi. Reç Pospolita qərbdə Osmanlıların əsas rəqibi Habsburqlarla müttəfiq olduğundan Krım xanlığı ilə Polşa arasında münasibətlərin pozulması əslində İstanbula da sərf edirdi və Babi-Ali bu səfərin əleyhinə çıxmadı. Beləliklə, II İslam Girey polyaklarla ittifaq sazişini uzatmaq şansından imtina etmiş oldu. Rusiyada hərc-mərclik və fəlakətlər dövrü (“smuta” adı ilə bilinən bu dövr 1598-1613-cü illəri əhatə edir) başlayanda Polşa kralı III Sigizmund Krım xanlığının “Birinci Yalançı Dmitri”yə dəstək verməsinə çalışırsa da, buna nail ola bilmədi. Osmanlı sultanının mövqeyini müdafiə edən krımlılar 1606-1607-ci illərdə Polşanın cənub məntəqələrinə hücuma keçməkdən də çəkinmədilər. 

Dövlət xandan sonra taxta çıxan qardaşı, “Bora” ləqəbli (“ciddi”, “diqqətli”, “yaradıcı”, “səlahiyyətli”, “aktiv”, “səxavətli” və s. mənalar daşıyır) II Qazi Girey (1588-1607) Krım xanları arasında Osmanlı dövlətinin ən sadiq müttəfiqlərindən sayılır. XVI əsrin sonu-XVII əsrin əvvəllərində Krım xanlığının Osmanlı dövlətinin ayrılmaz bir hissəsinə çevrilməsində onun rolu böyükdür. II Qazi Girey hələ xan taxtına çıxmazdan qabaq Osmanlı-Səfəvi müharibəsi zamanı Azərbaycan cəbhəsində göstərdiyi igidliklərə görə Dövləti-Aliyyənin rəğbət və etimadını qazanmışdı. 1581-ci ildə əsir alınmış (yuxarıda buna toxunduq), bir müddət Qəhqəhə zindanında qalmış, sonra qaçaraq Ərzuruma, Özdəmiroğlu Osman  Paşanın yanına gəlmiş, nəhayət, sultanın baratı ilə Krıma xan göndərilmişdi. Litva və Qaliçya səfərləri nəticəsində Polşanı xəraca bağlamağı bacarmış, Murad Gireyin ölməsində Rusiyanı günahlandıraraq (bəzi mənbələrdə Muradın zəhərlənməsində onun barmağı olduğu deyilir) 1591-ci ildə Moskvaya hücum etmişdi. Bu vaxt çar taxtında Fyodr İvanoviç otursa da, real hakimiyyət onun qaynı Boris Qodunovun əlində toplanmışdı. Qodunova qarşı nüfuzlu boyarlardan ibarət güclü bir müxalifət yaranmış, sarayda baş verən çəkişmələr bütün ölkədə əks-səda verərək qarışıqlığa səbəb olmuşdu. Buna baxmayaraq Qodunov hakimiyyətdən bərk yapışmışdı. Məhz onun səyləri nəticəsində Bora Qazi xanın gözləmədiyi halda Krım ordusu Moskvadan iki verslik məsafədə şiddətli yaylım atəşləri ilə qarşılanmış, şiddətli döyüşdə top və müasir tüfənglərlə təchiz edilmiş düşmənin müqavimətini qıra bilməmişdi. Rus tarixşünaslığının atası Nikolay Karamzin bu döyüşdən bəhs edərkən haqlı olaraq yazır ki, ənənəvi döyüş fəndlərini yaxşı bilən, klassik hərbi vərdişlərə hamıdan yaxşı yiyələnən Krım qoşunu müasir odlu silahlar qarşısında dayanmağa aciz idi. Təsadüfi deyil ki, komanda və texniki təchizat məsələlərinin, xüsusilə silah arsenalının yeniləşməsi zərurətini dərk edən II Qazi Girey bu döyüşdən sonra xanlığın müdafiə gücünün artırılması və idarəçiliyin Osmanlı modeli üzrə təkmilləşdirilməsi məqsədi ilə orduda güclü islahatlar aparmışdı.

N.MUSTAFA

(ardı var)