27 oktyabr 2022 11:59
322

Azərbaycan-Gürcüstan münasibətlərinin dərin tarixi kökləri var

Azərbaycanla Gürcüstan arasındakı münasibətlər SSRİ dönəmindən formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin noyabr ayının 18-də qurulmuşdur. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin inkişafına əlavə stimul verib. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar, ölkələrimiz arasında dərin tarixi ənənələrə söykənən əməkdaşlıq müsbət dinamika ilə inkişaf edir. Dövlətimizin başçısı iqtisadi və ticari əlaqələrimizin vəziyyətini əks etdirən bəzi göstəriciləri də sadaladı, perspektivləri vurğuladı. Bu ilin 9 ayında qarşılıqlı ticarət dövriyyəsi bir milyard dollara yaxınlaşıb. Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub. Bu sərmayə qarşılıqlı faydalı sərmayədir, çünki hər iki tərəfin maraqlarına cavab verir. Azərbaycan dünya bazarlarına qaz ixracatını artırmaq niyyətindədir. Bu il 22 milyard kubmetr ixracımız olacaq, gələn il daha da artacaq.

Bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Memorandumda göstərilir ki, növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracını iki dəfə artıracaq. 2021-ci ildə Gürcüstan Azərbaycanın səkkinci xarici ticarət tərəfdaşı olub. Həmin ildə iki ölkə arasında ticarət dövriyyəsi 763 milyon ABŞ dolları təşkil edib, ikitərəfli ticarətin saldosu 558 milyon dollar ilə Azərbaycanın xeyrinə olub. 2022-ci ilin yanvar-avqust aylarında ikitərəfli ticarət dövriyyəsinin həcmi 525 milyon dolları ötüb. Gürcüstanla Azərbaycan arasında yükdaşımaların həcmi bu il 75 faiz artıb. Prezident həmçinin Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin artırılacağını da diqqətə çatdırıb: "Biz bunu 5 milyon tona çatdırmaq fikrindəyik. Bu məqsədlə bu il və gələn il bu layihəyə Azərbaycan tərəfindən əlavə sərmayə qoyulacaq. Artıq bütün sərmayələr hazırdır və biz bu prosesə start vermişik. Çünki dünyada Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyac var". Dövlət başçısının vurğuladığı kimi, yeni nəqliyyat yolları həm geosiyasi vəziyyətlə bağlı, həm də bütövlükdə yol boyunca yerləşən bütün ölkələrin maraqlarına cavab verir. Ona görə Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin 5 milyon tona çatdırılması, eyni zamanda Gürcüstan limanlarından istifadə edərək Orta Asiyadan və bütövlükdə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə ötürülən yüklərin həcminin artırılması artıq yeni reallıq yaradır: Biz buna hazır olmalıyıq. Biz Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini 15 milyon tondan 25 milyon tona çatdırmaq istəyirik. Artıq bütün göstərişlər verildi və vəsait də ayrılacaq. Ona görə Gürcüstanla Azərbaycan arasında nəqliyyat sahəsində sıx koordinasiya aparılmalıdır. Çünki bizim birgə layihələrimiz eyni vaxtda tamamlanmalıdır. Tranzit ölkə olmaq üçün mütləq qonşularla yaxşı münasibətlərin olmalıdır. Çünki qonşularla bu münasibətlər olmadan heç bir ölkə etibarlı tranzit ölkəyə çevrilə bilməz. Bizim isə Gürcüstanla dostluq, qardaşlıq, tərəfdaşlıq münasibətlərimiz bu imkanları yaradır.Hazırda enerji resurslarına bütövlükdə dünyada və Avropada böyük tələbat olduğu üçün Gürcüstanla Azərbaycan da bu məsələdə bir nöqtəyə vuraraq öz milli maraqlarını təmin edəcək. Bu da onu göstərir ki, iki qardaş ölkə arasındakı əlaqələr bölgə üçün, Avropa üçün və dünya üçün çox əhəmiyyətlidir. Səfər çərçivəsində Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsi də müzakirə mövzusu oldu. İlham Əliyev vurğuladı ki, artıq Azərbaycan Qarabağ münaqişəsi başa çatandan sonra Ermənistanla sülh müqaviləsini imzalamağa hazır olduğunu bəyan edib. Çünki ölkəmiz regionda sülhün, təhlükəsizliyin təmin olunmasını istəyir: "Ümid edirəm ki, Ermənistan tərəfi də siyasi iradə göstərərək beynəlxalq birlik tərəfindən tanınan bu əsas təməl prinsiplər əsasında Azərbaycanla sülh müqaviləsini imzalayacaqdır. Əgər belə olarsa, Cənubi Qafqaza sülh gələcək və eyni zamanda əməkdaşlıq üçün imkanlar yaranacaqdır. Bu gün eyni zamanda söhbət əsnasında Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinə başlaması haqqında fikir mübadiləsi apardıq. Əgər Ermənistan tərəfi buna hazırdırsa, biz buna hazırıq".Gürcüstanla Azərbaycan münasibətləri bu baxımdan Ermənistan üçün örnək olmalıdır. Təkcə onu demək kifayətdir ki, Azərbaycanın iştirakı olmadan regionda heç bir strateji layihə reallaşdırılmır. Ermənistan bu layihələrə qoşulmaq istəyirsə, sülh sazişinə imza atmalıdır.

Aynur Həsənova,
YAP-ın gənc fəalı