28 oktyabr 2022 14:51
1395

Azərbaycan-Gürcüstan münasibətləri regional əməkdaşlığın əsası kontekstində

Azərbaycan regionda sülh, təhlükəsizlik və əməkdaşlıq tərəfdarı olan ölkədir. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursunun da əsas istiqamətlərindən biri məhz qonşu ölkələr arasında yüksək səviyyəli münasibətlərin təmin edilməsidir. Azərbaycanla yüksək səviyyəli münasibətləri olan qonşu ölkələrdən biri Gürcüstandır. Ölkə başçısının oktyabrın 24-də Gürcüstana baş tutan işgüzar səfəri ölkələrimiz arasında mövcud olan dostluq əlaqələrinin yüksək səviyyədə olduğunu bir daha təsdiq edir. Azərbaycan və Gürcüstan münasibətləri tarixi ənənələrə söykənir. Xalqlarımız hər zaman dostluq və mehriban qonşuluq şəraitində yaşamış, dövlətlərarası əlaqələr də məhz bu münasibətlər əsasında qurulmuşdur.

Gürcüstana işgüzar səfəri zamanı mətbuata verdiyi bəyanatında Prezident cənab İlham Əliyev ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli əlaqələrdən danışarkən bildirdi ki, artıq strateji tərəfdaşlıq əlaqələrimiz müttəfiqlik səviyyəsinədir və bir çox sahələr üzrə fəal əməkdaşlıq əlaqələri mövcuddur. Hər iki ölkə həm qarşlıqlı olaraq, həm də beynəlxalq təşkilatlar çərçivəsində hər zaman    bir-birini dəstəkləyir. Azərbaycan və Gürcüstanın bölgədə birlikdə icra etdiyi layihələr də bunu təsdiq edir. Bu birgə layihələr həmçinin regional əhəmiyyət daşıyır, bölgənin və Avropanın inkişafına töhfələr vermiş olur.

Bəyantında Prezident cənab İlham Əliyev Azərbaycan dövlətinin hər zaman sülh və regionda əməkdaşlıq prinsipini əsas tutduğunu da bir daha təsdiq etdi. Belə ki, ölkə başçımız artıq Qarabağ münaqişəsinin bitdiyini və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmaq vaxtının çatdığını vurğuladı. Bunun üçün Azərbaycan qarşı tərəfə beş əsas prinsipdən ibarət təklif  də verib. Ermənistan tərəfindən xoş məram olarsa sülh müqaviləsi imzalanar və Cənubi Qafqazda sülh, möhkəm əsaslı təhlükəsizlik mühiti yaranmış olar. Hətta Prezident cənab İlham Əliyev bu ölkənin Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinə başlamağa hazır olduğunu bildirəcəyi təqdirdə ölkəmizin buna müsbət reaksiya verəcəyi mesajını da verdi. Regionun inkişafı məhz sülh, təhlükəsizlik və əməkdaşlıqdan asılıdır. Mövcud olan yüksək səviyyəli Azərbaycan-Gürcüstan münasibətləri regional əməkdaşlığın  da əsasını təşkil edə bilər.

Hazırda Azərbaycan və Gürcüstan arasında müsbət dinamika ilə artan ticarət dövriyyəsi mövcuddur. Həmçinin ölkələrimiz birgə nəqliyyat-tranzit imkanlarına malikdirlər ki, bunu daha da inkişaf etdirmək mümkündür. Azərbaycan neft-qaz ixracı ilə bərabər elektrik enerjisi ixracında da maraqlıdır. Təbii ki, elektrik enerjisi ixracı ölkəmizin yeni hədəflərindəndir və bunun üçün böyük potensial vardır. İşğaldan azad edilmiş ərazilərimizdə 10 giqavatt, Xəzər dənizində isə 157 giqavatta çatan bərpaolunan enerji növlərindən istifadə imkanlarını diqqətə çatdıran Prezident cənab İlham Əliyev Azərbaycanın ixrac istiqamətinin Gürcüstandan keçdiyini vurğuladı. Digər sahələrdə olduğu kimi yeni layihə olan elektrik enerjisinin ixracı məsələsində də ölkəmiz Gürcüstanla fəal əməkdaşlıq edəcəkdir. Hazırda dünyada və Avropada enerji resurslarına böyük tələbat vardır. Odur ki, Gürcüstanla Azərbaycan bu məsələdə bir mövqdən çıxış edərək öz milli maraqlarını təmin edəcəklər. Ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli münasibətlər  tranzit imkanlarından birgə, səmərəli istifadəyə imkanlar yaradır. Həyata keçirilən uğurlu xarici siyasət nəticəsində isə Azərbaycan və Gürcüstan arsında heç bir sahədə fikir ayrılığı yoxdur. Ümumiyyətlə, Azərbaycan-Gürcüstan əməkdaşlığı qarşlıqlı faydalı əməkdaşlıqdan əlavə Avropa və dünya üçün mühüm əhəmiyyət daşıyan əməkdaşlıq hesab edilir.

Anar Şahmuradov,

YAP Ağdaş rayon təşkilatının əməkdaşı