Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Zəngilan Hava Limanının açılışı baş tutdu. İşğaldan azad olunmuş Zəngilanda ikinci beynəlxalq hava limanının açılması ölkəmizin iqtisadi gücü və siyasi iradəsinin qələbəsi və təntənəsidir. Bu hava limanı beynəlxalq standartlara cavab verən bir obyektdir. Qələbəmizdən keçən iki il ərzində iki beynəlxalq hava limanının istifadəyə verilməsi bu bölgənin iqtisadi və hərbi, turizm və logistika gücünün artırılması deməkdir. Bütün bunlar onu göstərir ki, bu torpaqlar bizimdir və onun inkişaf etdirilməsi də bizim işimizdir. Bu hava limanlarının mühüm hərbi-strateji əhəmiyyəti var, xüsusilə nəzərə alsaq ki, bunlar sərhəd rayonlarında yerləşir və Zəngəzur dəhlizinə də yaxın olması gələcəkdə Asiya və Avropa arasında tranzit yükdaşımaları üçün çox vacib bir nəqliyyat arteriyası olacaqdır. Eyni zamanda sərhəd rayonlarının iqtisadi və hərbi gücünün artırılması bütövlükdə bölgənin təhlükəsizliyi baxımından da vacibdir. Zəngilan Beynəlxalq Hava Limanının platforması eyni vaxtda 8 təyyarəyə xidmət göstərmək üçün nəzərdə tutulub. Hava limanındakı avtomatik sistemlər və idarəetmə qülləsi beynəlxalq mülki aviasiya və nəqliyyat standartlarına cavab verir. Müasir dünya tələblərinə cavab verən beynəlxalq aeroportun terminalı saatda 200 sərnişinə xidmət göstərmək imkanına malik olacaq. Terminal daxilində VIP-zal, kafe, tibb məntəqəsi və ofis otaqları mövcuddur.
Görülən işlərin sürəti buranın beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevriləcəyi günü yaxınlaşdırmaqdadır. Zəngilan Beynəlxalq Hava Limanı işğaldan azad olunan ərazilərdə Füzulidəki hava limanından sonra istifadəyə verilən beynəlxalq statuslu ikinci aeroportdur. Üçüncü hava limanı isə Laçın rayonunun ərazisində inşa olunur.Zəngilan Beynəlxalq Hava Limanının açılışı ölkəmizin, eləcə də bütün türk dünyasının həyatında olduqca əlamətdar hadisədir.
Vaxtilə Ulu Öndər Heydər Əliyevin bir millət, iki dövlət kimi xarakterizə etdiyi Azərbaycan-Türkiyə əbədi birliyi, bu gün yer üzündə tayı-bərabəri olmayan örnək götürüləsi nümunədir. İki qardaş ölkə hər zaman bir-birinə köməkdir, arxadır, dayaqdır. Bu sarsılmaz birliyin gücünə 44 günlük şanlı İkinci Qarabağ müharibəsində bütün dünya bir daha şahidlik etdi. Tarixi torpaqlarımızın işğalçılardan azad edilməsi üçün qalxdığımız Vətən savaşında qardaş ölkə Türkiyə haqq işimizi müdafiə edərək Qarabağın azadlığa qovuşdurulmasında Azərbaycana həm mənəvi, həm də siyasi dəstək oldu. Müharibənin ilk günündən Türkiyə bütün dünyaya “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” xəbərdarlıq mesajını verdi. Həmin dövrdə nə qədər beynəlxalq təzyiqlərlə qarşılaşsa da, qardaş ölkə bu mövqeyindən bir addım belə geri çəkilmədi, daim Azərbaycanın yanında, onun dayağı olduğunu nümayiş etdirdi. 2020-ci il dekabrın 10-da Vətən müharibəmizin qələbə ilə başa çatmasından cəmi bir ay sonra, Azadlıq meydanında keçirilən təntənəli Zəfər paradında qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak etdi. İki qardaş ölkə möhtəşəm qələbə qürurunu birlikdə yaşadı.
Eyni zamanda Türkiyə Azərbaycanın Böyük qayıdışla bağlı planlarının reallaşdırılmasında da dəstəyini əsirgəmir. Bu gün Qarabağda və Şərqi Zəngəzurda Azərbaycanın apardığı genişmiqyaslı bərpa-quruculuq işlərində Türkiyə şirkətləri fəal iştirak edirlər. Fizulidəki beynəlxalq hava limanının açılışında iştirak edən Prezidenti Rəcəb Tayyib Ərdoğan, Zəngilan beynəlxalq hava limanının açılışında da iştirak etdi.
Qarabağda ikinci böyük hava limanının inşa edilməsi vətən müharibəsində qazandığımız qələbənin uğurlu nəticələrindəndir. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Zəngilanda açılış mərasimində iştirak etməsi bu hadisənin nə qədər əhəmiyyətli və tarixi xarakter daşıdığını göstərir. Bu gün qardaş ölkə ilə bütün sahələrdə əlaqələr davamlı yüksələn xətt üzrə inkişaf edir, keyfiyyətcə yeni müstəviyə keçməkdədir. Vətən müharibəsi başlayan ilk saatlardan Türkiyə Prezidenti Azərbaycanla həmrəyliyini ifadə etdi.
Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Cəbrayıl şəhərində mətbuata bəyanatında bildirdi ki, bu gün Zəngilanda açılışını etdiyimiz Beynəlxalq Hava Limanı Azərbaycanın qəhrəmanlıq dastanından sonra indi də Qarabağın inkişaf dastanının yazılmasının bir göstəricisidir. Belə mühüm bir layihədə türk şirkətlərinin də yer alması bizim üçün də ayrıca bir iftixar mənbəyidir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, böyük tarixi əhəmiyyətə malik Müttəfiqlik Bəyannaməsi dostluğun, qardaşlığın sarsılmazlığının nümayişidir. Bu sənəd əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı özündə bütün məqamları ehtiva edir. Sənəddə göstərilən bütün müddəalar gələcək iş birliyimizin təminatçısıdır.
Arzu Əliyev,
YAP Pirallahı rayon təşkilatının fəalı
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası