28 oktyabr 2022 16:03
621

İki ölkə arasındakı münasibətlər çox dərin ənənələr üzərində qurulub

Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayıblar. Dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulub.Bu gün strateji tərəfdaşlıq əlaqələri müttəfiqlik səviyyəsinə yüksələn Azərbaycan və Gürcüstan tarixi İpək Yolu üzərində yerləşir. Bu da regiondan keçən yük axınının həcmini dəfələrlə artırmağa imkan verib.  Ölkələrimiz arasında əməkdaşlıq bu gün də müsbət dinamika ilə inkişaf edir. Prezident İlham Əliyevin 24 oktyabr tarixli işgüzar səfəri Gürcüstan və Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinə yeni təkan verəcək. Bu səfər ölkələrimiz arasındakı qarşılıqlı münasibətlərimizin inkişafı üçün yeni səhifə açır. Səfər zamanı müzakirə olunan məsələlərə, eləcə də Azərbaycan Prezidenti və Gürcüstan Baş nazirinin bəyanatlarına diqqət yetirsək deyə bilərik ki, iki qonşu dövlət olaraq münasibətlərimizin inkişafında yeni mərhələ başlayıb.

Bu gün Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlıq əlaqələri tam yeni xarakter alaraq müttəfiqlik səviyyəsinə yüksəlib. Eyni zamanda, əlaqələrin siyasi əhəmiyyəti artıq iki ölkə hüdudları ilə kifayətlənməməkdə, Tbilisi-Bakı müttəfiqliyi həm region, həm də bütövlükdə Avropa üçün önəm qazanmağa başlamaqdadır. O da əlavə olunmalıdır ki, Azərbaycanla Gürcüstan arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılması regional sülhə və sabitliyə xidmət edir. Bölgədə gedən proseslər, təhlükəsizliklə bağlı olan məsələlər birgə müzakirələrin mərkəzindədir. Bu gün strateji tərəfdaşlıq əlaqələrimiz müttəfiqlik səviyyəsinə qalxıbdır.Azərbaycan və Gürcüstanın birgə icra etdiyi layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə və bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır. Gələn il Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə ixrac artırılacaqdır. Dünyada enerjiyə tələbat artdığı bir zamanda ölkə arasında əlaqələr hər iki ölkənin birlikdə milli maraqlarını təmin etməsinə imkan verir.

Məhz Prezident İlham Əliyevin şaxələndirilmiş enerji siyasətində vacib həlqələrdən biri kimi çıxış edən Gürcüstan artıq bu layihələr çərçivəsində Avropa üçün ayrıca önəm qazandığının fərqindədir. Rəsmi Tbilisi bu məsələdə Bakının hər iki ölkənin maraqlarına uyğun rolunu həm dərk edir, həm də əməkdaşlığın dərinləşməsinin faydalı olduğunu anlayır. Eyni zamanda, Gürcüstan Azərbaycanın sülh cəhdləri fonunda daha sabit bir bölgənin daha faydalı bir mühitə gətirib çıxaracağına da inanaraq Bakının mövqeyini bölüşür. Azərbaycan dünya bazarlarına qaz ixracatını artırmaq niyyətindədir. Bu il 22 milyard kubmetr ixracımız olacaq, gələn il daha da artacaq. Planlaşdırılır ki, 2027-ci ildə Azərbaycanın təkcə Avropaya qaz ixracatı 20 milyard kubmetrə çatacaq. Gələn il Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə ixrac artırılacaqdır. Həmçinin, yeni elektrik enerjisi ilə bağlı layihələr icrası nəticəsində Azərbaycan elektrik enerjisini dünya bazarlarına ixrac edəcək. Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyəti də 5 milyon tona çatdırılacaqdır.

Nəzərə alsaq ki, növbəti illərdə əsas vəzifə Avropaya ixracın genişləndirilməsidir, bu da Gürcüstanla Azərbaycanın digər sahələrdə olduğu kimi, bu sahədə də fəal əməkdaşlıq edəcəklərinə mühüm şərait yaradır. Avropa qitəsinin, eləcə də Avrasiya geosiyasi coğrafiyasının sıx ticarət tələbatını, həmçinin dünyada Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyacını nəzərə alsaq, o zaman Gürcüstanla Azərbaycan bir cəbhədən hərəkət etməli, bir nöqtəyə vurmalı, nəqliyyat sahəsində sıx koordinasiya aparılmalı, birgə layihələr eyni vaxtda tamamlanmalıdır.

Dünyada Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyac var. Azərbaycan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini 15 milyon tondan 25 milyon tona çatdırmaq niyyətindədir.  Liderlərin görüşü zamanı bölgədə gedən proseslər, təhlükəsizliklə bağlı olan məsələlər də diqqət mərkəzində olub. Prezident İlham Əliyevin bir daha bəyan etdiyi kimi,  Qarabağ münaqişəsi başa çatandan sonra vaxt gəlib çatıb ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalasınlar. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz beş əsas prinsipdən ibarət təkliflərimizi Ermənistan tərəfinə təqdim etdik. Əgər prinsiplər qəbul olunsa, Cənubi Qafqaza sülh gələcək, əməkdaşlıq üçün imkanlar yaranacaqdır. Tranzit ölkə olmaq üçün mütləq qonşularla yaxşı münasibətlərin olmalıdır. Gürcüstanla Azərbaycan arasında nəqliyyat sahəsində sıx koordinasiya aparılmalıdır. Gürcüstanla Azərbaycan da bu məsələdə bir cəbhədən hərəkət edərək, bir nöqtəyə vuraraq öz milli maraqlarını təmin edəcəklər.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri