29 oktyabr 2022 17:55
653

Dövlət başçısı İlham Əliyevin Gürcüstana son səfəri iki ölkə əlaqələrinin inkişafına təkan verəcək

Tarixən Azərbaycan və gürcü xalqları dostluq, mehriban qonşuluq şəraitində yaşayıblar

Prezident İlham Əliyev 24 oktyabr tarixində Gürcüstana işgüzar səfəri zamanı bu  ölkənin baş naziri İrakli Qaribaşvili ilə iki dövlət arasında bir çox sahələrdə mövcud olan dostluq əlaqələrinin daha da inkişaf etdirilməsi barədə müzakirələr apardı. Bu gün Azərbaycan-Gürcüstan əlaqələri müsbət dinamika ilə inkişaf edir və dövlət başçısı İlham Əliyevin Gürcüstana son səfəri iki ölkə arasında dostluq, qardaşlıq münasibətlərinə böyük təkan verəcək.

Görüşdən sonra Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatda iki dövlət arasında yaxın vaxtlarda siyasi-iqtisadi əlaqələrin daha da dərinləşəcəyi, Cənubi Qafqazda sülhün bərqərar olmasında Azərbaycanın mövqeyi və Ermənistanla sülh müqaviləsinin bağlanmasına önəm verməsi, eləcə də ölkəmizin Gürcüstan da daxil olmaqla Avropanın enerji təhlükəsizliyində oynadığı əhəmiyyətli rolu barədə məlumat verdi.

Tarixən Azərbaycan və gürcü xalqları hər zaman dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayıblar. İki ölkə arasında çox isti münasibətlər mövcud olub və bu ənənə hazırda uğurla davam etdirilir. Bu gün Azərbaycan-Gürcüstan arasında strateji tərəfdaşlıq əlaqələri müttəfiqlik səviyyəsinə yüksəlib. Bütün beynəlxalq təşkilatlarda hər iki dövlət bir-birini dəstəkləyir. İki ölkənin birgə icra etdiyi layihələr region dövlətləri ilə yanaşı, Avropa üçün də böyük əhəmiyyət daşıyır.

Azərbaycan hər zaman Cənubi Qafqazda sülhün və əmin-amanlığın bərqərar olması üçün böyük səy göstərir. Müharibə bitdikdən sonra Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması üçün ölkəmiz 5 əsas prinsipdən ibarət təklif irəli sürüb. Ermənistan tərəfi bu təklifləri qəbul edərsə, Cənubi Qafqazda tezliklə sülh bərqərar olar.

Azərbaycanla Gürcüstan arasında iqtisadi-ticari əlaqələr də yüksələn xətlə inkişaf edir. İki dövlət arasında cari ilin 9 ayı ərzində qarşılıqlı ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşıb. Azərbaycan Gürcüstanın  iqtisadiyyatına 3 milyard dollar vəsait yatırıb ki, bu da hər iki dövlətin maraqlarına cavab verir.

Azərbaycan Avropanın enerji təhlükəsizliyində də mühüm rol oynayır.  Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycandan Avropaya təbii qaz ixracının həcmi hər il artırılır. Bir çox sahələrdə, eləcə də enerji sahəsində Azərbaycan Avropa İttifaqı ilə sıx əməkdaşlıq edir. Bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində tərəfdaşlığa dair Memoranduma əsasən 2027-ci ildə Azərbaycandan təkcə Avropaya qaz ixracı 20 milyard kubmetrə çatdırılacaq.

Azərbaycan eyni zamanda dünyaya elektrik enerjisi ixrac etməyi də planlaşdırır. Bu sahədə ölkəmizdə böyük layihələr həyata keçirilib. Azərbaycan elektrik enerjisi istehsalı və ixracı sahəsində də Gürcüstanla əməkdaşlığa böyük önəm verir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yükdaşımaların həcmi hər il artmaqdadır. Bu marşrut xətti ilə yükdaşımaların həcmini daha da artırmaq üçün Azərbaycan dövləti bu layihəyə əlavə sərmayə qoyacaq. Dünyanın və Avropanın enerji resurslarına böyük tələbatı olduğunu nəzərə alaraq Azərbaycanla Gürcüstanın bu sahədə birgə fəaliyyəti hər iki dövlətin milli maraqlarına cavab verir.

Kamilə Əliyeva,
Milli Məclisin deputatı, professor