İki yüz il əvvəl Azərbaycan torpaqlarının Rusiya imperiyası tərəfindən işğal edilməsindən və ermənilərin zaman-zaman ərazilərimizə köçürülməsindən sonra azərbaycanlıların deportasiyası və soyqırımı faciələri başlanmışdır. Ermənistanın Azərbaycanın maddi-mədəni irsinə qarşı vandalizmi təkcə işğal etdiyi ərazilərdə yox, hazırda Ermənistan dövlətinin olduğu ərazilərdə də həyata keçirilib və bu gün də davam edir. Ermənistan ərazisində mövcud olan abidələr bu ölkənin Azərbaycanın tarixi torpaqlarında yaradıldığının sübutudur. Ermənilərin paytaxt dediyi Yerevanın İrəvan olması və ötən əsrin əvvəlində ermənilərə verilməsi də çox da uzaq olmayan keçmişin tarixi faktıdır. Ermənistan məhz bu tarixi gerçəkliyi gizlətmək məqsədilə Azərbaycana məxsus maddi-mədəni irsə qarşı onilliklərlə vandalizm aktı törədib. Ermənistan Azərbaycan torpaqlarını 30 il ərzində təkcə işğal altında saxlamadı, həm də hər daşına, hər qayasına qarşı vandalizm törətdi. İşğal dövründə Azərbaycanın bununla bağlı mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən nəzərə alınmır, ikili standartlara əsaslanan yanaşma sərgilənirdi, 44 günlük müharibədə işğala son qoyulduqdan sonra bütün vandalizm çılpaqlığı ilə ortaya çıxdı: ermənilər Azərbaycanın maddi, mədəni və dini irsini məhv etməklə kifayətlənməmiş, şəhərləri, qəsəbələri, kəndləri yerlə bir etmişdilər. 30 il öncə olan şəhərlərimizin yerində sadəcə düzəngah qalıb.
Qarabağ ərazisində e.ə. II minilliyə aid Xocalı-Gədəbəy mədəniyyətini özündə əks etdirən tarixi mədəniyyət abidələri vardır. Bu ərazi e.ə. IV əsrdən – eramızın VIII əsrinin əvvəllərinədək Azərbaycan Alban dövlətinin, VIII-XII əsrlərdə Sacilər, Salarilər, Rəvvadilər dövlətlərinin, Səlcuq imperiyasının və Azərbaycan Eldənizlər (Atabəylər) dövlətinin, XIII-XV əsrlərdə Elxanilər (Hülakilər), Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin, 1501-1736-cı illərdə Azərbaycan Səfəvilər dövlətinin, 1748-1821-ci illərdə isə Qarabağ xanlığının tərkibində olmuşdur.
Sovet hökumətinin apardığı siyasət nəticəsində Qarabağın dağlıq hissəsində sayca çoxluq təşkil edən ermənilər 1988-ci ilin əvvəllərində rəsmi Moskvanın bilavasitə təhriki ilə vilayəti Azərbaycan SSR-dən ayırıb Ermənistan SSR-ə birləşdirmək niyyəti ilə separatçı-terrorçu çıxışlara başladılar. Bu çıxışlar bir qədər sonra silahlı münaqişəyə çevrildi. Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü iki ölkə arasında müharibəyə gətirib çıxardı. Ermənistan onu himayə edən dövlətlərin birbaşa hərbi yardımı nəticəsində keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətini və onun ətrafındakı rayonları işğal etdi.
Ermənistanın hərbi təcavüzü nəticəsində Şuşada Alban məbədləri, Şuşa Tarix-Memarlıq Qoruğuna daxil olan qala divarları, Qarabağ xanlarının iqamətgahları, Xurşidbanu Natəvanın ev-muzeyi, Molla Pənah Vaqifin məqbərəsi, yüzlərlə tarixi-memarlıq və təbiət abidələri, həmçinin Cəbrayıl rayonu ərazisində bölgənin çox qiymətli memarlıq abidələri olan Xudafərin körpüləri işğal edilmişdi.
1991-1994-cü illərdə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Qubadlı, Zəngilan və Cəbrayıl) əraziləri işğal edilmişdi. 20 min nəfərdən artıq azərbaycanlı həlak olmuş, 4866 nəfər itkin və əsir düşmüş, girov götürülmüşdü. Təxminən 100 min nəfər yaralanmış, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdu. Hərbi təcavüz ölkəmizin 17 min kv. km. ərazini əhatə edən ən məhsuldar torpaqlarının işğalına, 900 yaşayış məntəqəsinin, 130939 evin, 2389 sənaye və kənd təsərrüfatı obyektinin, 1025 təhsil və 798 səhiyyə ocağının, 1510 mədəniyyət müəssisəsinin, 5198 km avtomobil yollarının, 348 körpünün, 7568 km su və 76940 km elektrik xətlərinin dağıdılmasına səbəb olmuşdu.
