Azərbaycan-Gürcüstan münasibətləri daim yüksək səviyyədə olub. Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub və 2022-ci ildə bu münasibətlərin 30-cu ildönümü qeyd olunur. Azərbaycan ilə Gürcüstan arasında müstəqillikdən sonra yaranan münasibətləri iki mərhələyə bölmək olar. Birinci mərhələ - 1991-ci ildən 1993-cü ilə qədər olan müddəti əhatə edir. Gürcüstan Respublikasının Prezidenti Zviad Qamsaxurdiya dövründə yaranan gürcü millətçiliyi yerli azərbaycanlılara qarşı çevrilmişdi. Erməni və gürcü millətçiliyi Qafqazda Azərbaycanın milli mənafeyinə təhlükə törədirdi. 1993-cü ildə Heydər Əliyevin və Eduard Şevardnadzenin hakimiyyətə gəlməsi Cənubi Qafqazda ziddiyyətlərin aradan qalxmasına kömək etdi. Xarici və daxili siyasətdə milli mənafeləri təmin edən strategiya həyata keçirildi. 1995-ci ildə Azərbaycan ilə Gürcüstan dövlətləri arasında müqavilə bağlandı. Müqavilə siyasi, iqtisadi, hərbi, kommunikasiya sahələrini əhatə edir. Azərbaycan-Gürcüstan münasibətləri tarix boyu hər iki ölkə üçün daima strateji əhəmiyyət kəsb edib.
Əlbəttə ki, ilk növbədə bu münasibətləri Azərbaycan və Gürcü xalqlarının milli maraqları şərtləndirir. Təqdirəlayiq haldır ki, iki qonşu dövlət arasında olan siyasi münasibətlər həm də çoxsaylı iqtisadi layihələrlə dəstəklənir. Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Gürcüstan əlaqələri ötən illər ərzində dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb. Həmçinin Azərbaycanla Gürcüstan arasında münasibətlər qarşılıqlı etimada əsaslanır. Azərbaycan-Gürcüstan münasibətləri regional təhlükəsizliyin təmin olunmasında da ciddi təsirə malikdir. Azərbaycan və Gürcüstanın təhlükəsizlik sahəsində maraqları da üst-üstə düşür. Hər iki ölkə beynəlxalq platformalarda daim bir-birinə dəstək verib, ərazi bütövlüyü məsələsində eyni mövqedən çıxış edib. Gürcüstan Azərbaycanın Cənubi Qafqazda əməkdaşlıq formatının yaradılması təşəbbüsünü dəstəklədiyini bəyan edib. Azərbaycan və Gürcüstanı yaxınlaşdıran yalnız iqtisadi maraqlar, tarixi və siyasi amillər deyil, həm də təhlükəsizlik maraqlarıdır. Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. Hər iki ölkədə baş verən proseslər, geosiyasi maraqların üst-üstə düşməsi və digər amillər əməkdaşlıq münasibətlərinin daha da yaxşılaşdırılmasına təkan verir. Azərbaycanı Gürcüstanla yaxınlaşdıran ən mühüm məqamlardan biri 500 minədək soydaşımızın bu ölkədə yaşamasıdır. Gürcüstan azərbaycanlılarının dil, mədəniyyət, təhsil və s. sahələrdə mövcud problemlərinin həllindən ötrü həm rəsmi, həm də ictimai vasitələrlə zəruri işlər həyata keçirilməkdədir.
Ayşən Qasımova,
YAP-ın gənc fəalı
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası