Oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstana işgüzar səfər edib. Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti ilə həyata keçirilən bu səfər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf edir.
Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Bu səfər Prezident İlham Əliyevin Gürcüstana sayca 10-cu səfəridir. Daha öncə Azərbaycan Prezidenti Gürcüstana bir dövlət səfəri, bir rəsmi səfər və yeddi işgüzar səfər edib.
Bütün bunlar sübut edir ki, ölkələrimizi mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir. 1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyan sənəddir.
Azərbaycan-Gürcüstan münasibətləri daim yüksək səviyyədə olub. Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. 2022-ci ildə bu münasibətlərin 30-ci ildönümü qeyd olunur. Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Gürcüstan əlaqələri ötən illər ərzində dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb.
Ümummilli Lider Heydər Əliyevin və Prezident Eduard Şevardnadzenin dostluq münasibətləri dövlətlərimiz arasında əlaqələri inkişafına əhəmiyyətli təkan vermişdir. Ötən dövr ərzində ali və yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlər baş tutmuşdur.
Ölkələrimizin parlamentlərarası əlaqələri də fəal şəkildə davam etdirilir. Hər iki ölkənin qanunverici orqanında dostluq və işçi qrupları fəaliyyət göstərir.
Azərbaycanla Gürcüstan arasında beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı dəstək təcrübəsi mövcuddur.
Gürcüstanın dövlət və hökumət başçıları, müxtəlif rəsmi nümayəndə heyətləri ölkəmizə mütəmadi səfərlər ediblər. Gürcüstan Baş nazir İrakli Qaribaşvili 2021-ci il sentyabrın 29-da ölkəmizdə səfərdə olub. 2022-ci ildə də ölkələrimiz arasında intensiv yüksək səfərlər baş tutub.
Xüsusi qeyd olunmalıdır ki, Azərbaycan ilə Gürcüstan arasında iqtisadi sahədə münasibətlər yüksək səviyyədədir. İqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiya 2004-cü ildən etibarən fəaliyyət göstərir. Komissiyanın mütəmadi olaraq iclasları keçirilir və son iclası 2021-ci il sentyabrın 29-da təşkil edilib.
Azərbaycanda 695 Gürcüstan investisiyalı şirkət fəaliyyət göstərir. Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi, ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırmağa imkan verib. Azərbaycanla Gürcüstan arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivədə irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin (Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və s.) reallaşdırılması regional sülhə və sabitliyə xidmət edir.
Ölkələrimiz arasında regionlarası əməkdaşlıq, həmçinin yüksələn xətlə davam edir. Azərbaycan Prezidentinin növbəti işgüzar səfəri ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etməsinə şərait yaradacaq.
Aynur Qənbərova,
Bakı şəhəri, 263 nömrəli tam orta məktəbin uşaq birliyi rəhbəri,
YAP Xətai rayon təşkilatı, ərazi partiya təşkilat sədrinin müavini
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası