Qədim Azərbaycan torpağı olan Zəngilan rayonu 1993-cü il oktyabrın 20-də Ermənistan ordusu tərəfindən işğal edilmişdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 27 sentyabr 2020-ci il tarixində Ermənistanın hərbi təxribatların qarşısını almaq üçün əks-hücum əməliyyatına başladı. Vətən müharibəsinin ilk günündə ordumuz bir neçə kəndi azad etdi və uğurlu hərbi əməliyyatlarla hər gün düşməni məhv edərək irəlilədi. 2020-ci il oktyabrın 20-də Azərbaycan Silahlı Qüvvələri 27 il işğal altında qalan Zəngilan şəhərini düməndən azad etdi. Oktyabrın 25-də isə Qubadlı şəhəri işğaldan azad edildi və Azərbaycan Ordusunun bölmələri iki istiqamətdə, Laçın və Şuşaya doğru irəliləməyə başladı.
Mədəniyyət paytaxtımız, dünya azərbaycanlılarının qürur yeri olan Şuşa 2020-ci il noyabrın 8-də işğaldan azad edildi və bununla da Ermənistan təslim olduğunu bəyan etdi. Zəngilanın azad edilməsindən iki il sonra - 20 oktyabr 2022-ci ildə qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şərqi Zəngəzura tarixi səfəri çərçivəsində Zəngilan və Cəbrayılda olub, Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirak edib.
Vətən müharibəsinin ilk saatlarında cənab Ərdoğan Türkiyənin Azərbaycanın yanında olduğunu bütün dünyaya bəyan etdi. Azərbaycanın haqq savaşında Türkiyənin bizə verdiyi siyasi və mənəvi dəstək müharibənin son gününə qədər davam etdi. Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması işində də Azərbaycan-Türkiyə birliyi göz önündədir. Türkiyə şirkətləri quruculuq işlərində yaxından iştirak edir. Qardaş ölkənin şirkətləri avtomobil, dəmir yollarının və tunellərin tikintisində Azərbaycan şirkətləri ilə birgə fəaliyyət göstərirlər.
İşğal dövründə ermənilər şəhər və kəndlərimizi yerlə yeksan etmiş, binaların daşlarını belə söküb Ermənistana daşımışdılar. Ermənilərin bu çirkin məqsədləri azərbaycanlıların doğma yurd yerlərindən əbədi olaraq didərgin salınmasına hesablanmışdı. Azərbaycan dövləti işğaldan azad edilmiş bütün şəhər və kəndlərimizi yenidən quracaq. Bu işdə türk qardaşlarımız da bizimlə birlikdədir. Türkiyə Vətən müharibəsi zamanı bəzi dövlətlərin və qüvvələrin Azərbaycana qarşı təxribatının qarşısını aldı. Dünyada Türkiyə kimi qüdrətli bir dövlətin Azərbaycanla qardaş və dost olması ilə qürur duyuruq. Şuşada imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyəni rəsmən müttəfiq etdi. Azərbaycan-Türkiyə birliyi bölgədə sülh və əmin-amanlığın tərəqqisinə xidmət edir. Bu gün Türkiyə dünyada söz sahibi, eləcə də güc mərkəzidir. Yaşadığımız dövrdə bir çox ölkələrdə iqtisadi, siyasi böhran hökm sürür, insanların durumu ağır vəziyyətdədir. Türkiyə isə bütün sahələrdə uğurla inkişaf edir, bu dövlətin gücü və qüdrəti sürətlə artmaqdadır. Azərbaycan və Türkiyə dostluğu əbədi və sarsılmazdır. İki qardaş dövlətin bayraqları hər zaman bir yerdə dalğalanacaq.
Kamilə Əliyeva,
Milli Məclisin deputatı, professor
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası