27 oktyabr 2022 11:56
619

Çoxşaxəli, qarşılıqlı maraqlara hörmət əsasında qurulan münasibətlər

Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla inkişaf etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yüksək siyasi və diplomatik istedadı sayəsində son illər ərzində ölkəmizin dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlar ilə münasibətləri daha da inkişaf edib. Bunun nəticəsində Azərbaycan təkcə regionda deyil, eyni zamanda, beynəlxalq aləmdə də söz sahibinə çevrilib, dünyada cərəyan edən proseslərə təsir göstərmək imkanı qazanıb. Müstəqil dövlət kimi, Azərbaycanın dünya dövlətləri, təşkilatları ilə əməkdaşlığı və dostluq münasibətləri dövlətlər arasında qarşılıqlı anlaşmanın qurulmasına və davamlı olmasına təsirini göstərib. Çoxşaxəli, qarşılıqlı maraq əsasında qurulan münasibətlər sırasında Gürcüstanla olan əlaqələr xüsusilə fərqlənir. Azərbaycan və gürcü xalqları tarix boyu dostluq və sülh şəraitində yaşayıblar. Azərbaycanla Gürcüstan arasındakı münasibətlər SSRİ dönəmindən formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır. Ölkələrimizi mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir. Diplomatik münasibətlərin 30-cu ildönümündə qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Gürcüstan əlaqələri ötən illər ərzində dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb. 

Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. İki ölkə arasında strateji tərəfdaşlığın əsasını qoymuş 8 mart 1996-cı il tarixində imzalanmış “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə”, həmçinin 4 mart 2004-cü il tarixində imzalanmış “Azərbaycan Respublikası və Gürcüstan arasında Birgə Bəyannamə”nin konstruktiv əlaqələrin gələcək inkişafı üçün mühüm önəm daşıyır. Gürcüstanla Azərbaycanı hər şeydən əvvəl Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq, 1998-ci il sentyabrın 7–8-də keçirilmiş Tarixi Böyük İpək yolunun bərpası üzrə Beynəlxalq Konfrans, 1998-ci il oktyabrın 7-də Azərbaycanın Gürcüstanla sərhədində yeni körpünün açılışı ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib. Ötən dövrdə hər iki ölkənin həyatında tarixi əhəmiyyətə malik olan Bakı-Tbilisi-Ceyhan neft ixrac kəmərinin tikintisi sahəsində intensiv işlər aparıldı. Nəhayət, 2005-ci il mayın 24–25-də neft kəmərinin Azərbaycan, oktyabrın 12-də isə Gürcüstan hissəsinin istifadəyə verilməsi mərasimi keçirildi. Həmçinin 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində Baş Konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın Baş Konsulluğu açıldı.

Azərbaycan-Gürcüstan münasibətləri daim yüksək səviyyədə olub. Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabrın 24-də Gürcüstana işgüzar səfəri də buna əyani sübutdur.  Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti ilə həyata keçirilən bu səfər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf edir. Cənab Prezidentin Gürcüstana səfəri çərçivəsində keçirilən görüşlər verilən bəyanatlar iki ölkə arasında mövcud olan strateji tərəfdaşlığın nə qədər geniş olduğunun bariz nümunəsidir. Gürcüstanla əlaqələrimizin yüksələn xətlə inkişaf etməsi Cənubi Qafqazda sülh və təhlükəsizliyin qarantıdır. Qafqazın iki qədim dövləti arasında qarşılıqlı əlaqələrin bu günkü inkişafı, onların dünya düzənində geosiyasi mövqeyinə müsbət təsir göstərməkdədir.

Gürcüstan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmiş, İkinci Qarabağ müharibəsindən əvvəl öz ərazisindən Ermənistana daşınan silah-sursatın keçirilməsinə icazə verməmişdir. Bunların nəticəsi olaraq tarixi yaxınlıq və mehriban qonşuluq əlaqələrimiz bundan sonra da artan xətt üzrə inkişaf edəcəkdir.

Günay Dəmirova,
Bakı şəhəri, 116 nömrəli tam orta məktəb direktor müavini