29 oktyabr 2022 01:57
673

Hədəf keyfiyyət və sürəti birləşdirməkdir - Böyük Qayıdış

Mənfur düşmənin təxminən 30 illik işğal dövründə viran qoyduğu Qarabağ və Şərqi Zəngəzur bu gün ölkə başçısının rəhbərliyi ilə sürətlə dirçəlir, yenidən qurulur

Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdış ərəfəsində işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri sürətlənir. Görülən işlər, həyata keçirilən tədbirlər deməyə əsas verir ki, bu məqsədlə qəbul olunmuş proqram uğurla icra olunacaq, quruculuq-bərpa işləri tezliklə başa çatacaq, insanlarımız yurd həsrətinə son qoyaraq öz doğma torpaqlarında firavan yaşayacaqlar. Prezident İlham Əliyev “Bizim yarışacağımız əsas tərəf müqabili zamandır” söyləyərək bir daha vurğulamışdır: “Planlaşdırdığımız məsələləri həll edəcəyik. Çünki yaxın tarix də göstərib, nəyi hədəfləmişiksə, ona da çatmışıq”

Ölkə başçışının bildirdiyi kimi, tarixi Zəfərin əbədiləşdirilməsi üçün öz doğma torpaqlarından köçkün düşən insanların Vətənə qayıdışı təmin olunmalıdır. Bu Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir vəsilə olacaq. Regionda yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizinin bərpa olunması ölkəmizin qlobal bazarlara çıxış imkanlarını artırmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin inkişafına əhəmiyyətli təkan verəcək. Azad edilmiş torpaqlarda iqtisadi fəaliyyətin təşkili işlərinin əlaqələndirilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının nümayəndələrinin cəlb olunduğu İqtisadi məsələlər üzrə İşçi Qrup əmlakın inventarlaşdırılması, işğaldan əvvəl mövcud olan xəritələrin vektorlaşdırılması, habelə iqtisadi fəallığın dəstəklənməsi kimi proseslər üzərində işləyir.

Hazırda işğaldan azad edilmiş ərazilər düşmənin basdırdığı minalardan təmizlənir, hərtərəfli şəkildə elektrik enerjisi ilə təchiz olunur. Eyni zamanda Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirir, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını tətbiq edir. Ölkə başçısının “İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında” 2021-ci il 12 avqust tarixli Fərmanı əsasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin yaradılması bərpa və yenidənqurma işlərinin sistemli və ardıcıl şəkildə həyata keçirilməsini təmin edib.

  Cari ilin 27 iyununda Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasında videoformatda çıxış edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirib ki, Azərbaycan Ağdamda on minlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni şəhər inşa edir: “Azad edilmiş bəzi şəhərlərin baş planları artıq hazırdır. Şuşa şəhərinin baş planı onun möhtəşəm tarixi irsinin qorunması üzərində qurulub. Qarabağ bölgəsinin sənaye mərkəzinə çevriləcək Ağdamda biz on minlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni şəhər inşa edirik. Ərazisi 200 hektar təşkil edən Ağdam Sənaye Parkı artıq fəaliyyət göstərir, sərmayədarlara və sahibkarlara açıqdır”.

 Azərbaycan işğaldan azad olunmuş Füzuli şəhərində səkkiz aydan az müddətdə Beynəlxalq hava limanı inşa edib. Bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi keçirildi. Bundan başqa, hazırda Laçın rayonunda hava limanının tikintisi davam edir. Ümumilikdə, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq və yenidənqurma prosesində Azərbaycanın hədəfi keyfiyyət və sürəti birləşdirməkdir. Bu prosesdə ətraf mühitin qorunması əsas prioritetlərdən biridir. Sürətlə həyata keçirilən bərpa-quruculuq işlərində əsas məqsədlərdən biri də Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşasıdır. Yeni şəhərlərdə, kəndlərdə yaşamaq və işləmək şəraiti vəhdət təşkil edəcək.

  Qırx dörd günlük Vətən müharibəsində işğaldan azad edilmiş torpaqlarımızda yeni dəmir yolu infrastrukturu da yaradılır. Horadiz-Ağbənd dəmir yolu xətti həm azad olunmuş torpaqlara, həm də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq. Ağdam-Bərdə dəmir yolu xətti də işə salındıqda sonra Ağdam və digər rayonlarda aparılan tikinti-bərpa və abadlıq-quruculuq işlərinə töhfə verəcək.

Müzəffər Ali Baş Komandanımız Qarabağın xilaskarı kimi Şuşa şəhərini addım-addım gəzdi, dağılmış, xarabazara çevrilmiş məscidlərin, tarixi abidələrin bərpası üçün, eləcə də dahi bəstəkarımız Üzeyir Hacıbəylinin dağıdılmış evinin bərpası ilə bağlı göstərişlər verdi. Bülbülün ev-muzeyinin açılışı qeyd edildi. Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində yenidən Vaqif Poeziya Günləri təşkil olundu.

Mədəniyyət paytaxtımız Şuşada ötən müddətdə çox böyük işlər görülüb. Bu tarixi diyarımızda bərpa işləri sürtətlə davam etdirilir. Qarabağın tacı Şuşada tarixi abidələr bərpa olunur, yeni infrastruktur qurulur. Şuşada, həmçinin ilk yaşayış kompleksinin tikintisinə də başlanılıb. Yaxın gələcəkdə şəhərin infrastrukturunun inkişafı üçün daha bir neçə yeni layihə həyata keçiriləcək, bunlar elektrik təchizatının yaxşılaşdırılması, su təchizatı və kanalizasiya şəbəkələrinin yaradılmasıdır. Onların layihələndirilməsi tamamlanma mərhələsindədir.

Bəli, mənfur düşmənin təxminən 30 illik işğalı zamanı viran qoyduğu Qarabağ bu gün ölkə başçısının rəhbərliyi ilə sürətlə dirçəlir, yenidən qurulur. Bütün bunlar hər birimizə böyük sevinc və qürur hissi yaşadır.

Zahid Rza, “İki sahil”