Üçtərəfli Soçi görüşü başlamazdan əvvəl Azərbaycan Prezidentinin mövqeyinin güclü olduğu hamıya gün kimi aydın idi. Dövlətimizin başçısı müəyyən süni maneələrdən qətiyyən çəkinməyərək öz üstün mövqeyindən bacarıqla istifadə etdi. Azərbaycan Prezidenti görüş ərəfəsində rəsmi Bakı üçün artıq Qarabağ münaqişəsi adlı problemin olmadığını, diqqətin yalnız Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsinə yönəldilməli olduğunu bəyan etdi.
Prezident İlham Əliyevin Rusiya Federasiyasının dövlət başçısı Vladimir Putin ilə keçirilən görüşdə irəli sürdüyü fikirlər Azərbaycanın suveren hüquqları, Zəngəzur dəhlizi və digər kommunikasiyaların açılması, eləcə də sərhədlərin delimitasiyası və Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altında olan Azərbaycan ərazilərində yaşayan ermənilərlə bağlı mövqeyinin dəyişməyəcəyini bir daha təsdiq etdi. Dövlətimizin başçısı regiondakı dəyişən geosiyasi reallıqların ritminə uyğun olaraq pozucu davranışlar nümayiş etdirməyə çalışan bəzi dairələrin məkrli istəklərinin Azərbaycan xalqının iradəsi və maraqları qarşısında heç bir dəyərə malik olmadığını bir daha göstərdi.
Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə “münaqişənin bitməsinin vacibliyindən” söz açmışdı. Prezident İlham Əliyev Rusiyanın dövlət başçısı Vladimir Putin ilə görüşündə qətiyyətlə “Qarabağ münaqişəsi artıq tarixdir” dedi və açıq şəkildə bildirdi ki, bu məsələ müzakirə mövzusu ola bilməz: "Qarabağ münaqişəsi artıq tarixdə qalıb. O, iki il bundan əvvəl həll edilib. Buna görə də bu baxımdan burada praktik olaraq müzakirə edilməli məsələ yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə əlbəttə, çox ciddi addımlar tələb edən formatdır"- Azərbaycan Prezidenti bildirib. Bununla bərabər, siyasi gedişlə Rusiyanın dövlət başçısının iki il əvvəl Qarabağın Azərbaycanın suveren ərazisi olması barədə səsləndirdiyi fikirlərin onun özünə xatırladılması, həmçinin bu müddət ərzində bütün yayındırıcı manevrlərə, gündəmin süni surətdə dəyişdirilməsinə baxmayaraq Azərbaycanın öz mövqeyindən bir addım da geri çəkilməyəcəyini bir daha təsdiqlədi.
Üçtərəfli görüşdə özünü qalib ölkənin başçısı kimi aparan Azərbaycan Prezidenti Ermənistan qarşısında qoyduğu tələbləri bir daha təkrar etdi: "Azərbaycan nisbətən yaxın vaxtlarda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsası olmalı 5 əsas prinsipi irəli sürüb. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və mənim fikrimcə, bu əsasda normallaşmaya nail olmaq mümkündür."
Prezident İlham Əliyevin Soçi görüşündə ifadə etdiyi fikirlərdən belə nəticə hasil oldu ki, ən yaxın perspektiv üçün Ermənistanın üçtərəfli sənədlərlə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən başqa alternativi yoxdur. Bununla yanaşı, proses dayanmamalı, süni surətdə ləngidilməməli, sülh müqaviləsi üzərində iş tez bir zamanda başa çatdırılmalıdır. Regionda mövqelərini ənənəvi, ifşa olunmuş və artıq işə yaramayan üsullarla qorumağa çalışan bəzi qüvvələr isə reallıqları düzgün qiymətləndirməyi bacarmalı və sülhə əngəl yaratmağa çalışmamalıdırlar.
Şübhəsiz ki, Soçi görüşündən illərdir ki, Ermənistan-Azərbaycan münaqişəsinin daha da alovlanmasını körükləyən üçüncü qüvvələr də lazımi "dərs" götürməlidirlər.
Şübhəsiz ki, onlar da Azərbaycan liderinin öz iradəsini ən yüksək səviyyədə çəkinmədən ifadə etməsindən özləri üçün nəticə çıxaracaqlar. Bəlkə onların bu görüşdən gözləntiləri nikbin idi. Ancaq Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi və fikirləri, qəbul edilən üçtərəfli Bəyanat bədxah nəticələr gözləyənləri bir daha məyus etdi. Yəqin zaman keçdikcə onlar anlayacaqlar ki, daha Azərbaycanla zor və təzyiq dili ilə danışmaq olmaz. Bu, keçən əsrin 80- 90-cı illərdəki zəif Azərbaycanı deyil. Azərbaycanın istər iqtisadiyyatı, istərsə də Silahlı Qüvvələri kifayət qədər inkişaf edib, dünyanın bir sıra inkişaf etmiş ölkələri ilə işbirliyi qurub, nəhəng iqtisadi layihələr reallaşdırıb, güçlü tərəfdaşları və dostları var. Prezident İlham Əliyev hər zaman bütün ölkələri Azərbaycanla əməkdaşlığa və dostluğa çağırıb, qəbul edənlər qazanıblar və qazanacaqlar. Ermənistan və ona havadarlıq edənlər də normal münasibətlər və əməkdaşlıq yolunu tutsalar bu, hər kəsin xeyirinə olar.
Vəli İlyasov, “İki sahil”
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası