27 oktyabr 2022 16:36
699

Uğurların təməlində dostluq və birgə fəaliyyət dayanır

Bu il oktyabr ayının 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Gürcüstana rəsmi səfər etmişdir. Səfər çərçivəsində bir sıra görüşlər və müzakirələr olmuşdur. Onlardan biri də, Mçxeta rayonundakı Muxrani sarayında (Château Mukhrani) “Qarabağ xanlığının irsi” sərgisi ilə tanışlıqdır.

Sərgidə Azərbaycan, rus, ingilis, fransız və ərəb dillərində nəşr edilmiş “Qarabağ xanlığı. Tarixi və mədəni kimlik” kitabı təqdim edilmişdir. “Qarabağ xanlığı. Tarixi və mədəni kimlik” kitabından seçilərək götürülmüş Qarabağ xanlığına aid edilən bayrağın məlum olan ilk təsvirini, Qarabağ xanları sülaləsində qorunmuş Şah İsmayılın qalxanı, qədim xalçaları, Sərdar məscidinin və onun fasadının dekorasiya plitələrini, həmçinin XIX əsr Şuşa şəhərinin görüntülərini, XIX əsrin sonu-XX əsrin əvvəllərində Sərdar xan sarayının fasadını və daxili görünüşünü, XIX əsrə aid at yəhərini, iki tar və üçsimli kamançanı əks etdirən fotolar, Mirzə Qədim İrəvaninin müəllifi olduğu Həsən Qulu xan Qacarın, Fətəli şah Qacarın portretləri maraqlı fotolar sırasındadır.

Çıxışı zamanı cənab Prezident İlham Əliyev Azərbaycan və Gürcüstan arasındakı dostluğa söykənən əməkdaşılıq əlaqələrinin müttəfiqlik səviyyəsinə qalxdığını yüksək qiymətləndirmişdir. Ölkə başçısı tarix boyü xalqlarımızın mehriban qonşuluq münasibətlərində yaşadığını xüsusi vurğulamışdır. İki dövlət arasındakı münasibətlər çox dərin ənənələr üzərində qurulmuşdur. Dövlətlərarası əlaqələr möhkəm təməl üzərində qurulmuşdur.

Müzakirələr zamanı ikitərəfli ticarət dövriyyəsinin bu ilin 9 ayında bir milyard dollara yaxınlaşaraq artırılması yüksək qiymətləndirilmişdir. Ölkə başçısı Azərbaycanın Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyması ilə əməkdaşlığın daha da gücləndirdiyini bildirmişdir.

Cənab Prezident İlham Əliyev ölkəmizin dünya bazarlarına qaz ixracatını artıraraq 2027-ci ildə Avropaya qaz ixracatının 20 milyard kubmetrə çatdırılacağını qeyd etdi. Gələn ildən Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə ixrac artırılacaqdır. Böyük ehtiyac və böyük potensialı olan, hazırda istismarda olmayan Bakı-Supsa neft kəmərindən də istifadə etmək istəyi bildirildi.

Ümumiyyətlə, bölgənin iqtisadi potensialını artırmaq üçün enerji resursları və nəqliyyat dəhlizlərindən ibarət çox gözəl imkanların mövcudluğu diqqətə çatdırıldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyd etdi ki, “bütün bu uğurların təməlində bizim dostluğumuz, xalqlarımızın dostluğu, liderlərin dostluğu və birgə fəaliyyət durur”.

Bahar Məmmədova,
Bakı şəhəri, Xətai rayon İlqar Mirzəyev adına 98 №li tam orta məktəbin Təlim Tərbiyə İşləri üzrə direktor müavini,
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilat sədri