01 noyabr 2022 13:37
569

Ermənistan Soçidə növbəti diplomatik fiaskoya uğradı - Aydın Hüseynov

"Soçidə Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin, o cümlədən Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən növbəti görüş başa çatdı. Görüşün yekunu üzrə bəyanatdan da görünür ki, Ermənistan bu görüşdə növbəti diplomatic fiaskoya uğradı. Nikol Paşinyanın sülh müqaviləsinin müzakirəsi zamanı sənədə əlavə etmək istədiyi heç bir dəyişiklik bəyanatda öz əksini tapmadı. Paşinyanın bütün cəhdlərinin qarşısı alındı, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi sayəsində düşmən ölkənin heç bir təklifi və düzəlişi həyata keçmədi”.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.

Deputat qeyd edib ki, nə danışıqlar zamanı, nə də bəyanatın mətnində Qarabağdan bəhs edilməyib: “Digər tərəfdən Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları barədə də erməni tərəfinin gözləntiləri reallaşmadı. Ermənistan sülhməramlıların mandatının genişləndirilməsi və uzadılması barədə təklifləri də kağız üzərində qaldı. Erməni diversantlarının geri qaytarılması barədə müzakirələrə cəhd edən Paşinyan Azərbaycan Prezidentinin konkret arqumentlərindən sonra susmalı oldu. Digər bir məsələ, Azərbaycan silahlı qüvvələrinin guya Ermənistan ərazilərində olması və buradan çıxarılması ilə bağlı ümumiyyətlə, müzakirə aparılmadı.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan tərəfi cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Soçi görüşünə ciddi hazırlaşmışdı, və yalnız konkret məsələ - sülh müqaviləsinin detalları üzrə müzakirələrin aparılması üçün üçtərəfli görüşə qatılmışdı. Eyni zamanda, Ermənistanın danışıqların ruhuna xələl gətirəcək addımlar atacağından da xəbərdar idi. Ona görə də, Paşinyanın müzakirə olunan mövzuya əlavələr etmək cəhdi tutarlı faktlarla rədd edildi.  Bəyanatın mətnində bəzi detallar barədə razılaşmanın əldə olunması barədə yazılıb. Amma hər şeyi razılaşdırmaq mümkün olmadı. Əvvəlki mətndən bəzi hissələr çıxarıldı. Görüş isə gələcək təmaslar üçün faydalı oldu və sonrakı addımlar üçün şərait yaratdı”.