2013-cü ildə keçirilən prezident seçkiləri ərəfəsində yaranan «Milli Şura»da təmsil olunanlar arasında radikal dindarların say çoxluğu diqqətdən yayınmamışdı. Dövlət qulluğunda çalışdıqları müddətdə yol verdikləri nöqsanlara görə adları sabiqlər sırasına daxil olanlar da «Milli Şura»da sığınacaq tapmışdılar. Rəhmətlik Rüstəm İbrahimbəyovun pullarına sahib olmaq üçün dramaturq-ssenaristi tora salaraq onu da sıralarına cəlb edən AXCP sədri Əli Kərimli sonradan «Milli Şura»nı da özəlləşdirərək o vaxtdan qurumu partiyasının filialı kimi «idarə edir. Elə onda müxalifət cəbhəsində pıçhapıç yarandı ki, əcaba, özünü demokrat, ateist hesab edən Əli Kərimli əqidəsinimi dəyişib, yoxsa yolunu? Bəlkə də ağlı çaşıb? Bu sualların cavabı sonralar Əli Kərimlinin fitnəkar gedişləri ilə bəlli oldu.
Əli Kərimlinin ermənilərlə əməkdaşlığı hələ AXCP-nin gənclər təşkilatının o vaxtkı sədri Ruslan Bəşirli əhvalatı ilə bəlli idi. Ruslanın vasitəsi ilə Gürcüstanda ermənilərlə sövdələşən Əli Kərimli hələ o illərdə milli təəssübünü Ermənistanın kilsələrindən gələn qrantlara dəyişmişdi. Özünü insan hüquqlarının müdafiəçisi hesab edən, artıq fəaliyyəti dayandırılan Sülh və Demokratiya İnstitutunun rəhbəri, erməni əsilli Leyla Yunus başda olmaqla bütün yunusları özünə yaxın hesab edən Əli Kərimlinin bu üzdəniraq xanım politoloqu dəstəklədiyi də bəlli idi. Daha sonra İranın təlimatlandırılmış radikal qüvvələrinin təbliğatı ilə Nardaranda baş verən hadisələr zamanı asayişi pozan, adı dindar olub şeytana xidmət edənlərə simpatiyasını bildirən Əli Kərimli onları müdafiə etdi. Terrora haqq qazandırdı. Xəyanətkar, silah-sursat saxlayan Taleh Bağırzadənin və onun radikal dini qruplaşması olan «Müsəlmanlar Birliyi Hərəkatı»nın terrorçu əməllərini müdafiə etdi. Müxalifətin radikal dindar kəsiminə rəğbətini beynəlxalq səviyyədə davam etdirən «islahatçı sədr» və oğlu sonralar ABŞ-ın Pensilvaniya ştatında gizlənən Fətullah Gülənin «ştatlı gülənçisi» oldular.
Bu gün bölgədə yaranan vəziyyəti sadaladığımız faktlara nəzər salmaqla təhlil edək. Həmişə Ermənistanı müdafiə edən İranın molla rejimi yenə də öz ampuluasındadır. Azərbaycana qarşı açıq-aşkar təxribatları ilə terrorçu Ermənistanı dəstəkləyən, silah-sursatla yardım göstərən İranın despot hakimiyyəti ölkəmizə qarşı münasibətini dəyişməyib, daha da sərtləşdirib. Zəngəzur dəhlizinin bərpası ilə bağlı Azərbaycanın və Türkiyənin birgə səyindən xoflanan, özünü İslami dövlət kimi qələmə verən İran artıq Nuh deyir, Peyğəmbər demir. Dini, məzhəbi eyni olan Azərbayjana «xox» gəlmək istəyir. Əksinə, Ermənistanın qan-qada, terror ocağı kimi tanınan erməni kilsələri ilə əməkdaşdıq edir. İşğalçı dövlətə hədiyyə etdiyi silahlarla azərbaycanlıların ölümünə fətva verir. Əli Kərimli də bu birliyə tərəfdar olduğunu Azərbaycana qarşı xəyanəti ilə bildirir.
