Azərbaycan və Türkiyə qardaşlığının, dostluğunun tarixi əsasları var və bu tarixi miras bu gün yüksək səviyyədə davam etdirilir. İki qardaş ölkənin ədalətə, beynəlxalq hüquqa əsaslanan siyasətinin uğurları davamlıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Rəcəb Tayyib Ərdoğanın liderliyi sayəsində Türkiyə son illər böyük uğurlu yol keçib, dünya çapında güc mərkəzinə çevrilib. Türkiyə Prezidentinin ölkəmizə hər səfəri, səfər çərçivəsində səsləndirdiyi hər bir fikir xalqımız tərəfindən böyük rəğbət hissi ilə qarşılanır.
Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Zəngilan Hava Limanının açılışı baş tutdu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açılışda iştirak etməsi, eləcə də digər tədbirlərə qatılması, Şərqi Zəngəzurun bərpası istqamətində bir sıra layihələrin təməlini Azərbaycan Prezidenti İlham Əliyevlə birgə atması dövlətlərimizin qardaşlığının nümunəsinin növbəti təntənəsidir. Zəngilan Hava Limanı ən müasir standartlar səviyəsində inşa olunub. Zəngilan Beynəlxalq Hava Limanı Şərqi Zəngəzurun və Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdəndir. Həmçinin bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Görülən işlərin sürəti buranın beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevriləcəyi günü yaxınlaşdırmaqdadır. O da məlumdur ki, Zəngilan Beynəlxalq Hava Limanı işğaldan azad olunan ərazilərdə Füzulidəki hava limanından sonra istifadəyə verilən beynəlxalq statuslu ikinci aeroportdur. Açılış mərasimindən sonra hər iki dövlət başçısının Cəbrayıl şəhərində təkbətək görüşü oldu və mətbuata birgə bəyanatlarla çıxış etdilər. 44 günlük Vətən müharibəsindəki şanlı zəfərdən sonra Azərbaycan azad edilmiş ərazilərində intrastrukturun bərpası və qurulması istiqamətində genişmiqyaslı işləri uğurla davam edir. Sevindirici haldır ki, bu zəfərimiz, eyni zamanda Azərbaycan və Türkiyə qardaşlığının, həmrəyliyinin nəticəsi idi. Çünki işğal dövründə olduğu kimi, Vətən müharibəsi zamanı da Türkiyə dövləti və qardaş türk xalqı Azərbaycana dəstəyini əsirgəmədi. Türkiyənin göstərdiyi siyasi, diplomatik və mənəvi dəstək bizlərə əvəzsiz güc və qüvvət bəxş etdi. Hətta bu dəstək ölkəmizə qarşı çirkin kampaniyalarda maraqlı olan, dünya ictimaiyyətini çaşdırmağa, yanlış yönləndirməyə çalışanlara və müharibəyə əlavə ölkələri qoşaraq, işğalçı Ermənistana dəstək göstərməyə çalışanlara əsl cavab və iradə nümayişi idi. Vətən müharibəsində şanlı qələbə qazanılmasından az vaxt ötməsinə baxmayaraq, Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətində yüksək nəticələr əldə edib. Belə ki, son iki ilə yaxın müddətdə həmin ərazilərdə möhtəşəm layihələrin təməli atılıb və onların bir hissəsinin icrası artıq başa çatıb. Dövlətimiz işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışı ləyaqətli şəkildə təmin etməyi hədəfləyib. Bir qədər bundan əvvəl ilk sakinlərin işğaldan azad edilmiş ərazilərə köçürlməsinə start verildi. Zəngilan rayonunun Ağalı kəndində yaradılan “ağıllı kənd” işğaldan azad olunmuş ərazilərdə salınan ilk yaşayış məntəqəsidir. İşğaldan azad edilmiş tarixi torpaqlarımızın yenidən inşa edilməsi, qurulması prosesində də Türkiyə bizim yanımızdadır və bu əzmkarlığı hiss etmək hədəflərimizə ən qısa zamanda çatmağımız üçün çox böyük dəstəkdir. Bu gün azad edilmiş ərazilərimizdə yeni-yeni nəqliyyat qovşaqlarının tikintisi prosesi uğurla davam etdirilir. Xüsusilə vurğulamaq lazımdır ki, Prezidentimiz bu böyük layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Bu ərazilərdə aparılan tikinti-quruculuq işlərində qardaş Türkiyə dövlətinin də dəstəyi vardır. Bu gün biz yenə də bərpa edilən Qarabağda Zəngəzurda Türkiyə - Azərbaycan birliyini görürük. Təkcə hava limanları deyil, müxtəlif avtomobil və dəmir yollarının, körpü və tunellərin və s. inşası burada görülən və gələcəkdə nəzərdə tutulan işlərin miqyasından xəbər verir. Xüsusi vurğulamaq lazımdır ki, bu inşa işlərinin həyata keçirilməsində Türkiyə şirkətləri bizimlə bərabər çalışır. Görülən işlər onu deməyə əsas verir ki, Qarabağı və Şərqi Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlər görüləcək və Azərbaycan bu məsələdə də öz siyasi iradəsini ortaya qoyub. Xüsusilə qeyd etmək lazımdır ki, Şuşa şəhərində Şuşa Bəyannaməsinin imzalanması ilə Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldu. Bu gün Türkiyə-Azərbaycan birliyi Cənubi Qafqaz regionunda çox önəmli bir amilə çevrilib.
Azərbaycan və Türkiyənin rəsmən müttəfiq olması bölgəyə və dünyaya ciddi mesajdır. Müxtəlif sahələri əhatə edən müttəfiqlik münasibətləri ölkələrimizin inkişafına önəmli töhfə olmaqla yanaşı, eyni zamanda bölgəmizdə sülhün təmin olunması prosesinə təsir edir. Çünki Azərbaycan və Türkiyə regionda ölkələrin və xalqların qarşılıqlı anlaşma və hörmət çərçivəsində əməkdaşlıq etməsində maraqlıdır. Bu istiqamətdə irəli sürülən təşəbbüslər və atılan addımlar hər iki ölkənin mövqeyini açıq ifadə edir.
Ayaz Cəbrayılov,
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası