Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Zəngilan Beynəlxalq Hava Limanının açılışı, iki ölkə rəhbərinin tədbirlərdə və açılış mərasimlərində birgə iştirakı, bəyanatlar, qardaş Azərbaycan və Türkiyə arasında münasibətlərin bundan sonra daha yüksək templə inkişaf edəcəyi barədə verilən vədlər onu deməyə əsas verir ki, 30 il ərzində Ermənistanın işğalı altında olan və 44 müharibədən sonra Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilən Şərqi Zəngəzur tezliklə sakinlərinə qovuşacaq. 30 illik yurd həsrətinə son qoyulacaq.
Oktyabrın 20-də Cəbrayıl şəhərində təkbətək görüş başa çatandan sonra Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış etdilər. Zəngilan Hava Limanının açılışını edən Prezident İlham Əliyev çıxışında bildirib ki, bir il bundan əvvəl Türkiyə Prezidenti ilə birlikdə Füzuli Hava Limanı istismara verildi, bu gün isə Zəngilan Hava Limanı açıldı. Bu, onu göstərir ki, biz bütün xoş günlərdə bərabərik. Bütün bunlar Qarabağ və Şərqi Zəngəzur üçün çox önəmlidir. Düz iki il bundan əvvəl erməni işğalına son qoyulub. Məhz belə bir gündə Türkiyə Prezidentinin Azərbaycanda, Zəngilanda və Cəbrayılda olması xüsusi məna daşıyır.
Bu tədbir, Prezidentin də dediyi kimi, ona görə önəmlidir ki, Cəbrayıl şəhərində keçirilən rəsmi tədbiri bütün dünya izləyir. Həm Azərbaycan, Həm Türkiyə, həm də xarici mətbuat bu hadisəni işıqlandırır, tirajlayır və beləliklə Qarabağ və Şərqi Zəngəzurda baş verənləri, erməni vandalizmini, Ermənistan silahlı birləşmələrinin vəhşiliklərini, barbar əməlləri dünya ictimaiyyətinin diqqətinə çatdırır. O da məlum olur ki, əslində, Cəbrayılda yaşamaq, fəaliyyət göstərmək üçün heç bir bina yoxdur, Ermənistan silahlı qüvvələri hər şeyi məhv edib, uçurub, dağıdıb. Ermənilər işğalı dövründə Azərbaycana və azərbaycanlılara məxsus bütün şəhərləri, kəndləri yerləbir ediblər. Cəbrayıl şəhərindən təkcə dağılmış binalar qalıb. Bütün bunaları yerlə-yeksan edən ermənilər bununla Azərbaycan xalqına qarşı nə qədər nifrətlərinin olduğunu göstəriblər. Ermənilərin məqsədi həm də ondan ibarət idi ki, azərbaycanlılar heç vaxt bu torpaqlara qayıtmasınlar, qayıtmağa yer olmasın. “Ancaq biz qayıtmışıq, qan tökərək qayıtmışıq, savaşaraq, döyüşərək qayıtmışıq və bu gün artıq həyat bu bölgəyə qayıdıb, Ağalı kəndinin timsalında biz bunu görürük”, deyə Prezident İlham Əliyev bəyanatında bildirib.
Prezident Rəcəb Tayyib Ərdoğanın səfəri, hər iki beynəlxalq statuslu hava limanının açılışında iştirakı onu deməyə əsas verir ki, Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının alternativi yoxdur, bu dostluq və qardaşlıq əbədiyyətə qədər davam edəcək. Keçən il Şuşada imzalanan “Şuşa Bəyannaməsi”ni yada salaq, Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldu. Bu müttəfiqlik bütün sahələri əhatə edir. Bu, həm də bölgəyə və dünyaya ciddi mesajdır. Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmlidir. İki ölkənin müttəfiqliyi regiona uzunmüddətli sülh və sabitlik vəd edir.
Səfər onu göstərir ki, burada məqsəd nəinki işğaldan azad olunmuş Qarabağda, həm də Qubadlı və Cəbrayıl rayonlarında hal-hazırda gələcək qayıdış üçün münbit şərait yaradılır. Bu infrastruktur layihələri həyata keçdikcə əhali daha rahat yaşayışla təmin olunacaq. Bu baxımdan keçmiş məcburi köçkünlərin öz dədə-baba yurdlarına qayıtması yolunda cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva çox böyük addım atdılar. Qubadlı və Cəbrayılda bu cür müəssisələrin açılması, işğaldan azad edilmiş torpaqların dirçəlməsi və bu torpaqların inkişafının göstəricisidir. Bu göstəricilər nəticəsində gələcəkdə Qarabağda həyat yenidən canlanacaq və biz bunların şahidi olacağıq.
Qarabağın və Şərqi Zəngəzurun böyük iqtisadi potensialının reallaşması, burada istehsal ediləcək məhsulların daxili bazara, o cümlədən xarici bazara ixrac edilməsi baxımından hava limanları mühüm əhəmiyyət kəsb edir. Füzuli və Zəngilan hava limanlarının uçuş-enmə zolağı Beynəlxalq Mülki Aviasiya Təşkilatının bütün tələblərinə uyğun müvafiq avadanlıqlarla təchiz olunub və bu, hava limanına istənilən tip təyyarələrin qəbul edilməsinə imkan verəcək. Zəngilan iqtisadi və turizm baxımından böyük potensiala malik rayondur. Burada istehsal olunan məhsullar ölkəmizdə istifadə olunmaqla yanaşı, birbaşa xarici ölkələrə çıxarıla biləcək. Zəngilan Hava Limanı yaxın gələcəkdə istifadəyə veriləcək Zəngəzur dəhlizinə inteqrasiya olunacaq.Hal-hazırda Laçında da nadir hava limanı inşa olunmaqdadır. Relyefin mürəkkəbliyinə və tələb olunan maliyyə vəsaitinin çoxluğuna baxmayaraq, Azərbaycan Füzuli və Zəngilan Beynəlxalq Hava Limanının inşasını reallaşdırmaqla həm ilk təcrübə yaradır, həm də təbii ki, bölgənin bərpasını sürətləndirir. Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi təbii ki, həm bu bölgədə yaşayan insanların rifahını təmin edəcək, həm də bölgənin turizm imkanlarını artıracaq. Nəticədə azad olunmuş ərazilərimiz iri nəqliyyat qovşağına çevriləcək. İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa prosesi böyük qayıdışın təmin olunmasına hesablanıb. Soydaşlarımız bərpa işlərindən sonra azad edilən ərazilərə qayıdaraq, öz dədə-baba yurdlarında təhlükəsiz şəraitdə yaşayacaqlar. Dövlət başçısı İlham Əliyevin də söylədiyi kimi, bütün keçmiş məcburi köçkünlər qayıdacaqlar. Azərbaycan dövləti onların qayıdışı üçün bütün tədbirləri görür.
Aliyə Orucova,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası