28 oktyabr 2022 10:08
601

Gənclərin YAP məktəbi

Artıq Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30-cu ildönümünü qeyd edirik. 30 il əvvəl ölkəmizin bir qrup ziyalısı yenicə müstəqilliyini əldə etmiş Azərbaycanın işıqlı gələcəyini təmin etmək üçün ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşərək Yeni Azərbaycan Partiyasını təsis etdilər.

Yeni Azərbaycan Partiyasının təsis edilməsində əsas məqsəd müstəqilliyimizin ilk dövrlərində ölkəmizin üzləşdiyi problemlərə son qoymaq və onun sağlam təməllər üzərində inkişafını təmin etmək idi. Həmin dövrdə hakimiyyətdə olan başıpozuq AXC-Müsavat cütlüyünün xalqın başına gətirdiyi müsibətlər artıq insanları yeni çıxış yolları axtarmağa vadar edirdi. Belə olan halda cəmiyyətin tanınmış və hörmətli ziyalıları ölkəni xilas edə biləcək yeganə müdrik şəxsiyyət kimi ulu öndər Heydər Əliyevi görürdülər. Eyni zamanda, xalqın ulu öndər Heydər Əliyevə yenidən hakimiyyətə gəlməsi üçün təkid dolu çağırışı var idi. Məhz bu dəstəyi həmin mürəkkəb dövrdə ulu öndər Heydər Əliyevə yönəltmək üçün siyasi partiyanın yaradılması çox vacib həyati bir məsələ idi. Həmin dövrdə hakimiyyətdə təmsil olunan qüvvələr, xalqın Ulu Öndərə olan dəstəyini və sevgisini görür, bunun qarşısını bütün mümkün vasitələrlə almağa çalışırdılar. Ancaq bütün bu əməllər xalqın Ulu Öndərə olan sevgisi və inamı qarşısında tamamilə aciz idi. Belə olan halda Yeni Azərbaycan Partiyasının Bakıda təsis edilməsinə icazə verilmədi və ziyalılar Naxçıvanda toplaşaraq partiyanı təsis etdilər.

Xüsusilə qeyd etmək lazımdır ki, Yeni Azərbaycan Partiyası yarandığı ilk dövrdə müxalifət partiyası olmuşdur. Ancaq heç bir zaman ölkəmizdəki bugünkü radikal müxalifət kimi dövlətimizə və xalqımıza qarşı müxalifətdə olmamışdır. Buna görə də xalqın maraqlarını, dəstəyini özündə birləşdirən Yeni Azərbaycan Partiyası qısa zaman ərzində müxalifət partiyasından iqtidar partiyasını çevrildi. Beləliklə də Azərbaycanın sağlam təməllər üzərində işıqlı gələcəyə doğru irəliləməsinin əsası qoyuldu.

Müasir Azərbaycanı siyasi sistemi məhz Yeni Azərbaycan Partiyasının formalaşması ilə birbaşa əlaqəlidir. Çünki yarandığı dövrdən ölkədə demokratik və plüralist siyasi mühitin formalaşmasına töhvə verən Yeni Azərbaycan Partiyasının əsas məqsədi cəmiyyətin bütün təbəqələrinin maraqlarını əhatə edərək, vətəndaşlar arasında birlik mühiti formalaşdırmaq olub.  Müstəqilliyini bərpa etdiyi ilk illərdə Azərbaycan cəmiyyətdə hökm sürən müxtəlif fikir ayrılıqlarından və bu vəziyyətdən öz məkirli məqsədləri üçün istifadə etməyə çalışan pozucu qüvvələrin ucbatından öz müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdir. Təbii ki, bu ağrılı dövr nümayiş etdirdi ki, inkişafın, tərəqqinin labüdlüyü qədər, cəmiyyətdə birliyin olması çox vacibdir.

Yeni Azərbaycan Partiyası daim xalqın maraqlarına cavab vermiş və qarşıya qoyunlan bütün hədəflərin əldə olunmasına nail olmuşdur. Sözsüz ki, partiyanın rəhbərliyində müdrik və uzaqgörən siyasi lider olmasa bütün bunlar qeyri-mümkün olardı. Partiyanın təsis edildiyi dövrün prosesləri haqqında təbii ki, həmin dövrün şahidləri olan veteranlarımız öz yazılarında geniş şəkildə fikirlərini əks etdirəcəklər. Ancaq burada qeyd olunanlar müasir dövrdə partiyanın yaranmasından 30 il keçdikdən sonra partiya gəncinin gözü ilə gördüyü reallıqlardır.

Hər bir dövrün, zamanın özünəməxsus fərqli çağırışları olur və həmin dövrün tələblərinə uyğunlaşmaq çox vacib məsələdir. Bu baxımdan qeyd etmək lazımdır ki, Yeni Azərbaycan Partiyası təsis edildiyi gündən keçirilən qurultaylar vasitəsilə daim özünü yeniləyir və müasir dövrün tələblərinə uyğunlaşır. Ancaq bununla bərabər partiyanın əsas hədəfləri dəyişməz olaraq qalır.

5 mart 2021-ci il tarixində Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirildi. Düşünürəm ki, bu qurultayın əvvəlki qurultaylardan əsas fərqi Vətən müharibəsində qazadığımız Qələbədən sonrakı yeni dövrdə keçirilməsi idi. Artıq dövlətimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında uzun illərlə hazırlaşdığı müharibədən qalib çıxmışdı və ərazi bütövlüyümüz bərpa edilmişdi. Prezident İlham Əliyev dönməz iradəsi, qətiyyətli mübarizliyi ilə torpaqlarımızın işğaldan azad edilməsinə nail olmuş  və bununla regionda yeni reallıqların əsasını qoymuşdur.

Cənubi Qafqazın ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının VII qurultayı partiyanın tarixində yeni inkişaf mərhələsinin başlanğıcı oldu. Prezident İlham Əliyevin islahatlar siyasətinin davamı olaraq partiyamızda yeni idarəetmə modelini özündə ehtiva edən struktur formalaşdırıldı və milli həmrəyliyin yeni inkişaf mərhələsinin əsası qoyulmuş oldu.

Partiyamızın keçdiyi tarixi şəfər yoluna nəzər yetirdikdə müşahidə edirik ki, yarandığı dövrdən etibarən sıralarına qoşulan 100 minlərlə gənclərdən ibarət ordu daim Partiyanın əsas keyfiyyətlərindən biri olan sosial-lift vasitəsilə gənclərimizə əvəz olunmaz bir məktəb olmuşdur. Bu gün partiyamızda təmsil olunan orta nəslin nümayəndələri bir zamanlar yəni, 90-cı illərdə Yeni Azərbaycan Partiyasının gəncləri idilər. Lakin onların bizdən əsas fərqi ondan ibarət idi ki, həmin dövrdə ölkə gəncləri müxtəlif siyasi qüvvələrin əlində alətə çevirilmişdi və bu da gəncləri pərakəndə vəziyyətə salmışdı. Təbii ki, bu çətin vəziyyətdə xalqın təkidi və çağırışı ilə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev Azərbaycan gəncliyini xilas edə bilərdi. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ən əsas diqqətini Azərbaycan gəncliyinin sağlamlaşdırılmasına yönəldərək onların mütəşəkkil qaydada ölkənin inkişafına səfərbər olmalarına nail oldu. Ulu öndər Heydər Əliyev həm Sovet vaxtında, həm də müstəqillik dövründə gəncləri hər zaman diqqət mərkəzində saxlayır onların milli vətənpərvərlik ruhunda yetişmələrinə xüsusui diqqət yetirirdi. Bu gün Azərbaycan o dövlətlərdəndir ki, onun sağlam düşüncəli, yüksək potensiala malik nümunəvi gəncliyi vardır.

Partiyanın sıralarında müxtəlif dövrlərdə fəallıq göstərmiş gənclər geniş və əvəzolunmaz təcrübələr qazanaraq bu gün cəmiyyətin müxtəlif sahələrində xüsusi fəallıqları ilə seçilirlər. Bunun başlıca səbəbi YAP-ın daim sıralarında olan gənclərin inkişafına və onların cəmiyyətdə layiqli yer tutmalarına xüsusi diqqət göstərməsidir. Buna görə də partiyamızda gənc üzvlərin inkişafını dəstəkləyən bir sıra layihələr icra olunur ki, bu da nəinki YAP üzvü olan gənclərin, hətta bitərəf həmyaşıdlarımızın da xüsusi marağına səbəb olur.

VII qurultayda partiyamızın Sədri, Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan əsas hədəflərdən biri də gənclərin milli-mənəvi ruhda tərbiyə olunması istiqamətində vacib addımların atılması oldu. İnformasiya axınının sonsuz dərəcədə yüksək həddə çatdığı bir dövrdə müxtəlif xarici məkrli qüvvələr tərəfindən ölkəmizə qarşı qərəzli informasiyalar yeridilməyə çalışılır. Əlbəttə ki, cəmiyyətin ən həssas təbəqəsi gənclərdir və bu da onları bu cür proseslərdə əsas hədəfə çevirir. Bunun isə qarşısını gəncləri milli-mənəvi ruhda tərbiyə etmək və maarifləndirməklə almaq mümkündür.

Cənab Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə səfər edən zaman Vətən müharibəsində qazanılan böyük Qələbənin əldə olunmasında gənclərin xüsusi rolunu qeyd edərək həmin gənclərin 18-19 il əvvəl 4-5 yaşlı uşaqlar olduğunu vurğulayır. Yəni, Prezident İlham Əliyevin dövlətimizə rəhbərlik etməyə başladığı dövrdən etibarən həyata keçirilən məntiqli və uzaqgörən siyasət sayəsində yetişən Azərbaycan gəncliyi əsl vətənpərvər gənclik olaraq müharibə dövründə cəmiyyətdə mövcud milli vəhdətin bir hissəsi kimi Ali Baş Komandanın ətrafında yumruq kimi birləşdi. Bu, həm də Azərbaycan gənclərinin vermiş olduğu böyük şərəf imtahanı idi. Milyonlardan ibarət gənclər ordusu istər döyüş meydanında, istərsə də informasiya savaşında mənfur düşmənin təxribat dolu hücumlarının qarşısını qətiyyətlə aldı. Azərbaycanın bütövlüyü uğrunda mübarizədə canından keçmiş hər bir Vətən övladına Allahdan rəhmət diləyir, ailələrinə səbir arzulayırıq. YAP gəncləri olaraq hər zaman onların xatirələrinin daim uca tutulması üçün əlimizdən gələni edəcəyik.

Yeni dövr və reallıqlar böyük Qələbədən sonra biz gənclərdən cənab Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən böyük quruculuq işlərində xüsusi fəallıq göstərməyi tələb edir. Bunun üçün isə gənclərimiz daim özlərini təkmilləşdirməli, bilik və bacarıqlarını artırmalıdırlar.

Əminliklə deyə bilərik ki, Yeni Azərbaycan Partiyası qarşıdakı bu məsuliyyətli dövrdə də gənclər üçün çağdaş məktəb rolunu oynayaraq gənclərimizin hərtərəfli inkişafını dəstəkləyəcəkdir.

Fəsli Nəbiyev,
YAP Gənclər Birliyinin sədr müavini