Erməni işğalçıları tərəfindən talan edilmiş regionun muzeylərində Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəssamlıq və mədəniyyət əsərləri, dünya şöhrətli xalçalar, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları və digər qiymətli materiallar toplanmışdı. İşğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektləri xüsusi qəddarlıqla məhv edilmişdi. Ələ keçirdikləri ərazilərdə 12 muzey, 6 rəsm qalereyası, tarixi əhəmiyyətli 9 saray qarət edilmiş və yandırılmışdı. Nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı talan olunmuşdu. İşğal olunmuş ərazilərdə qalan 152 ibadət yeri, məbəd, o cümlədən 62 məscid erməni təcavüzünün qurbanına çevrilmişdi. Dağıdılan və yandırılan 927 kitabxanada 4,6 milyon kitab və misilsiz əlyazma nümunələri məhv edilmişdi. Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda Azərbaycanın milli mədəniyyət ocaqlarına erməni təcavüzkarlarının vurduqları ziyanı dəqiq hesablamaq mümkün deyildi. Çünki talan və məhv edilmiş sərvətlər nəinki Azərbaycanın, həm də bütün dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələridir. Əhaliyə vurulmuş mənəvi-psixoloji zərbə ilə yanaşı, ilkin hesablamalara görə, Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Azərbaycan iqtisadiyyatına 300 milyard ABŞ dollarından çox ziyan dəymişdir.
Hazırda Qazax rayonunun 7, Naxçıvan Muxtar Respublikasının 1 yaşayış məntəqəsi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bunlardan əlavə, Dağlıq Qarabağla və Ermənistanla həmsərhəd olan Ağcabədi rayonunda 1 kənd, Gədəbəy rayonunda 2 kənd, Tovuz rayonunda 8 kənd, Naxçıvan Muxtar Respublikasında 1 kənd Ermənistanın hərbi təcavüzü nəticəsində ziyan çəkmişdir.
Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı şəhərləri Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə viran və talan edilmişdi. Laçın və Kəlbəcər şəhərlərində Ermənistandan və xaricdən köçürülüb gətirilən ermənilər məskunlaşdırılmışdı. İşğal illərində erməni vandalları Ağdam və Füzuli şəhərlərini 1945-ci ildə atom bombası ilə dağıdılan Xirosima və Naqasaki şəhərləri ilə eyniləşdirmişdilər.
Tarixi Azərbaycan ərazisi olan indiki Ermənistan ərazisində mindən artıq azərbaycanlı yaşayış məntəqəsi, yüzlərlə tarixi-memarlıq abidələri, karvansaralar, imarətlər, məscidlər, məqbərələr, qəbiristanlıqlar, qəbirüstü abidələr və s. mövcud olmuşdur. XX əsrdə ermənilərin azərbaycanlılara qarşı apardıqları etnik təmizləmə və tarixi abidələrə qarşı həyata keçirilən vandalizm aktları nəticəsində monoetnik erməni dövləti yaranmış, azərbaycanlıların varlığını özündə əks etdirən bütün tarixi-memarlıq abidələri yer üzündən silinmiş, qəbiristanlıqlar dağıdılmışdır. XX əsrin əvvəllərində İrəvan quberniyası ərazisində 310 məscid qeydə alındığı halda, bu gün Ermənistan ərazisində yalnız bir məscid – Göy məscid qismən salamat qalmışdır ki, onu da xarici qonaqlara “fars” məscidi kimi təqdim edirlər.
1988-1989-cu illərdə Ermənistanın 22 rayonundan (170 sırf azərbaycanlı və 94 ermənilərlə qarışıq yaşayış məntəqələrindən) 250 minə yaxın azərbaycanlı deportasiya edildi. Bununla da tarixi Azərbaycan torpaqlarında monoetnik erməni dövlətinin əsası qoyuldu. Azərbaycanlıların qoyub getdikləri yaşayış məntəqələrindəki 234 məktəb, 214 kitabxana, 268 mədəniyyət müəssisəsi, 235 səhiyyə ocağı, 112 uşaq bağçası, 152 məişət evi ermənilərin əlinə keçdi. Azərbaycanlılara məxsus 223 qəbiristanlıq, 49 məscid, 68 tarixi-memarlıq abidəsi tədricən erməni vandalları tərəfindən səssiz-səmirsiz dağıdılır.
İşğal illərində Azərbaycan torpaqlarında ermənilər azərbaycanlılara məxsus maddi-mədəni irsin məhv edilməsi və yer üzündən silinməsi prosesini həyata keçirirdilər. Ermənistan respublikasında bu gün də azərbaycanlılara məxsus maddi-mədəni irsin məhv edilməsi və yer üzündən silinməsi prosesi erməni vandalları tərəfindən davam etdirilir. Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən işğalçı və təcavüzkar kimi tanınıldı. Müharibə bitdikdən sonra hər kəs onların işğal zamanı hansı dağıntıları törətdiklərini gördü. Şahid oldular ki, işğaldan azad olunan torpaqlarımızda ermənilər vandalizm aktları törədiblər. Qəbirlər qazılıb, insanların sümükləri çıxardılıb, məscidlərdən tövlə kimi istifadə edilib. Qarabağda demək olar bütün dini, maddi-mədəniyyət nümunələri ya dağıdılıb, ya da erməniləşdirilib. Ermənistanın qoşunlarını çıxartmağa məcbur qaldığı ərazilərimizdə ekoloji cinayət törətməsi, təbii sərvətlərimizi talan etməsi faktları danılmazdır.Terrorçu dövlət olan Ermənistanın hərbi cinayətlərinin artıq sübuta ehityacı yoxdur. Bu vandalizm aktları azad olunan ərazilərin video və fotogörüntülərində aydın əksini tapıb.
Sevda Axundova,
Bakı Slavyan Universitetinin dosenti
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası