27 oktyabr 2022 12:00
586

Tarixi dostluq  Azərbaycan-Gürcüstan əlaqələrinin əsasını təşkil edir

Azərbaycan-Gürcüstan münasibətləri tarixi ənənələrə söykənir və  bu  münasibətlər çox dərin ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Prezident cənab İlham Əliyevin 24 oktyabr tarixli səfəri Azərbaycan-Gürcüstan arasındakı mövcud olan dostluq və qardaşlıq münasibətlərinə yeni təkan verəcəkdir.

Gürcüstana işgüzar səfəri zamanı mətbuata verdiyi bəyanatında ölkə başçımız iki ölkə arasındakı münasibətlərdən bəhs edərkən Azərbaycan-Gürcüstan münasibətlərinin müsbət dinamika ilə inkişaf etdiyini bildirdi. Ölkələrimizin bir çox sahələr üzrə fəal əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycan və Gürcüstan arasındakı  strateji tərəfdaşlıq əlaqələri bu gün müttəfiqlik səviyyəsinə yüksəlib.

Azərbaycan-Gürcüstan əməkdaşlığı regional əhəmiyyətə malikdir. Belə ki, bir çox icra olunan birgə layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır.

Prezident cənab İlham Əliyev Gürcüstana işgüzar səfəri zamanı mətbuata verdiyi bəyanatında Azərbaycan-Ermənistan münasibətlərinə diqqət çəkərək Qarabağ münaqişəsinin başa çatdığını və iki ölkə arasında sülh müqaviləsinin imzalanmaq vaxtının gəlib çatdığını bildirdi. Bunun üçün Azərbaycan artıq  beş əsas prinsipdən ibarət təkliflərini Ermənistan tərəfinə təqdim edib. Əgər prinsiplər qəbul olunsa, Cənubi Qafqaza sülh gələcək və eyni zamanda, əməkdaşlıq üçün imkanlar yaranacaq. Hətta Prezident cənab İlham Əliyev bəyan etdi ki, əgər Ermənistan tərəfi Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinə başlamağa hazır olarsa, Azərbaycan buna hazırdır.

Azərbaycanla Gürcüstan regionda çox sıx əlaqələri olan qonşu ölkələrdir. Bunu birgə icra edilən layihələr, eyni zamanda, ticarət dövriyyəsi də təsdiq edir. Son 9 ayın ticarət dövriyyəsinin bir milyard dollara yaxınlaşması ölkələrimiz arasında olan ticari əlaəqlərin səviyyəsindən xəbər verir. Ölkəmiz həmçinin Gürcüstana 3 milyard dollardan çox sərmayə yatırıb ki, bu sərmayə qarşılıqlı faydalı sərmayədir və hər iki tərəfin maraqlarına cavab verir. Bu məsələdə ölkəmizin maraqları ondan ibarətdir ki, öz enerji məhsullarını Gürcüstan vasitəsilə dünya bazarlarına ixrac etsin.  Bu il və gələn il Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə ixracın artırlması nəzərdə tutulur ki, bundan hər iki ölkə faydalanacaqdır. Bir halda ki, Azərbaycan öz qaz ixracını yaxın illər ərzində artırmağı hədəfləyir. Eyni zamanda, həyata keçiriləcək yeni layihələrdən biri də  elektrik enerjisi ilə bağlıdır. Ölkəmiz çalışır ki, öz elektrik enerjisini dünya bazarlarına ixrac etsin. Elektrik enerjisi məsələsində də Azərbaycanın ixrac istiqaməti Gürcüstandan keçir. Azad edilmiş torpaqlarda eləcə də,  Xəzər dənizində olan bərpaolunan enerji potensialından istifadə etməklə ölkəmiz elektrik enerjisi ixrac edən ölkəyə çevrilmək iqtidarındadır. Gürcüstanla Azərbaycan digər sahələrdə olduğu kimi, bu sahədə də fəal əməkdaşlıq edəcəkdir.

Bundan əlavə ölkələrimizin nəqliyyat-tranzit imkanlarından da birgə istifadə imkanları mövcuddur. Ölkəmiz Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətini 5 milyon tona çatdırmaq niyyətindədir. Xüsusilə, dünyada Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyacın yarandığı bir dövrdə nəqliyyat imkanlarının genişləndirilməsi ölkələrimiz üçün prioritet məsələdir. Belə olan halda isə qonşu ölkələrlə yaxşı münasibətlərin olması mütləqdir. Azərbaycanla Gürcüstan arasında isə bu münasibətlər çox yüksək səviyyədədir.

Əlişah Rəcəbov,

YAP Ağdaş rayon təşkilatının sədri