Bu günlərdə AXCP sədri Əli Kərimlinin vurnuxmasının, aksiya keçirmək təlaşının səbəbi əvvəlki illərdə olduğu kimi, ermənilərə, molla rejiminə dəyişilməyən sevgisidir. Ermənilərlə molla rejimini dəstəkləyən, milli təəssübünü itirən Əli Kərimli xəyanətkar, satqınlıq xislətini davam etdirir. Bağda oturub bəhrələndiyi bağı bəyənməyən Əli Kərimli ətrafına topladığı trollar vasitəsi ilə dövlətçiliyimizə şər- şamata atır, böhtanlar yağdırır, xarici ölkələrdə formalaşdırdığı milli satqınlar vasitəsilə Azərbaycanı istəməyən dairələrə yalan informasiyalar ötürür. Bir sözlə, Azərbaycanın Ermənistan üzərində Qələbəsinə ermənidən çox üzülən Əli Kərimli İkinci Qarabağ müharibəsinin Zəfərimizlə başa çatmasını həzm edə bilmir. Azərbaycan hakimiyyəti haqqında dezinformasiyaları tirajlayır, uğurlarımıza, dövlətçiliyimizə qara kölgə salır. Torpaqlarımızın işğaldan azad ediməsi uğrunda qurban getmiş şəhidlərimizin ruhuna belə ehtiram göstərməyən Əli Kərimli müzəffər ordumuz, öz sağlamlıqlarını itirmiş yaralı əsgərlərimiz haqqında təhqiramiz ifadələr işlətməkdən çəkinmir. Təki xarici havadarlarından aldığı tula payı azalmasın.
Hazırda Əli Kərimlinin yeganə istəyi Bakıda aksiyalar təşkil etmək üçün icazə almaq, aldığı qrantlar qarşılığında ağalarının ona tapşırdıqları xəyanətkar planları gerçəkləşdirmək, Azərbaycanın əleyhinə olan əsassız yalanları özü kimi azsaylı xainlərə sırımaqdır. Düzdür, Əli Kərimli yaxş bilir ki, aksiya təşkil etsə belə onu dəstəkləyən tapılmayacaq. Çünki düşərgədə belə çıxdaş, satılmış siyasətçi adlandırılan Əli Kərimlinin varlığı qəbul olunmur. Vətəninə xəyanət edən miskin, satqın Əli Kərimlinin komandasını tərk edən tərəfdaşlarının sayının artması ilə bayquşlar ulayan partiyası xarabalığı xatırladır. Bir həsir, bir Məmmədnəsir olan Əli Kərimlinin aksiya təşkil etmək cəhdinin arxasında duran digər istək özünün hələ də siyasətdə olmasını təsdiqləmək, düşərgə mənsubları arasında nifaq salmaqla həsrətində olduğu «ana müxalifət» kimi tanınmasına nail olmaqdır. Amma hələ də dərk etmir və bəlkə də dərk etmək istəmir ki, illərdən bəri Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərlə bu ad uğrunda apardığı çəkişmələrin qurbanı elə özüdür.
Bu deyilənlərin məntiqi nəticəsinin tam aydınlığı ilə izahına ehtiyac yoxdur. Bu gün Azərbaycanın qazandığı uğurlardan canlarına vəsvəsə düşən düşmən hədəflər də bəllidir. İlk sıralarda Ermənistan ilə İranın molla rejimi dayanır. Əli Kərimli isə onların buyruq quludur. Yəni, Azərbaycanın düşmənləri «Atalar üçdən deyib» məsəlinə uyğun bu qaydada sıralanır: Ermənistan- İran- Əli Kərimli üçlüyü. Başında əmmaməsi olmasa belə, ruhən xain olduğunu havadarlarının əmrini onların düşüncə tərzinə, tapşırıqlarına uyğun, Azərbayjana xəyanət etməklə yerinə yetirən Əli Kərimli erməni-fars xislətli xain şeytandır. Şeytanın da işi kimlərinsə arasına nifaq salmaq, sabitliyi pozmaq, yollarından döndərməkdir. Bu xarakterləri mənfur simasında birləşdirən, buqələmun kimi məqamına görə dəyişən Əli Kərimlinin adı bəllidir: Şeytana belə kələk gələn İblis!
Xuraman İsmayılqızı, «İki sahil»
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası