Azərbaycan Respublikası ilə Gürcüstan arasında diplomatik əlaqələr 1992-ci il noyabrın 18-dən qurulub. 1993-cü ilin fevralında Gürcüstanın dövlət başçısı Eduard Şevardnadzenin Bakı şəhərinə ilk rəsmi səfərinin həmin səfər çərçivəsində müxtəlif sənədlərin xüsusilə də “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında” müqavilənin imzalanması ikitərəfli münasibətlərin hüquqi-normativ əsasını qoydu və SSRİ-nin dağılması ilə qırılmış iqtisadi əlaqələrin bərpasına zəmin yaratdı.
1993-cü ilin iyununda hakimiyyətə qayıtmış Ümummilli lider Heydər Əliyevin xarici siyasət sahəsindəki ilk addımlarından biri də məhz mövcud Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafını normal məcraya salması oldu. 1993-1995-ci illəri əhatə edən birinci mərhələdə dövlətlərarası münasibətlərdəki müəyyən gərginlik aradan qaldırıldı, ikitərəfli əməkdaşlığın inkişafı və genişləndirilməsi üçün zəmin hazırlandı, beynəlxalq və regional xarakterli məsələlər üzrə qarşılıqlı etimad və ümumi mövqelər əldə olundu. 1996-2000-ci illəri əhatə edən ikinci mərhələdə isə ikitərəfli münasibətlər yüksələn xətlə inkişaf edərək, strateji tərəfdaşlıq və iqtisadi əməkdaşlıq səviyyəsinə qalxdı və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstan Respublikasının Prezidenti Mixail Saakaşvili tərəfindən inkişaf etdirildi.
Son 10 il ərzində hər iki ölkə arasında strateji əməkdaşlıq yüksələn xətlə inkişaf etməkdədir və bunun bariz nümunəsi nəhəng enerji daşıyıcıları olan neft və qaz kəmərlərinin tikilməsi və istifadəyə verilməsidir. TRASEKA, Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Ceyhan əsas neft ixracı kəmərləri həm Azərbaycanın, həm də Gürcüstanın iqtisadi inkişafı ilə bərabər təhlükəsizlik sistemlərinin də möhkəmləndirilməsi deməkdir. Qars-Axalkalaki-Tbilisi-Bakı (QATB) dəmir yolunun tikintisi layihəsi də Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafı baxımından olduqca önəmlidir.
Azərbaycanı Gürcüstanla bağlayan təkcə səmimi qonşuluq münasibətləri və regional iqtisadi layihələr deyil, həmçinin təhsil, mədəniyyət və humanitar sahədə olan əməkdaşlıq əlaqələridir. Turizmdən başlamış digər bütün mədəni mübadilələrə qədər ən müxtəlif sahələrdə qarşılıqlı münasibətlər sistemi də mövcuddur. İki qonşu ölkə istər beynəlxalq təşkilatlarda, istərsə də regional təşkilatlarda daima bir-birilərini dəstəkləyiblər. İkitərəfli və üçtərəfli diplomatik formatda yeni regional əməkdaşlıq platforması yaratmağa nail olublar.
Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək istiqamətində atdığı addımları ilk dəstəkləyən dövlətlərdən biri də Gürcüstan olub. Qonşu ölkə qətiyyət nümayiş etdirərək işğalçı Ermənistana silah daşıyan dövlətlərə hava və quru nəqliyyat koridorunu bağlayıb. Bu, əsl dost və qonşu mövqeyidir. Ona görə də iki qonşu ölkə arasında münasibətlər bundan sonra da bütün sahələr üzrə inkişaf edəcək və hər iki xalqın maraqlarının təmin olunması üçün daha yaxşı perspektivlər yaradacaq
Cavid Mehdizadə
YAP Xətai rayon təşkilatının fəalı
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası